Accessibility links

Bloq: Maskirovka


“Hərçənd ki, bütün qüdrətlər öz düşmənlərini azdırmağa çalışırlar, Rusiyanın ‘maskirovka’ kimi tanınan aldatma doktrinası bu ölkənin hərbi və kəşfiyyat strategiyasının təməl prinsipini təşkil edir,” Levi Maksi The Cipher Brief onlayn dərgisində yazır. “Maskirovka o deməkdir ki, müharibə dumanı döyüşün doğurduğu sıradan bir element yox, rəqib qüvvələrdə çaşqınlıq və qeyri-müəyyənliyi artırmaq üçün hərbi əməliyyat planlaşdırılarkən qəsdən düşünülmüş bir komponentdir.”

Həqiqət və şəffaflıq Moskvanı qorxudur. Bunlar Rusiyanın yarım-həqiqətlər, ictimai rəyin manipulyasiyası və dezinformasiya üzərində qurulmuş daxili və xarici siyasətinə birbaşa təhlükə törədir.
General-Mayor Volodımir Havrilov

Maksinin sözlərinə görə, müqəvvalar, təxribat, və dezinformasiyanı özündə ehtiva edən maskirovka hərbi mövqeyin möhkəmlənməsinə, sürpriz həmləyə vasitəçilik etməklə yanaşı düşmənlərdən Rusiyanın həqiqi zəifliklərini gizlətməyə xidmət göstərir.

İqtisadi baxımdan Qərbdəki rəqiblərdindən geri qalan Rusiyanın arsenalında dezifnormasiya və illüziya yaratmaq tarixən dəyərli taktikalar olub. 1917-ci il oktyabr çevrilişindən sonra yenicə formalaşan bolşevik hökumətinin kəşfiyyat orqanı Çeka körpə sovet rejiminin qorunmasında müstəsna rol oynayıb. Çoxları bu müstəsnalığı çekistlərin qəddarlığı, zorakılığa ifrat meyli ilə izah edir. Halbuki Çekanın çoxsaylı yalan informasiyalarla rəqibi yükləyib həlledici məqamda çaşdırması da bolşeviklərin hakimiyyəti əldə saxlaya bilməsində eyni dərəcədə əhəmiyyətli amil olub.

Rusların maskirovka əməliyyatlarında kiber hücumlar, rəqiblərin kompüterlərinə müdaxilələr geniş rol oynayır.
Rusların maskirovka əməliyyatlarında kiber hücumlar, rəqiblərin kompüterlərinə müdaxilələr geniş rol oynayır.

Müasir texnologiyalar Rusiyanın aldadıcı taktikalarının qüdrətini eksponensial şəkildə artırmaqla onun qarşısını almağı daha mürəkkəb və daha çətin edir, deyə Maksi müşahidə edir. Rusların qədim maskirovka məktəbi ilə rəqəmsal texnologiyanın calaşdırılması düşmənin qərarvermə prosesini infeksiyaya yoluxdurmaqla vaxtlı və yaxşı düşünülmüş addım atılmasının qarşısını alır.

Köhnə maskirovka üsullarına misal olaraq Maksi 1999-ci ildə NATO-nin kosovoluları soyqırımdan qorumaq üçün Serbiyadakı bombardman kampaniyası zamanı serblərin müqəvva tanklardan istifadəsini, rus təyyarələrinin tez-tez ABŞ hərbi gəmilərinə yaxın uçmasını, Krım yarımadasının ilhaqı zamanı “balaca yaşıl adamlardan” istifadəni göstərir.

Rus əsgərləri olduqları güman edilən uniformasız “yaşıl adamlar”-ın əhatəsində ukraynalı donanma zabiti Krımdakı hərbi bazanı tərk edir.
Rus əsgərləri olduqları güman edilən uniformasız “yaşıl adamlar”-ın əhatəsində ukraynalı donanma zabiti Krımdakı hərbi bazanı tərk edir.

