Səudiyyəli jurnalist Camal Xaşuqcinin qətli Amerika cəmiyyətində Birləşmiş Ştatların köhnə müttəfiqi barədə debatı canlandırıb. Debat təkcə ötən əsrin ortalarından bəri Yaxın Şərqdə Vaşinqtonun yaxın tərəfdaşı olan Səudiyyə Ərəbistanı ilə münasibətləri yox, ümimilikdə Amerikanın xarici avtokratlarla əlaqələrini əhatə edir.
The Washington Post qəzetindəki yazısında politoloq Robert Kaqan “müasirləşdirici avtokrat” mifini və bu mifin Amerika cəmiyyətindəki köklərini təhlil edir.
Avtoritar liderlər bir qayda olaraq özlərinin mütləq hakimiyyətinə hədə törədəcək müstəqil siyasi təsisatların formalaşmasına, qanun aliliyinin bərqərar olmasına, yaxud da qıvraq sivil cəmiyyətin meydana gəlməsinə imkan vermirlər.
“Bir çox amerikalılarda islahatyönümlü avtokratlarla – dəmir yumruqla millətini qaranlıq keçmişdən dartıb çıxaracaq şəxsiyyətlə bağlı qəribə valehlik hissi var,” Kaqan yazır. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının şahzadə vəliəhdi Məhəmməd bin Salman bu yaxınlaradək həmin kateqoriyaya oturdulmuş və haqqında Qərb mətbuatında pullu-pulsuz mədhiyyələr yazılmış bir lider idi.
Bir çox amerikalılar bin Salmanı Səudiyyə Ərəbistanını kökündən dəyişəcək, neftdən asılılığa son qoyacaq, islamla modernizmi birləşdirəcək lider kimi görürdü. Və əgər belə bir nəhəng siyasi layihə bəzi məqamlarda sərt taktikalar tələb edirsə, buna dözüm məqbul sayılırdı.
Əslində bu cür baxışda yeni heç nə yoxdur. Oxşar yanaşma 1920-30-cu illərdə Benito Mussolini, İosif Stalin, hətta Adolf Hitlerə də şamil olunub. Soyuq Müharibə illərində Filippində Ferdinand Markos, İranda Şah Məhəmməd Rza Pəhləvi, Cənubi Koreyada Şunq-hi, Çilidə Auqusto Pinoçet də vaxtikən Amerikanın rəğbətini qazanmış “müasirləşdirici” diktatorlar sırasında idilər.
“Arqument bundan ibarətdir ki, inkişaf etməkdə olan cəmiyyətlər həm siyasi, həm də iqtisadi səbəblər üzündən avtoritar mərhələdən keçməlidirlər ki, demokratiyaya çevrilsinlər,” Kaqan yazır. “Yalnız avtoritar hökumətlər yerli camaatın təzyiqlərinə məhəl qoymadan lazımi iqtisadi qərarları vermək iqtidarındadır.”
Bundan əlavə, nəzəriyyənin tərəfdarları iddia edirlər ki, qeyri-Qərb cəmiyyətlərində demokratiyanın əldə olunması üçün qanun aliliyi, orta sinif, stabil siyasi təsisatlar kimi mühüm atributlar çatışmır. Belə olan halda cəmiyyətə demokratiya gətirmək səyləri əks-efekt verə və ölkəni daha da radikallaşdıra bilər.
Kaqanın qənaətincə, nəticələr göstərir ki, bu yanaşma əsasən cəfəngiyyatdır:
Diktator həmişə diktator kimi davranır. Fantaziyaya dalan əslində bizik – elə bir fantaziya ki, sonda qayıdıb özümüzü dişləyəcək.
“Faktiki olaraq belə məlum olur ki, diktaturalar iqtisadi artım gətirməkdə daha yaxşı göstəriciyə malik deyillər. Və iqtisadi artımın demokratiyaya gətirib çıxaracağı (məsələn, Çin) haqda düşüncələr də oxşar dərəcədə yanlışdır.”
O ki, qaldı, “liberallaşdırıcı avtokrat”a, bu, Kaqanın anlamında, “nadir bir şeydir”. “Məsələ bundadır ki, avtokratlar öz süqutlarının bünövrəsini qoymağa meylli deyillər. Onlar bir qayda olaraq özlərinin mütləq hakimiyyətinə hədə törədəcək müstəqil siyasi təsisatların formalaşmasına, qanun aliliyinin bərqərar olmasına, yaxud da qıvraq sivil cəmiyyətin meydana gəlməsinə imkan vermirlər.”
Əksinə, hər addımbaşı avtokrat liderlər bu təsisatları dağıdır, diktatorial hakimiyyətlərinə hədə törədəcək siyasi müxalifəti pərən-pərən salırlar. “Axı başqa cür necə ola bilər?” Kaqan sual edir.
Müəllif bu yanaşmada irqçilik əlamətlərini də sezir. Biriləri sadəcə hesab edirlər ki, bəzi xalqlar demokratiyaya hazır deyillər, demokratiya onlarlıq deyil. Digərləri isə Amerika demokratiyasının üzləşdiyi sınaqlardan sinisizmə qapılaraq belə bir sistemin başqa yerlərdə formalaşmasında çox elə məntiq görmürlər.
Son illərin dərslərinə diqqət çəkən Robert Kagan avtokratlara rəğbət bəsləyən cərəyanların uzaqgörən olmadığını vurğulayır və bu hesablamaya əsaslanan siyasətin Amerikaya fayda gətirmədiyini yazır.
“Bu gün Səudiyyə tacına vəliəhdin Amerikadakı pərəstişkarları soruşurlar: ‘Axı o, necə bu dərəcədə səfeh ola bilərdi ki, Xaşuqcinin qətlinə göstəriş versin?’ Ancaq əsl səfehlər burada kimdir? Diktator həmişə diktator kimi davranır. Fantaziyaya dalan əslində bizik – elə bir fantaziya ki, sonda qayıdıb özümüzü dişləyəcək.”