Accessibility links

Bloq: Stalinin ideologiyası


“Stalin necə Stalin oldu? Daha dəqiq desək, İosif Vissarionoviç Cuqaşvili – təhkimçi nəvəsi, paltaryuyan qadınla bisavad pinəçinin oğlu – necə dünya tarixinin ən qəddar liderlərindən biri kimi tarixə düşən Generalissimus Stalin oldu? Necə oldu ki, Gürcüstanın ucqar dağ kəndində doğulmuş bir oğlan uşağı Avropanın yarısına nəzarəti ələ aldı? Keşiş olmaq üçün seminariyada oxuyan mömin bir kəs necə radikal ateistə və marksist ideoloqa çevrildi?”

“Atlantic” məcmuəsində sovet diktatorunun intellektual anatomiyasını təhlil edən Anne Applebaum üçün bu suallara tapılacaq cavablar mühümdür. Belə ki, 20-ci əsrin ən önəmli fiqurlarından olan şəxsin kimliyi tarixçilər, psixoloqlar, və hətta filosoflar arasında geniş debat mövzusu olub. Kimisi Stalin şəxsiyyətinin araşdırılmasında Ziqmund Freyd yanaşmasına (uşaqlıq təcrübəsinin sonrakı illərə təsiri), kimisi sırf makiavellizmə (16-ci əsr florensiyalı filosof Nikkolo Makiavelli “Şahzadə” əsərində siyasi hakimiyyətin avtoritar praktikasını nəzəriyyələndirmişdi), kimisə isə diktatorun öz siyasi əleyhdarlarına (Leon Trotski) istinad edərək müxtəlif fərziyyələr irəli sürüb.

Rusiyada çar devriləndə, 40 yaşlı Kobanın nə pulu, nə daimi yaşayış yeri, nə də ki, bir peşəsi var idi. Bir neçə qadağan olunmuş qəzetdə məqalələr yazmaqla baş girlədən İosif Cuqaşvili nəinki dövlət idarəçiliyindən, hətta elementar menecment təcrübəsindən bixəbər idi.

Applebaumun fikrincə 1990-cı illərdən sonra sovet arxivlərinin açılması bu mövzuya yeni baxış imkanları verib. Şərhçinin sözlərinə görə, tapıntılar “göstərir ki, Stalin sovet diktaturasını sadəcə kələk işlətməklə qurmayıb. Nə də o bunu tək edib. Stalinə bu işdə kifayət qədər əqidəyə sadiq yaxın çevrəsi, habelə minlərlə fanatizm həddində fəaliyyət göstərən gizli polis qüvvələri olub. Bu sırada tarixçi Stefen Kotkinin Stalinin erkən illəri haqda (1878-1928) min səhifəlik bioqrafiyası yüzlərlə tədqiqatçının əməyini bir araya gətirərək sintez edir.

Kotkin Stalini öz dövrünün başqa xadimləri və onların keçirdikləri uşaqlıqla müqayisə edərək Freyd nəzəriyyəçilərinin irəli sürdükləri hekayə xətti ilə razılaşmadığını aydın edir. Məsələn, yetimxanada böyümüş Sergey Kirovun atası alkoqolik idi, anası isə erkən yaşda vərəm xəstəliyindən ölmüşdü. Qriqori Orcenikidze 10 yaşında olarkən artıq hər iki valideynini itirmişdi. Belələri ilə müqayisədə Stalinin arxasında onun üçün bütün nəslin resurslarını səfərbər etməyə hazır olan ana dayanırdı.

İstedadlı şagird olaraq İosif Cuqaşvili 16 yaşında Qafqazın ən prestijli məktəbi sayılan Qori seminariyasına vəsiqə qazanmışdı. Sonradan Bakıya üz tutan və “Koba” ləğəbi ilən tanınan İosif burada kriminal fəaliyyətlə solçu agitasiyanı qarışdıraraq xarizma nümayiş etdirməyə başladı. Lakin Kobanın tez-tez həbsə düşməsi onun həyatını artıq 40 yaşına çatmamış dalana dirətmişdi. Rusiyada çar devriləndə, Kobanın “nə pulu, nə daimi yaşayış yeri, nə də ki, bir peşəsi var idi.” Bir neçə qadağan olunmuş qəzetdə məqalələr yazmaqla baş girlədən İosif Cuqaşvili nəinki dövlət idarəçiliyindən, hətta elementar menecment təcrübəsindən bixəbər idi.

İosif Cuqaşvilinin Bakıda kriminal fəaliyyət zəminində həbsi zamanı çəkilmiş fotosu
İosif Cuqaşvilinin Bakıda kriminal fəaliyyət zəminində həbsi zamanı çəkilmiş fotosu

Vladimir Leninin rəhbərliyi altında bolşeviklərin 1917-ci ilin oktyabrında törətdikləri çevriliş hər şeyi bir göz qırpımında dəyişdi. Leninin hakimiyyətə yüksək riskli sıçrayışı Koba və onun yaxın ətrafının mürəkkəb və utopik ideologiyasına legitimlik qazandırdı. Ən başlıcası isə iqtidar onlara şəxsi stabillik, şöhrət və hakimiyyət kimi ağlasığmaz nemətlər dadızdırdı. Koba Stalinə çevrildi.

