ABŞ dövlət katibi Antoni Blinken regiona səfəri çərçivəsində cümə axşamı Qətəri idarə edən əmir Şeyx Təmim Bin Həməd Əl-Tani ilə görüşərək, Qəzza zolağı və Livandakı münaqişələrə son qoyulması məsələsini müzakirə edib.
Blinken cümə axşamı Londonda keçiriləcək ərəb rəsmiləri ilə danışıqlardan əvvəl Qətərin xarici işlər naziri Məhəmməd Əl- Tani ilə də görüşəcək.
Blinken gündəmindəki mövzulardan birinə - Qəzza zolağında fələstinlilərə humanitar yardımın artırılmasına təkan verərkən, Fransa İsraillə HƏMAS arasında və Livandakı müharibə qurbanlarına vəsait toplamaq üçün cümə axşamı Parisdə beynəlxalq konfransa ev sahibliyi edib.
İsrail ordusu cümə axşamı Beyrutun cənub ətraflarında Hizbullah-ın silah istehsal edən obyektlərinə qarşı yeni hava hücumu həyata keçirdiyini bildirib.
Livan ordusu üç əsgərinin Livanın cənubundakı Yater kəndi yaxınlığında xilasetmə əməliyyatı apararkən İsrailin endirdiyi zərbə nəticəsində həlak olduğunu bildirib.
İsrail münaqişənin daha da genişlənəcəyi qorxusunun artdığı regionda Livanla deyil, İranın dəstəklədiyi Hizbullahla mübarizə apardığını deyir.
Cümə axşamı Suriyanın Müdafiə Nazirliyi İsrailin Dəməşqə hava hücumları nəticəsində azı bir əsgərin öldüyünü, yeddi nəfərin yaralandığını bəyan edib.
İsrail Suriyadakı hədəflərə zərbələr endirməsi ilə bağlı nadir hallarda şərh verir. Lakin o, Hizbullaha silah tədarükünü kəsmək və İrana etibarlı qüvvələrin fəaliyyətinə mane olmaq kampaniyası çərçivəsində ölkədəki İranla əlaqəli hədəflərə illərdir zərbələr endirir.
Blinkenin Yaxın Şərqə səfərinə İsrail və Səudiyyə Ərəbistanında dayanacaqlar daxil olub. Orada o, Qəzzada döyüşlərin dayandırılmasının və İranın dəstəklədiyi HƏMAS tərəfindən hələ də saxlanılan girovların azad edilməsinin vacibliyini müzakirə edib.
Qəzzada müharibə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu ilə başlayıb. O zaman militantlar 1200-ə yaxın insanı öldürüb, 250 nəfəri girov götürüb. HƏMAS hələ də 100-ə yaxın girovu saxlayır. Onlardan üçdə birinin öldüyü güman edilir.
Forum