Ruslar öz hərbi mövcudluqlarını inkar etmək üçün siyasi hekayə xətləri uydurur, öz hərbi qüvvələrinin hərbi əməliyyatlarda iştirak etmədiklərini dönə-dönə israr edirlər. Bu cür addımlar, hətta üstü açıldıqda belə, etnik rusların müdafiəsi üçün görülən sülhməramlı əməliyyatlar kimi qələmə verilir.

“Hücum xarakterli kiber və elektronik əməliyyatlar Rusiyaya opponentin öz rəqəmsal sistemlərinə olan inamına şübhə toxumu səpməyə imkan verir,” Maksi yazır. “Qondarma idarə və nəzarət mərkəzlərinin göndərdikləri radio siqnallar düşmən kəşfiyyatçılarını aldadır. Eyni zamanda GPS siqnallarının və radio tezlikərinin vurulması rəqib hərbi komandirlərin real vəziyyət haqda təsəvvürünü təhrif edir.”

Hücum xarakterli kiber və elektronik əməliyyatlar Rusiyaya opponentin öz rəqəmsal sistemlərinə olan inamına şübhə toxumu səpməyə imkan verir.

Maksinin sözlərinə görə, müasir kommunikasiya vasitələrindən istifadə etməklə Kreml rəqib hesab etdiyi ölkələrdə öz maraqlarına uyğun siyasi xəttin hakim kəsilməsinə səy göstərir. Hədəfli dezinformasiya cəmiyyətin daxildən parçalanmasına və Kremlə faydalı hekayə xəttinin ictimai dəstək qazanmasına yardımçı olur. “Dövlətin sponsorluq etdiyi RT və Sputink media orqanları mükaliməyə nəzarət edir və Kremlin propaqandasına bəraət qazandırır,” ekspert yazır.

Rəqib ölkələrə qarşı təxribatlar adətən elə həyata keçirilir ki, Rusiya rəsmən bu növ əməllərdən məsafə saxlaya bilsin. Məsələn, 2007-ci ildə rus hakerlər NATO üzvü Estoniyanın kiber sisteminə hücum edəndə, Kreml bunu bir ovuc “vətənpərvər hakerin işi” kimi qələmə vermişdi. Bu növ inkar Estoniya və onun müttəfiqlərinin rəsmi əks-tədbir görmək imkanlarını daraldırdı. Oxşar taktika 2008-ci ildə Gürcüstana hərbi müdaxilə ərəfəsində rusların Cənubi Osetiyada “balaca yaşıl adamların” yerləşdirilməsi ilə səciyyələnmişdi. Osetiyada fəaliyyət göstərən Rusiya əsgərlərinin rəsmi uniforma geyməməsi Moskvaya onun baş verənlərdə əli olmadığını inkar etmək imkanı verirdi.

Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxiləsi kütləvi dezinformasiya kampaniyası ilə müşayiət olunmuşdu.
Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxiləsi kütləvi dezinformasiya kampaniyası ilə müşayiət olunmuşdu.

Ancaq müasir texnologiyalardan istifadə bəzi məqamlarda problematik ola bilər. Belə ki, açıq mənbəli resurslardan istifadə etməklə adətən rusların maskirovkalarını ifşa etmək mümkündür. Ukraynanın ABŞ-dakı müdafiə attaşesi General-Mayor Volodımir Havrilovun sözlərinə görə, Ukraynadakı hərbi müdaxilədə iştirak edən rus əsgərlərinin YouTube, Facebook və Tvitter hesablarında qoyduqları postlar Kremlin yalan kampaniyasını ifşa etməkdə əhəmiyyətli rol oynayıb. Belə görünür ki, Rusiya hərbi qulluqçularının öz dostları və yaxınları qarşısında öyünmək üçün Krım və şərqi Ukraynada çəkilmiş şəkillərini və videolarını sosial şəbəkələrdə paylaşacağı hərbi rəhbərlik tərəfindən nəzərə alınmamışdı.

“Həqiqət və şəffaflıq Moskvanı qorxudur,” Havrilov deyir. “Bunlar Rusiyanın yarım-həqiqətlər, ictimai rəyin manipulyasiyası və dezinformasiya üzərində qurulmuş daxili və xarici siyasətinə birbaşa təhlükə törədir.”

XS
SM
MD
LG