Bolşevik ideologiyasına sadəcə hakimiyyətə gəlmək, yaxud onu əldə saxlamaq üçün bir vasitə kimi baxmaq şirnikləndiricidir. Lakin onu da dərk etmək lazımdır ki, İosif Cuqaşvili kimi cəmiyyətin dibinə yuvarlanmış adamların gözündə bu ideologiyanın hakimiyyət uğrunda möhtəşəm qələbəsi onun dürüstlüyünü isbat etmiş və davamçılarını inandırmışdı ki, uğura gedən yol məhz bu ideologiyanın müddəalarına sərt riayətdən keçir. “Stalinin ideoloji dilini ciddiyə almamaq səhvdir, çünki məhz bu terminologiya onun düşüncəsinə ən yaxşı bələdçidir. Belə ki, əksər vaxtlarda Stalin nə demişdisə, onu da edirdi,” Applebaum yazır.

Bolşeviklər hakimiyyətə gələn kimi dərhal etdikləri ilk şeylər özəl ticarəti qadağan etmək, sənayeni dövlət nəzarətinə keçirmək, mülkiyyəti, taxılı müsadirə etmək oldu. Bu siyasət kütləvi miqyasda zor tətbiq olunmasını tələb edirdi. 1918-ci ildə Lenin özü dövlətə taxıl verməyən kəndlilərin “yerindəcə güllələnməsinə” göstəriş vermişdi.

Cuqaşvili rəhbər işçi kimi ilk təcrübəsini vətəndaş müharibəsi zamanı ezam olunduğu Tsaritsın (Stalinqrad/Volqoqrad) şəhərində qazandı. 1918.
Cuqaşvili rəhbər işçi kimi ilk təcrübəsini vətəndaş müharibəsi zamanı ezam olunduğu Tsaritsın (Stalinqrad/Volqoqrad) şəhərində qazandı. 1918.

Anne Applebaumun yazdığına görə, 1920-ci illərin əvvəllərində NEP kimi tanınan vəı özəlk ticarətə qismən imkan yaradan Yeni İqtisadi Siyasətdən az sonra Stalin onilliyin sonunda müharibə kommunizminin ən neqativ elementlərini geri qaytardı. Stalinin milyonlarla insanın ölümünə bais olan kollektivizasiya planı əslində bolşeviklərin 1918-19-cu illərdəki əməllərinin sistematik formada təkrarı idi. “Buna təəccüblənməyə dəyməz – bunlar onun oxuduğu hər kitabın, hər siyasi arqumentin məntiqi sonluğu idi,” Applebaum yazır. Tarixçi Kotkinin nəzərində Stalinə darıxdırıcı bürokrat yaxud primitiv quldur yox, puritanist ideologiyaya hərfinədək əməl edən bir adam kimi baxmaq lazımdır. Və onun törətdiyi vəhşiliklər öz xarakterindən çox, bolşeviklərin Marksist-Leninist ideologiyası ilə praktiki təmaslarından irəli gəlirdi.

“İdeologiya Stalinə öndə gələn siyasi və iqtisadi geriləmələrin qarşısında dərin əminlik hissi verirdi. Onun siyasəti xalqın rifah halını yaxşılaşdırmaq əvəzinə ifrat yoxsulluğu meydana gətirəndə həmişə bir izahat tapılırdı. “Canımızda Nikolayın yağı var” deyən nəsil kommunistlərin gətirdiyi səfaləti çar dövrü ilə müqayisə edirdi. Stalin üçünsə səbəbin sistemlə bağlılığı yox idi. Nəzəriyyə düzgün icra edilməyib, qüvvələr müvafiq uzlaşdırılmayıb, rəsmilər qüsura yol veriblər. Əgər sovet siyasəti hətta fəhlələr arasında belə qeyri-populyardırsa – bunun izahı var. Sinfi mübarizədə antaqonizm intensivləşir.”

Stalinin kütləvi repressiyalarla müşayiət olunan kolxozlaşdırma kampaniyası kənd təsərrüfatını viran qoyaraq Ukrayna və Qafqazda milyonlarla adamın acından ölməsinə səbəb oldu.
Stalinin kütləvi repressiyalarla müşayiət olunan kolxozlaşdırma kampaniyası kənd təsərrüfatını viran qoyaraq Ukrayna və Qafqazda milyonlarla adamın acından ölməsinə səbəb oldu.

Sovetlərin sevimli taktikası ölkədəki hər bəlaya görə əks-inqilabçıları, burjuaziyanı, xarici casusları günahlanıdrmaq, onları məkrli planlarda ittiham etmək idi. Bu inancın əsası 1918-20-ci illərdə Qırmızılarla Ağlar arasında gedən vətəndaş müharibəsi zamanı qoyulmuşdu. “Stalin təkrar-təkrar öyrənmişdi ki, uğura gedən yol zorakılıqdan keçir,” Applebaum yazır. Bu baxımdan vətəndaş müharibəsi bolşeviklərin təkcə idarəçilik yox, həm də öz əleyhdarları ilə necə rəftar etmək haqda baxışlarını da formalaşdırdı, bərkitdi.

