BMT Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca genişmiqyaslı hərbi əməliyyatlarla bağlı xəbərlərlə əlaqədar narahatlıqlarını ifadə edib. Şura üzvləri güc tətbiq edilməsini kəskin şəkildə qınayıb, insan tələfatı və mülki əhali arasında itkilərə görə təəssüflərini bildirib.
“Biz Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində mülki əhali və hərbçilər arasında itkilərin olduğu genişmiqyaslı hərbi əməliyyatlara görə olduqca narahatıq. Biz güc tətbiq edilməsini qəti şəkildə qınayırıq və insan itkisinə görə kədərlənirik. Ölən və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk” - deyə, Estoniyanın nümayəndəsi, səfir Sven Yurgensonun açıqladığı bəyanatda bildirilir.
Təhlükəsizlik Şurasının üzvləri BMT baş katibinin döyüşləri dərhal dayandırmaq, gərginlikləri azaltmaq və təxirə salınmadan konstruktiv danışıqlara qayıtmaq çağırışına qoşulduqlarını bəyan ediblər. “Hazırkı vəziyyət dinc yolla həll edilməlidir”, səfir Yurgensonun açıqladığı bəyanatında bildirilir.
Sənəddə baş katibin qlobal atəşkəsə dair çağırışının Birləşmiş Millətlər Təşkilatının 180 üzv dövləti tərəfindən təsdiqləndiyi deyilir.
“Baş katib bu çağırışı bu yaxınlarda Baş Assambleyada müzakirələrin açılış çıxışında təkrarlayıb və şura bunun dəstəklənməsi kimi xüsusi bir məsuliyyət daşıyır”, bəyanatda bildirilir.
Təhlükəsizlik Şurasının üzvləri ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması səylərinə dəstək bildirib və tərəfləri ilkin şərtlər olmadan təcili dialoqa başlamaq üçün qrupla yaxından işləməyə çağırıb.
“Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyirik və tərəfləri vəziyyəti gərginliyin azaldılması üçün addımlar atmağa və həll yolu tapmaq üçün danışıqları bərpa etməyə çağırırıq. Biz tərəfləri sabitliyi pozan ritorika və yerlərdə gərginliyi daha da artıran hərəkətlərdən çəkinməyə çağırırıq”, Estoniya nümayəndəsinin açıqladığı bəyanatda bildirilir.
Sənəddə həmçinin münaqişədə xarici tərəflərin dolayı yolla iştirakının qəbuledilməz olduğu və bölgədə gərginliyi daha da artırdığı vurğulanır.
“Dağlıq Qarabağ Cənubi Qafqazda və Şərqi Avropa ərazilərində dondurulmuş münaqişə adlandırılan bir çox problemdən biridir. Dondurulmuş münaqişələr Avropanın bir çox regionları və ölkələrini girov saxlayır. Bunun nəticəsində milyonlarla insan iqtisadi və başqa çətinliklərlə qarşılaşır. Beynəlxalq ictimaiyyətin vəzifəsi həll yolları gətirən konstruktiv danışıqları dəstəkləmək və təşviq etməkdən ibarətdir”, bəyanatda bildirilir.
“Biz Dağlıq Qarabağ münaqişəsi zonasında hadisələri yaxından izləməyə davam edirik və hərbi əməliyyatlar davam etsə və yerlərdə vəziyyət bunu tələb etsə, Təhlükəsizlik Şurasının bu məsələ ilə məşğul olmağa davam etməsində israrlıyıq”, Estoniya səfirinin açıqladığı bəyanatında qeyd edilir.