Accessibility links

BP şirkəti neft-qaz kəmərlərinin hədəf alınmasından narahatdır


BP
BP

Azərbaycanın Yevlax rayonunda Bakı-Tbilisi-Ceyhan boru kəmərinə qarşı raket hücumu cəhdi barədə Azərbaycan rəsmilərinin verdiyi açıqlamanın ardınca "BP-Azərbaycan" şirkəti bildirib ki, Azərbaycan ərazisində mülki yaşayış yerlərini və infrastrukturu hədəfə almaqla hərbi əməliyyatların genişləndirilməsindən narahatdır.

"Xüsusilə də dünən, oktyabrın 6-da Azərbaycan hava qüvvələri tərəfindən qarşısı alınmış və Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac və Cənubi Qafqaz Qaz Boru kəmərləri yaxınlığında məhv edilmiş raket hücumu haqqında xəbərlərdən çox narahat olmuşuq. Azərbaycanda əməliyyatçısı olduğumuz bütün obyektlərin təhlükəsizliyini Azərbaycan hökuməti təmin edir, amma bununla belə, öz işçilərimizin, əməliyyatlarımızın və əməliyyatçısı olduğumuz obyektlərin təhlükəsizliyini təmin etmək yönümündə müvafiq orqanlarla yaxından işləyirik," BP bildirib.

"Bir daha biz Azərbaycanda mülki yaşayış yerlərinə və infrastruktura hücumlardan çox narahat olduğumuzu bildiririk və çox ümid edirik, bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq miqyasda tanınmış suveren əraziləri çərçivəsində öz ədalətli həllini tapacaq."

Azərbaycan Baş Prokurorluğu bildirir ki, oktyabrın 6-da axşamdan keçmiş Qarabağ döyüş zonasından 50 kilometr aralıda yerləşən Yevlax rayonunun Aran qəsəbəsi Ermənistan ərazisindən raket atəşinə tutulub.

“Böyük dağıdıcı qüvvəyə malik, içərisində 300 ədəd 9N235 bombacıqları olan qəlpəli “Smerç” 9M525 reaktiv yaylım atəşli raket Azərbaycan Silahlı Qüvvələri tərəfindən havada zərərsizləşdirilib. Nəticədə raketin içərisində olan bombacıqlardan bir hissəsi Yevlax rayonu Aran qəsəbəsindən keçən diametri 42 düym olan Cənub Qafqaz Genişlənmiş Boru kəmərinin boru xəttinin üzərinə, bir hissəsi həmin ərazidən keçməklə xam nefti Qara dəniz sahilinə nəql edən Qərb İxrac Boru kəmərindən 120 metr məsəfəyə, digər hissələri isə həmin qəsəbədən keçən Bakı-Tibilisi-Ceyhan Neft kəmərindən 100 metr məsafəyə səpələnib.”

Hazırda ixrac kəməri əvvəlki kimi fəaliyyətini davam etdirir, amma hadisə ilə bağlı cinayət işi başlanılıb.

Ermənistanın Müdafiə və xarici İşlər nazirlikləri neft-qaz kəmərlərinin Ermənistan tərəfdən hədəfə alınmadığını bildirib.

"Bu Azərbaycanın növbəti yalanıdır," Ermənistan Xarici İşlər Nazirliynin mətbuat katibi Anna Nağdalyan bildirib.

BP ilk dəfə 1992-ci ilin iyun ayında Azərbaycana gələrək Bakıda öz ilk ofisini açıb. 1995-ci ildən başlayaraq BP şirkəti Azərbaycandakı neft-qaz layihələrinə 72 milyard dollar əsaslı xərc qoyub.

BP-Azərbaycan şirkəri Azəri-Çıraq-Günəşli, Şahdəniz yataqlarından neft və qazın hasilatında, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri vasitəsi ilə qərb bazarlarına daşınmasında Azərbaycanın əsas tərəfdaşlarındandır.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi və mülki itkilərin olduğu barədə məlumatlar verilir. ATƏT Minsk Qrupu həmsədr ölkələri tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb.

XS
SM
MD
LG