ABŞ Dövlət katibi Entoni Blinken Böyük Yeddilər (G-7) qrupu ölkələrindən həmkarları ilə danışıqlar aparmaq üçün Londondadır. Üç günlük rəsmi görüşlər və əlavə müzakirələr zamanı koronavirus pandemiyası, Rusiya və Çinin gündəmdə diqqət mərkəzində olacağı gözlənilir.
Son illər nüvə proqramları danışıqların mərkəzində olan iki ölkə - İran və Şimali Koreya ilə bağlı müzakirələrin bazar ertəsi axşam iş yeməyi zamanı aparılması planlaşdırılıb.
Blinken bazar ertəsi Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi, Cənubi Koreyanın xarici işlər naziri Çan In Yon, Bruneyin xarici işlər naziri II Dato Erivan Yusof, Hindistanın xarici işlər naziri Subramanyam Caişanka və Britaniyanın xarici işlər naziri Dominik Raabla da ayrı-ayrılıqda görüşməlidir.
"Səkkiz il əvvəl əvəzolunmaz müttəfiqimiz (Birləşmiş Krallıq) Böyük Yeddilərə ev sahibliyi etmişdi. Müzakirələr üçün yenidən tərəfdaşlar və müttəfiqlər arasına dönmək çox xoşdur" - deyə, Blinken Britaniyaya gəldikdən sonra Tvitter səhifəsində yazıb.
Britaniyanın Xarici İşlər Nazirliyi Raab və Blinkenin görüş zamanı Əfqanıstan, İran, Çin və ticarət məsələləri ilə bağlı məsləhətləşmələr aparacağını bildirib.
Nazirlər səviyyəsindəki bu görüş Böyük Yeddilər qrupunun liderlərinin iyun ayında Britaniyada keçiriləcək zirvə toplantısı üçün zəmin hazırlayır.
ABŞ Dövlət Departamenti bu həftə keçirilən görüşlərin “iqtisadi artım, insan haqları, ərzaq təhlükəsizliyi, gender bərabərliyi, qadın və qızların imkanlarının genişləndirilməsi” kimi məsələlərin müzakirəsi üçün bir imkan olacağını bildirib.
Britaniya və ABŞ-dan əlavə Böyük Yeddilərə (G-7) Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya daxildir. Bu həftə keçiriləcək danışıqlarda Avstraliya, Hindistan, Cənubi Afrika, Cənubi Koreya və Bruney də iştirak edir.
G-7 görüşlərindən sonra Blinken Prezident Vladimir Zelenski və digər yüksək səviyyəli rəsmilərlə görüşmək üçün Ukraynaya səfər edəcək.