BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla video vasitəsilə ayrı-ayrılıqda keçirdiyi söhbət zamanı Dağlıq Qarabağda təmas xətti boyu davam edən hərbi əməliyyatlarla bağlı dərin narahatlığını ifadə edib.
Bu barədə baş katibin sözçüsü Stefan Ducarriçin açıqladığı bəyanatda bildirilir.
“O, hər iki lideri regionda qeyri-sabitliyin qarşısını almaq məqsədilə atəşkəsin yaradılması və danışıqların bərpası üçün təcili addımlar atmağa çağırıb”, bəyanatda deyilir.
Stefan Ducarriçin mətbuat üçün verdiyi açıqlamada bildirilir ki, Quterreş ayrı-ayrılıqda keçirdiyi telefon söhbətləri zamanı döyüşlərin dərhal dayandırılması və ilkin şərtlər qoyulmadan Minsk Qrupunun vasitəçiliyi ilə tez zamanda konstruktiv danışıqlara başlanılmasının vacibliyinin ifadə edildiyi eyni mesajı çatdırıb.
“O həmçinin ATƏT-in mühüm roluna dəstəyini və ATƏT müşahidəçilərinin dərhal regiona yerləşdirilməsinin zəruriliyinə dəstəyini bir daha təkrar edib”, Stefan Ducarriç bildirib.
BMT baş katibi Antonio Quterreşin mətbuat katibinin bazar günü sentyabrın 27-də açıqladığı bəyanatda onun şiddətli döyüşləri qınadığı və "mülki əhali də daxil olmaqla, insan itkilərinə görə təəssüf hissi keçirdiyi" bildirilib.
Baş katib tərəfləri “döyüşləri dərhal dayandırmağa, gərginliyi azaltmağa və danışıqlara qayıtmağa” çağırıb.