Bu gün dünyada Beynəlxalq Sülh günü qeyd edilir. BMT-nin baş katibi Ban Gi Munun dünya ictimaiyyətinə müraciətində deyilir ki, hər il Beynəlxalq Sülh Günündə bütün dünyada insanlar zorakılıq, eləcə də xalqlar və millətlər arasında harmoniyanın əldə olunması üçün mübarizə aparır. “Sülh bizim missiyamızdır; gündəlik axtarışlarımızın mövzusudur”.
Onun fikrincə, bu ilki mövzu diqqəti çox aktual sülh və demokratiya məsələsinə cəlb edir. “Demokratiya Birləşmiş Millətlər Təşkilatının ən əsas dəyəridir. Demokratiya insan hüquqları üçün çox vacibdir. Demokratiya fərqlilikləri aradan qaldırmaq üçün imkanlar yaradır. Cəmiyyətdən təcrid olunmuş insanlara ümid, millətə güc verir”.
Eyni zamanda baş katib hesab edir ki, demokratiya asanlıqla əldə edilmir. “O inkişaf etdirilməli və qorunmalıdır. Dünyanın sizin mövqeyinizə ehtiyacı var. Sosial ədalət və mətbuat azadlığı üçün...
Təmiz ətraf mühit və qadınların səlahiyyətlərinin artırılması üçün...
Qanunun aliliyi və insanlara öz gələcəklərinə dair məsələlərin həllində söz demək hüququ vermək üçün..”
Sənəddə deyilir ki, bu il gənclər azadlıq uğrunda mübarizənin ön xəttində olub. “Mən daha yaxşı gələcək qurmaq yolunda göstərdikləri cəsarət və qətiyyətlərinə görə həm fəal, həm də sıravi vətəndaşların qarşısında təzim edirəm. Biz, Birləşmiş Millətlər Təşkilatı olaraq, hər kəs üçün ləyaqət, təhlükəsizlik və imkanlar kimi ortaq arzularımızın reallaşması üçün çalışacağıq. Sülh axtarışında olanlar, bu gün sizin gününüzdür! Biz sizinləyik”, - deyə baş katib qeyd edib.
Xatırladaq ki, Azərbaycan 1988-ci ildən Ermənistanla müharibə vəziyyətindədir. Rəsmi məlumatlara görə, münaqişə nəticəsində Azərbaycanın 30 min vətəndaşı qətlə yetirilib, 50 mindən çox insan yaralanıb. Ölkənin 20 faiz ərazisi işğal edilib, bir milyonadək insan doğma yurdundan didərgin düşüb. Bu proses başlanan anlarda, 1989-cu ildə indiki Ermənistan ərazisində yaşayan 260 000-dən çox azərbaycanlı tarixi torpaqlarından deportasiyaya məruz qalıb.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, 1335 nəfər, o cümlədən 129 uşaq, 312 qadın, 246 qoca erməni əsir və girovluğundan azad edilib. Bununla yanaşı, hələ də 4868 nəfər, o cümlədən 55 uşaq, 326 qadın, 410 qoca itkindir.
BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edilib. BMT-nin mandatına uyğun olaraq münaqişənin dinc yolla həllində vasitəçilik etmək üçün 1992-ci ildən ATƏT-in Minsk qrupu fəaliyyətdədir. Lakin indiyədək, Azərbaycanın işğal altında olan əraziləri boşaldılmayıb və tərəflər arasında sülh əldə edilməyib.