“NATO üzvləri olan Latvia və Estoniya hal-hazırda sərhədin o biri tayında Rusiyanın 350,000-400,000 əsgəri, bütöv bir tank ordusu, 100 qırıcı təyyarə və uzaq məsafəli bombardmançı təyyarələrdən ibarət dörd eskadrilya və ən son model yer-hava tipli raketləri ilə üz-üzədirlər,” Leon Aron yazır. Amerika Sahibkarlııq İnstitutunun Rusiya üzrə aparıcı mütəxəssisi hesab edir ki, Qərb liderləri Putinin siyasətindən narazı olsalar da, onun həqiqi məramlarını düzgün hesablamırlar.
Putinin siyasətinin kökünü rus patriotizmində yox, sovet patriotizmində axtarmaq lazımdır
Az sayda müşahidəçi Rusiyanın Baltikyanı ölkələrdə Krım-stilli ilhaq əməliyyatı keçirəcəyini güman edir. Hər halda Estoniya və Latviya kimi dövlətləri Ukraynadan fərqləndirən onların dünyanın ən qüdrətli hərbi alyansına üzv olmaları və alyans xartiyasının beşinci maddəsi altında (bir üzvə hücum bütün üzvlərə hücum hesab edilir) onların suverenitetinə verilən dəmir qarantiyadır.
Bu həmin qarantiyadır ki, torpaqları bu və ya digər şəkildə ruslar tərəfindən ilhaq edilmiş Ukrayna və Gürcüstanda yox idi.
Lakin Aronun fikrincə, Putinin atdığı addımlar və onun indiyədək sərgilədiyi təfəkkür tərzi bu cür özünə-arxayınlığın əbəs ola biləcəyinə işarə edir.
“Putinin siyasətini dərin inamlar və ambisiyalar diktə edir ki, bunların kökünü rus patriotizmində yox, sovet patriotizmində axtarmaq lazımdır,” Aron yazır
Ekspertin fikrincə, Sovet İttifaqının dağılmasını “20-ci əsrin ən böyük geo-siyasi fəlakəti” adlandıran liderin nəzərində sabiq sovet respublikalarının müstəqil olması xarici qüdrətlərin Rusiyaya qarşı sui-qəsdinin nəticəsi idi və bu nəticə gec-tez aradan qaldırılmalıdır.
Putin üçün başlıca prioritet Rusiyanı ABŞ-la bərabər “mənəvi və hərbi” müstəviyə qaldırmaq və Sovet İttifaqının çöküşünün hayıfını Qərbdən çıxmaqdır.
Ola bilsin ki, bu, onun müharibədən sonrakı Leninqradda uşaqlıq illərindən yaxud da cüdo təlimindən qaynaqlanır, ancaq Putin üçün kişiliyin əsas meyarı Qərblə qarşıdurmadır, Aron yazır.
Bu konfrontasiyanın şəxsi siyasi dividentlərini də nəzərdən qaçırmaq olmaz. Belə ki, Krımın ilhaqı 2013-cü ilin sonlarında onun ruslar arasında 61 faizlik reytinqini 2014-cü ilin oktyarbında 86 faizə yüksəltdi.
Putin ABŞ-a tuşlanmış raketlər barədə ağızdolusu danışır və onların məğlubedilməziliyini dönə-dönə vurğulayır.
“Rusiya prezidenti heç vaxt ölkəsinin nüvə arsenalı haqda danışan qədər sevincli görünmür,” Aron yazır. "O, ABŞ-a tuşlanmış raketlər barədə ağızdolusu danışır, və onların məğlubedilməziliyini dönə-dönə vurğulayır.”
Eyni zamanda Putinin siyasi dəstək reytinqi Krımın ilhaq olunmasından əvvəlki səviyyəyə – 64 faizə düşüb.
Düzdür, konstitutsiya Putinə 2024-cü ildən sonra prezident olmağa imkan vermir. Ancaq Leon Aronun fikrincə, ölkəni ömürlük idarə etmək istəyən digər avtoritar liderlər kimi onun üçün yeni bir hərbi konflikt bu problemi aradan qaldıra və sabiq KQB zabitini öz ürəyinə doğma olan sovet imperiyasının bərpası ideyasına bir addım da yaxınlaşdırmış ola bilər.