Accessibility links

“Biz Urmiyəni çox sevirik. Amma ostan kimi deyil, şəhər kimi.”


Məhəmməd Rəhmanifər: Ruhaninin Qərbi Azərbaycan vilayəti yerinə "Urmiyə vilayəti" deməsi səhvən olmayıb

Vədlərini yerinə yetirmədiyi üçün İran Azərbaycanında türk fəallar və yerli siyasətçilər tərəfindən davamlı şəkildə tənqid edilən prezident Ruhaninin bu yaxınlarda “Qərbi Azərbaycan ostanı” yerinə “Urmiyə ostanı” deməsi əlavə təpkilərə səbəb olub.

Məhəmməd Rəhmanifər Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:59 0:00

Təbrizdən Amerikanın Səsinə danışan yazar Məhəmməd Rəhmanifər hesab edir ki, Həsən Ruhani “Urmiyə vilayəti” ifadəsini səhvən deyil, məqsədyönlü şəkildə dilə gətirib.

Əvvəllər məclis namizədləri Xoyun vilayət olmasını vəd edərək əhalinin bir qisminin səsini ala bilirdilər. Amma, artıq milli düşüncənin güclənməsi nəticəsində Xoy əhalisinin belə tələbi yoxdur.

Həsən Ruhani bu yaxınlarda Qərbi Azərbaycana səfəri zamanı Urmiyədən əlavə vilayətin ikinci ən böyük şəhəri olan Xoyu da ziyarət edib.

Həm Pəhləvilər, həm də İslam Respublikası dönəmində İranın Azərbaycanının bir çox şəhəri, o cümlədən Qəzvin, Həmədan, Zəncan və Ərdəbilə ostan/vilayət statusu verilib. Vilayət olduqdan sonra “Azərbaycan” adı bunların üzərindən götürülüb.

Məhəmməd Rəhmanifər hesab edir ki, prezident Xatəmi dönəmindən bəri İran hakimiyyətində təkrar nüfuzunu artıran “pan-İranist” qüvvələr Qərbi Azərbaycanı parçalayaraq Urmiyə və Xoy vilayətlərini yaratmaq istəyirlər.

“İslam İnqilabından sonra aryaçı-irqçi qüvvələr hakimiyyətdən qırağa qoyulmuşdular. Çünki islam əsaslarına görə bir sistem yaranırdı. Bunlar bir müddət qıraqda qalsalar da, sonra tədricən hakimiyyət daxilinə yol tapa biliblər. Bunları Ruhani hökümətində də görürük. Özlərini islam örtüyü altında gizlətsələr də, əsas görüşləri o irqçi-aryaçı görüşdür,” Rəhmanifər bəyan edir.

Məhəmməd Rəhmanifər deyir, “biz nədən Urmiyə adına həssaslıq göstəririk? Biz Urmiyəni çox sevirik. Amma bir vilayət olaraq deyil, şəhər olaraq sevirik.”

İslam İnqilabından sonra aryaçı-irqçi qüvvələr hakimiyyətdən qırağa qoyulmuşdular. Bunlar bir müddət qıraqda qalsalar da, sonra tədricən hakimiyyət daxilinə yol tapa biliblər.

O, Həsən Ruhaninin həm “Urmiyə ostanı” ifadəsini dilə gətirməsini, həm də vilayətin mərkəzi Urmiyədən əlavə Xoy şəhərini ziyarət etməsini məqsədyönlü addımlar kimi dəyərləndirir.

“Mən özüm Xoy şəhərindənəm. Əvvəllər məclis namizədləri Xoyun vilayət olmasını vəd edərək əhalinin bir qisminin səsini ala bilirdilər. Amma artıq milli düşüncənin güclənməsi nəticəsində Xoy əhalisinin belə tələbi yoxdur. Artıq biz bunu məclis namizədlərindən də eşitmirik. Çünki onlar da bu sözün artıq səs gətirməyəcəyini anlayıblar. Əhali bunu düşündü ki, Azərbaycanı parça-parça etməyin xoş nəticəsi olmayacaq,” deyə Rəhmanifər əlavə edir.

XS
SM
MD
LG