Accessibility links

Blinken: ABŞ Ukraynaya sülh gətirmək üçün "istənilən təşəbbüsü" alqışlayır


ABŞ Dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ Rusiya prezidenti Vladimir Putini diplomatik iş üçün danışıqlar masasına gətirməyə kömək edəcək "istər Çin, Braziliya və ya başqa yerlərdən gələn hər hansı təşəbbüsü" alqışlayır.

Eyni zamanda o, Putinin aqressiv müharibəsini "böyük strateji uğursuzluq" adlandırıb, nəticədə Rusiyanın “daha pis vəziyyətdə olduğu ortaya çıxıb”.

"Prezident Putinin uzunmüddətli strateji hədəflərinə nəzər saldıqda, şübhəsiz ki, Rusiya bu gün genişmiqyaslı işğaldan əvvəl olduğundan daha pis vəziyyətdədir" – deyə, Blinken Helsinkidə çıxışında bildirib.

"Putin güc nümayiş etdirmək istədiyi yerdə zəiflik göstərdi. Haranı parçalamaq niyyətində idisə, oranı birləşdirdi. Bu, təsadüfi deyil, bu, Ukrayna xalqının cəsarət və həmrəyliyinin, bizim və tərəfdaşlarımızın Ukraynanı dəstəkləmək üçün atdığımız düşünülmüş, qətiyyətli və sürətli addımlarının birbaşa nəticəsidir" – deyə, Blinken fikirlərinə əlavə edib.

Dövlət Katibi bildirib ki, ABŞ və müttəfiqlərinin Rusiyanın işğalına cavab olaraq gördüyü bütün hərəkətlərin sadə məqsədi var: Ukraynaya suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini müdafiə etməkdə kömək etmək.

"ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə bu gün, sabah və nə qədər lazımdırsa, Ukraynanın müdafiəsini dəstəkləməyə sadiqdir. Və məhz Putinin istəkləri ilə bağlı heç bir illüziyamız olmadığına görə, biz inanırıq ki, istənilən gələcək təcavüzün qarşısını almaq və ondan müdafiə etmək iqtidarında olan güclü Ukrayna ciddi diplomatiya və real sülh üçün ilkin şərtdir" – deyə, Blinken qeyd edib.

Eyni zamanda, Blinken bildirib ki, ABŞ prezident Putini danışıqlar masasına oturtmağa kömək edəcək "mənalı diplomatik işlə məşğul olmaq üçün" istənilən təşəbbüsü alqışlayacaq.

"Biz səyləri dəstəkləyəcəyik - istər Braziliya, istər Çin, istərsə də digər ölkələr - əgər onlar BMT Nizamnaməsinin prinsiplərinə uyğun gələn ədalətli və davamlı sülhə aparan yol tapmağa kömək etsələr", Dövlət katibi vurğulayıb.

O, izah edib ki, "ədalətli və davamlı sülh" suverenlik, ərazi bütövlüyü və müstəqillik prinsiplərini qorumalıdır.

XS
SM
MD
LG