Qərb sivilizasiyasının təşəkkül tapması və dünya tarixində dominant mövqe tutmasının səbəbləri kimi çox amillər qeyd olunub. Coğrafiya, iqlim, siyasi-fəlsəfi təkamül, texnoloji inkişaf, liberalizm ənənəsinin kök salması bu xüsusda tez-tez müzakirə mövzusu olur. Lakin bu günlərdə danimarkarlı alimlərin irəli sürdüyü nəzəriyyə indiyədək az adamın haqqında düşündüyü tarixi elementə diqqət yetirir – yollar.
“Qlobal miqyasda iqtisadiçılar və tarixçilər sübut ediblər ki, o yerlər ki, 100, 500, hətta 1000 min il öncə iqtisadi firavanlığa nail olublar, onlar bu gün də ən inkişaf etmiş ölkələr sırasındadır,” Kristofer İnqraham Washington Post qəzetində yazır. Onun sözlərinə görə, Danimarkadan olan tədqiqatçılar 2 000 il öncə Roma İmperiyasının qurduğu yol şəbəkəsinin Qərbi Avropada iqtisadi çiçəklənmənin əsasında dayandığını göstərirlər. “Bu alimlərin statistik məlumat bazası göstərir ki, müasir dildə desək, infrastruktur investisiyası uzun dönəmli firavanlığın bünövrəsini təşkil edir.”
Alimlər təxmin edir ki, imperiyanın zirvə nöqtəsinə təsadüf edən 117-ci ildə romalılar bütün Avropa, Yaxın Şərq və Şimali Afrika boyu toplam 80,000 kilometr uzunluğunda yol çəkiblər.
Bir neçə qatlara malik Roma yolları çınqıl və qumların üzərinə çəkilmiş iri sal daşlarından inşa edilib. Alimlər təxmin edir ki, imperiyanın zirvə nöqtəsinə təsadüf edən 117-ci ildə romalılar bütün Avropa, Yaxın Şərq və Şimali Afrika boyu toplam 80 000 kilometr uzunluğunda yol çəkiblər. Bu yolların çoxu indiyədək də istifadədədir.
Kopenhagen Universitetində çalışan Karl-Yohann Dalqaard və onun həmkarları yollarla firavanlıq arasındakı statistik əlaqəni yoxlamaq üçün maraqlı metoda əl atıblar. Onlar iqtisadi firavanlığın başlıca göstəricisi olan peykdən çəkilmiş gecə işıqlarının şəklini qədim romalıların çəkdikləri yollar şəbəkəsinin şəkli ilə tutuşdurublar. Yaranan mənzərə – ələlxüsus Fransa kimi ölkələrdə Paris və Lion kimi şəhərləri birləşdirən qədim yollar çəkilmiş yerlərdə – firavanlığın miqyasını üzə çıxarıb.
Əlbəttə ki, elmi nəzəriyyəni sübut etmək üçün təkcə 2-3 peyk şəkli kifayət etmir. “Alimlər Roma İmperiyasını çertyoj kvadratlarına bölərək hər kvadratın içində qədim yolların sıxlığını və hazırda həmin ərazidə yaşayan əhalinin sayı, müasir yolların sıxlığı və satellit şəkillərinə uyğun iqtisadi fəaliyyətin intensivliyi ilə müqayisə ediblər,” İnqraham yazır. “O yerlərdə ki, qədim romalılar yol çəkib, həmin məkanlarda bü gün daha çox adam yaşayır, daha çox iqtisadi artım var.”
Bəs mümkündürmü ki, yollar əvvəlcədən mövcud olan əlverişli siyasi-iqtisadi mərkəzləri birləşdirmək üçün çəkilib və bu baxımdan onlara səbəb yox, daha çox nəticə kimi baxılmalıdır?
Dalqaard və onun həmkarlarının cavabı budur ki, romalılar yolları ticarət şəbəkəsi qurmaq məqsədilə çəkməmişdilər. Başlıca hədəf yenicə tutulmuş ərazilərdə qoşunların və təchizatın nəqlini təmin etmək idi.
“Roma yolları çox vaxt yenicə zəbt olunmuş ərazilərdə tikilirdi ki, bu yerlərdə o vaxtadək şəhər, yaxud infrastruktur mövcud deyildi,” danimarkarlı alimlər yazır. “Əksər yerlərdə əvvəlcə yollar gəldi. Məskunlaşmalar və şəhərlərsə sonradan.”
Bəs niyə Roma yollarının Avropada doğurduğu iqtisadi bəhrələr oxşar yolların inşa edildiyi Yaxın Şərqdə və Şimali Afrikada müşahidə edilmədi?
Dalqaardın araşdırmaçı heyəti fərqin səbəbini yollarda istifadə olunan nəqliyyat vasitəsində görürlər. O yerlərdə ki, nəqliyyat üçün at, yaxud öküz arabalarından istifadə olunurdu, yolların abadlaşdırılmasına insentivlər mövcud idi. Ancaq o yerlərdə ki, nəqliyyat üçün əsasən dəvələrdən istifadə olunurdu, yolların keyfiyyəti öz dəyərini itirirdi. Bu baxımdan 500-1000-ci illər arasında Yaxın Şərq və Şimali Afikada yüklərin arabalarda yox, dəvə belində daşınması fərqin başlanğıc nöqtəsi idi.
900 il ömür sürmüş Roma Respublikası/İmperiyasının dünya tarixinin aparıcı qüvvələrindən biri olduğu sübhə doğurmur. Maraq doğuranı Qədim Romanın müasir sivilizasiya üçün əhəmiyyətinin bunca dərin olması və süqutundan 1 500 il keçməsinə baxmayaraq, aktuallığını qoruyub saxlaya bilməsidir.
“Roma bir günə tikilməyib” ifadəsi o vaxtlardan indiki dönəmə qədər gəlib çatmış fundamental hikməti əks etdirir. Yaxşı nə varsa, onun ərsəyə gəlməsi illər, bəzən əsrlər aparır – çox vaxt bir neçə nəslin kollektiv səylərini özündə cəmləşdirir. Belə görünür ki, həmin bu yolların inşasına illər sərf etmiş qədim romalılar çəkdikləri cahanşümul zəhmətin hədər getməyəcəyinin fərqində idilər.