Accessibility links

BMT Şimali Koreyanın nüvə obyektinin bağlanmasını monitorinq edə bilər


Cənubi Koreya prezidenti BMT-nin Şimali Koreyanın Punccyeri nüvə sınağı obyektini bağlamasını monitorinq etməyə kömək etməsini istəyib.

Şimali Koreya lideri Kim Conq Un may ayının sonunadək sınaq obyektini bağlayacağını vəd edib.

Cənubi Koreya rəsmiləri deyib ki, Kim Seul və ABŞ-dan mütəxəssislər və müxbirləri obyektin bağlanmasını müşahidə etmək üçün dəvət etməyi planlaşdırır.

Munun sözçüsü Kim Eui-Kyeom çərşənbə axşamı müxbirlərə bildirib ki, prezident Mun BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışıqlarında BMT-nin obyektin bağlanmasının monitorinq edilməsinə yardım edəcəyinə ümidini ifadə edib və Quterreş buna pozitiv cavab verib.

“Quterreş deyib ki, bunu BMT Təhlükəsizlik Şurası təsdiqləməlidir. Amma o, Koreya yarımadasında sülhə nail olunmasına kömək etmək istədiyini əlavə edib. Quterreş həmçinin silahlara nəzarətə cavabdeh olan BMT rəsmilərinin Cənubi Koreya ilə əməkdaşlıq etməsi haqda göstəriş verəcəyini deyib”, Kim Eui-Kyeom bildirib.

Obyektin bağlanması Munla Kim arasında keçirilən zirvə görüşündən və Kimlə ABŞ prezidenti arasında planlaşdırılan danışıqlardan əvvəl göstərilən diplomatik səylərin bir hissəsidir.

Tramp bazar ertəsi müxbirlərə deyib ki, Şimali Koreya lideri ilə demilitarizasiya zonasında görüşmək maraqlı olacaq. Bundan bir neçə saat əvvəl isə Tramp Twitterdə Kimlə iki ölkə arasında sərhəddə yerləşən “Sülh Evi” və ya “Azadlıq Evi” adlanan yerdə görüşmək istədiyini yazıb.

Prezident milli təhlükəsizlik məsələləri üzrə yeni müşaviri Con Boltona ABŞ-ın heç zaman Şimali Koreyanın nüvə silahlarına son qoyması və dünyada sülh və təhlükəsizliyə nail olunmasına bu qədər yaxın olmadığını dediyini bildirib.

XS
SM
MD
LG