Accessibility links

Bloomberg: Hətta Ərdoğanın Türkiyəsində də vətənpərvərliyin həddi var


Bloomberg saytı yazır ki, “hətta Rəcəb Tayyib Ərdoğanın Türkiyəsində də vətənpərvərliyin həddi var”.

Məqalədə deyilir ki, vətəndaşlar prezident Ərdoğanın xarici valyutada olan əmanətlərini lirəyə dəyişmək barədə dəfələrlə səslənən çağırışlarını qulaqardına vururlar.

İstanbulun ticarət ürəyi olan Qapalı Çarşıda 58 yaşlı pensiyaçı Sevin Temir Bloomberg-in müxbirinə deyib: “Mənim bizim prezidentimizə böyük ehtiramım var. Amma o belə bir çağırış edib deyə mən qızılımdan və ya xarici valyutamdan keçə bilmərəm. Mən o əmanəti toplamaq üçün boğazımdan kəsmişəm”.

Məqalədə deyilir ki, Türkiyəni son 15 ildə firavan etmiş lider indi belə münasibətdən təəccüblənib və özünü xəyanət olunmuş kimi hesab edib.

Bloomberg yazır ki, Ərdoğanın belə çağırışları ilk dəfə 2016-cı ilin dekabrında edəndə də, lirə dünyanın ən pis valyutası sayılırdı. Təkcə ötən cümə günü lirə çəkisini daha 14 faiz itirib.

48 yaşlı cəvahiratçı Cahit Baş deyir ki, “mən bir milyon lirəmi itirmişəm və düşünürəm ki, biz əvvəlkindən daha pis böhrana giririk”.

Baş bunu da bildirir ki, əsasən hökumətin nəzarətində olan medianı izləsəniz böhrandan xəbər də tutmazsınız, amma türklər bunu öz üzərlərində hiss edirlər.

Onun sözlərinə görə, ötən həftə artıq iki tacir intihar edib.

Bir kürəkənin ümidinə

36 yaşlı dükançı Bülent Uçuransa Bloomberg müxbirinə belə deyib: “Dollar almadığıma o qədər peşmanam ki…Özümü axmaq kimi hiss edirəm. Bu qədər təcrübəli adamlarımız olduğu halda bütün iqtisadiyyatı kürəkənin yaratdığı vəziyyətə buraxmışıq”.

Bloomberg xatırladır ki, ötən iyulda Türkiyə Xəzinədarlığı ilə Maliyyə Nazirliyi birləşdirilib və bütövlükdə qurumun başına Ərdoğanın qızının 40 yaşlı həyat yoldaşı Berat Albayrak gətirilib.

Məqalədə deyilir ki, bu təyinat təkcə bir çox türkləri yox, beynəlxalq investorları da əsəbiləşdirib. Cənab Albayrak vəzifəyə qoyulandan sonra bircə həftənin içində Türkiyə banklarının səhmləri 20 faiz, lirə isə 5 faiz ucuzlaşıb.

Bloomberg yazır ki, Ərdoğan hökumətinin amerikalı keşiş Endrü Bransonu azad etməkdən boyun qaçırması və beləliklə də ABŞ-ın sanksiyalarına yol açması da Türkiyədə bir çox ticarət adamlarını hövsələdən çıxarır. Cahit Baş deyir:

"İqtisadiyyat onsuz da pis gündə idi, sonra da bu keşiş məsələsi ortaya çıxdı. Onlar gərək onu dərhal buraxıb son nümayəndə heyəti ilə birlikdə ABŞ-a göndərəydilər və deyəydilər: Buyurun götürün”.

Cahit Başın iş yoldaşı Abdis Akbulut da onun sözlərinə qüvvət verir:

"Türkiyə böyük ölkədir, amma biz beynəlxalq meydanda hamı ilə dava edə bilmərik. Sən bir gün Amerika, o biri gün Almaniya ilə dalaşa bilməzsən. Ərdoğanın hər qəzəbi bizim başımızda partlayır”.

38 yaşlı xanım Başak Genc Bloomberg müxbirinə deyir ki, bankdan öz pulunu çıxara bilmir:

"Biz dünən heç bir xarici valyuta çıxara bilmədik. Biz 50 min dollar çəkmək istəyirdik, onlar birbaşa “yox” dedilər. Biz pulumuzu heç elektron yolla da köçürə bilmirik”.

Xilafətinizi qurun ürəyiniz dincəlsin

Bloomberg yazır ki, lakin heç də hamı hökuməti ittiham etmir.

28 yaşlı Okan Aksut bazara bir zənbil qızılla gəlib. O, Ərdoğanın çağırışına cavab olaraq deyir ki, “dollar 10 lirəyə çıxsa da, vecinə deyil”.

Və yaxud bazarda xalça-palaz, turist çantaları satan Osman Sutuna deyir ki, Türkiyənin xarici siyasəti dəyişib Qərbə arxa çevirməsinin, Avropa İttifaqına can atmaqdansa, İslam dünyasının lideri olmasının vaxtı çatıb.

Sutunanın fikrincə Türkiyə NATO-dan çıxmaq üçün referendum keçirməlidir:

“ABŞ-la biznes etmək ilanla yatmaq kimidir, səni nə vaxt çalacağını bilmirsən”.

Lakin ona kənardan qulaq verən birisi sözünü kəsir və rişxəndlə deyir:

"Bizim hamımız buna layiqik. Bundan sonra mən də Ərdoğana səs verəcəyəm. Hər şeyimi satıb onu dəstəkləyəcəyəm. Görürəm hamınız xilafət istəyirsiniz. Qurun xilafətinizi ürəyiniz dincəlsin”.

XS
SM
MD
LG