1918-ci ildə cəbhə xəttində yerləşən Tsaritsın şəhərinə ezam olunan gənc Stalinə Moskva və Petroqradda fəhlələr üçün taxıl təmin etmək həvalə olunmuşdu. Bu təlabatı ödəmək üçün o, özünə əlavə hərbi səlahiyyətlər vermiş, ərazidəki gizli polisə nəzarəti ələ almış və başqa bolşevik qruplaşmasından 10 milyon rubl oğurlamışdı. Dəmiryol xətləri onun ürəyinə yatan şəkildə işləmədikdə, Stalin lokal mütəxəssisləri “sinfi düşmən” adı altında güllələtdirdi. “O, əks-inqilabçıları sadizm yaxud panika üzündən edam etmədi – bu, kütlələri səfərbər etməyə yönəlmiş siyasi strategiya idi. O edamları belə əsaslandırırdı ki, şəhər onu Ağlara təhvil verməyi planlaşdıran potensial satqınlarla doludur. “Bax burada, özünün ən xırda rüşeymində 30-cu illərin qondarma şou-məhkəmələrinin ssenarisi kök salmışdı.”

Stalinin çox sayda peşəkar zabitləri güllələtdirərək sovet ordusunu bərbad hala salması nəticəsində Hitler Almaniyasının qoşunları müharibənin ilk bir neçə ayı ərzində paytaxt Moskvanın civarlarına qədər irəliləməyə nail olmuş, bu prosesdə milyonlarla sovet əsgərini əsir götürmüş, yüzlərlə şəhər və qəsəbəni viran qoymuşdular.
Stalinin çox sayda peşəkar zabitləri güllələtdirərək sovet ordusunu bərbad hala salması nəticəsində Hitler Almaniyasının qoşunları müharibənin ilk bir neçə ayı ərzində paytaxt Moskvanın civarlarına qədər irəliləməyə nail olmuş, bu prosesdə milyonlarla sovet əsgərini əsir götürmüş, yüzlərlə şəhər və qəsəbəni viran qoymuşdular.

Maraqlıdır ki, Stalinin Tsarıtsindəki fəaliyyətini heç bolşevik rəhbərliyinin perspektivindən də müsbət qiymətləndirmək olmaz. Stalinin liderlik qabiliyyətini qeyri-qənaətbəxş dəyərləndirən Lenin əvvəl-axır onu geri çağırmalı oldu. Lakin vətəndaş müharibəsi qurtardıqdan sonra Stalinin hərbi uğursuzluqları unuduldu. Tsarıtsinin adı dəyişdirilərək Stalinqrad oldu. Tarixçi Kotkin hesab edir ki, illər boyu oxşar dinamika Stalinin həyatını müşayiə edəcəkdi. Çözməli olduğu böhranı daha da dərinləşdirməsinə baxmayaraq, ifrat qəddarlıq sayəsində bütün müxalifət yox olur və Stalin tarixin sınağından üzüağ çıxırdı. Yalnız belə bir adam kütləvi həbslər, sürgünlər və milyonlarla adamın ölümü ilə müşayiət olunan aclıqlara bais olduqdan sonra bütün SSRİ əhalisini öz yasında ağlatdıra bilərdi.

NKVD cəlladları - Sonradan DTK-ya çevrilən və milyonlarla günahsız adamın ölmünə bais olmuş bu qurum Stalinin idarəçilik apparatının əsas hissəsi idi.
NKVD cəlladları - Sonradan DTK-ya çevrilən və milyonlarla günahsız adamın ölmünə bais olmuş bu qurum Stalinin idarəçilik apparatının əsas hissəsi idi.

“Müasir Qərbdə biz güman edirik ki, kütləvi zorakılıqların törədiciləri dəli yaxud irrasional adamlar olmaldıır. Lakin Kotkinin hekayəsi başqa şeyi deyir. Stalin bunlardan heç biri deyildi. Milyonlarla insanın ölümünə bəraət qazandıran ideologiyaya söykənmiş Stalinin rasional və son dərəcə ağıllı adam obrazı daha dəhşətlidir,” Applebaum yazır. Çindən, Şimali Koreyadan tutmuş Kambocayadək, Rumıniyadan tutmuş Kubayadək, kommunist diktaturalarının kütləvi zorakılıqlar və repressiyalarla müşayiət olunması ideologiyanın sistemin mahiyyətindəki rolu haqda bu yeni baxışı müəyyən mənada əsaslandırır. Və belə çıxır ki, Stalini unikallaşdıran başlıca amil onun şəxsiyyətindən çox, tapındığı ideologiya – kommunizm idi ki, o, praktikaya qoyulduğu əksər məkanlarda oxşar nəticələr hasil edib.

XS
SM
MD
LG