Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsinin son gərginləşməsi zamanı aparılan hərbi əməliyyatlarda həlak olmuş döyüşçülərin cəsədlərinin təhvilinə dəstək ifadə edib.
BQXK-nin məlumatında deyilir ki, oktyabrın 29-da həyata keçirilmiş əməliyyat tərəflərin razılığı əsasında baş tutub. Təhvilvermə Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində həyata keçirilib. BQXK bu humanitar əməliyyatda neytral vasitəçi qismində çıxış edib.
Bundan əlavə, münaqişə ilə əlaqədar saxlanılmış iki mülki şəxsin təhvili barəsində də razılıq əldə edilib. BQXK-nın köməkliyi ilə bir yaşlı qadın Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana təhvil verilib. Yaşlı kişinin isə sağlamlıq durumu hələ ki, səyahət etməsinə imkan vermir.
“BQXK özünün neytral vasitəçi qismində olan çoxillik təcrübəsində hətta ən dəhşətli münaqişələrdə belə tərəflərin ümumi humanitar məqsədlər, yəni istər hərbi əsirlərin təhvili, yaxud geri qaytarılması, yaralıların təxliyəsi, cəbhə xətti boyunca həyata keçirilən humanitar fəaliyyətlər, istərsə də cəsədlərin təhvili naminə ortaq məxrəcə gələ bildiklərinin şahidi olub,” BQXK-nin Avrasiya regionu üzrə direktoru Martin Şüepp bildirib.
"Həyat yoldaşını, atasını və ya oğlunu itirmiş ailələrin həyatlarına davam edə bilməsi üçün həlak olmuş şəxslərin dəfni zəruridir,” o əlavə edib.
BQXK-i bildirir ki, cəsədlərin təhvili prosesi Minsk Qrupunun həmsədrləri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə koordinasiya şəraitində həyata keçirilib. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən münaqişə tərəfləri həlak olmuş şəxslərin cəsədlərini, onların mənsub olduğu tərəfin, yaxud yaxın qohumlarının müraciəti əsasında geri qaytarmaq üçün şərait yaratmağa çalışmalıdır.
BQXK-nın qeyd olunmuş prosesdə iştirakı logistika məsələləri ilə bağlı yardım göstərmək, eləcə də əməliyyatın təhlükəsiz şəraitdə və humanitar prinsiplərə müvafiq həyata keçirilməsində tərəflərə dəstək göstərməkdən ibarət idi.
“Bu cür əməliyyatlar aidiyyəti ailələr üçün olduqca əhəmiyyətlidir. Öz əzizlərinin cəsədlərini ala bilməyən ailələr həm itkinin, həm də qeyri-müəyyənliyin səbəb olduğu ağrı ilə yaşamaq məcburiyyətində qalır. Əzizlərinin olduğu yer və onların taleyindən bixəbər olmaq əsl əzab-əziyyətdir,” Şüepp bildirib.
“Ümid edirik ki, ailələr aparılmış əməliyyat nəticəsində müəyyən sonluq əldə biləcək. Onlar əzizlərini öz adət-ənənələrinə uyğun dəfn edərək onlarla vidalaşa biləcək. Tərəflər bu növ əməliyyatların həyata keçirilməsi barədə qərar verdikdə BQXK bu əməliyyatlarda yenə də iştirak etmək hazırlığını bildirir,” o, qeyd edib.
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən regionda fəaliyyət göstərməyə başlayan BQXK hakimiyyət orqanlarına bu növ əməliyyatların həyata keçirilməsində dəfələrlə köməklik göstərib. BQXK ehtiyac olarsa, oxşar əməliyyatlara dəstək göstərəcək və itkin düşmüş şəxslərin məsələləri ilə əlaqəli istənilən təşəbbüsləri təşviq etməyə davam edəcək.
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.
Minsk Qrupunun həmsədr dövlətləri ABŞ, Rusiya, Fransa dövlət başçıları dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.
2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.
Bu il oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin "Valday" beynəlxalq diskussiya klubunda suallara cavabda bildirib ki, əldə etdiyi məlumatlara görə sentyabrın 27-də başlayan hərbi əməliyyatlar nəticəsində hər bir tərəf 2000-dən çox insan itirib.
"Ümumilikdə ölənlərin sayı 5000-ə yaxındır," Putun qeyd edib.
Ermənistan oktyabrın 28-də daha 59 hərbiçisinin öldürüldüyünü və ümumilikdə 1068 hərbçisini itirdiyini bildirib. Lakin məlumat müstəqil təhlilçilər tərəfindən təsdiq olunmayıb.
Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir. Ancaq sosial şəbəkələrdə Azərbaycan tərəfinin də hərbi itkiləri barədə məlumatlar yayılır.
Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, Dağlıq Qarabaq münaqişəsi başlayandan sonra ümüumi itkilər 30,000 insan olub. 4,500 insan isə itkin sayılır.