Accessibility links

“Biz Avropaya inteqrasiya etməyəcəyik”, prezidentin dedikləri tənqid doğurub


Azərbaycan prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirindəki çıxışında Azərbaycana qarşı olan beynəlxalq birliyi, ölkə müxalifətini, Ermənistanla əməkdaşlıq edən islam dövlətlərini tənqid edib. Dövlət başçısı ölkənin Avropaya inteqrasiya etməyəcəyini bildirib. Halbuki, Azərbaycan Avropa İttifaqı və NATO ilə əməkdaşlıq edir, Avropa Şurasının üzvüdür. Hətta 2015-ci ildə birinci Avropa Oyunları Azərbaycanda keçirilib. Bu ölkə 2011-ci ildə Avraviziya mahnı yarışının qalibi olub və 2012-ci ildə bu yarışlara ev sahibliyi edib.

Prezidentin fikirləri müxalifət liderləri və ictimai-siyasi xadimlər tərəfindən tənqidlə qarşılanıb. Çünki, Avroatlantik məkana inteqrasiya xətti Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında birbaşa yer alıb.

“Azərbaycan Respublikası Avropa və Avro-Atlantik siyasi, təhlükəsizlik, iqtisadi və digər strukturlara inteqrasiya strateji məqsədini güdür. Azərbaycan Respublikası Avro-Atlantik strukturlarla tərəfdaşlığı bütövlükdə Avro-Atlantik məkanda ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür. Azərbaycan Respublikası Avropa və Avro-Atlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir,” konsepsiyanın 4-cü maddəsində deyilir.

Əliyev xarici siyasətdən danışarkən Rusiya ilə bağlı fikir söyləməyib.

İlham Əliyev BDU-nun 100 illik yubileyində çıxış edərkərn
İlham Əliyev BDU-nun 100 illik yubileyində çıxış edərkərn

İlham Əliyev: Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə?

Bəzi ölkələr və xarici dairələr Azərbaycanı 90-cı illərin əvvəllərində etdikləri kimi idarə etmək istəyirlər, ancaq indi bu, mümkün deyil.

Bu barədə prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə noyabrın 26-da keçirilən mərasimdə bildirib.

“Bu gün bəzən xarici dairələrdən eşidirik ki, guya Azərbaycana kömək etmək istəyirik, Azərbaycanı inkişaf etmiş ölkə kimi görmək istəyirik. Bütün bunlar yalandır. Bunu tam səmimi deyirəm,” o deyib və əlavə edib ki, bəzi nüfuzlu dövlətlər uzun müddət Azərbaycının BMT Təhlükəsizlik Şurasında seçilməsinin qarşısını almağa çalışırdılar, Bakının öz namizədliyini geri götürməsini tələb edirdilər.

O, yenidən Xalq Cəbhəsi hökumətini milli sərvətlərin talanmasında ittiham edib.

Hazırda xarici dairələr gəncləri hədəf seçiblər və onları yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı qaldırmaq istəyirlər.
İlham Əliyev, Azərbaycan prezidenti

“O vaxt xəzinə boş olanda, biz kreditlər üçün müraciət edəndə heç kim bizə kredit vermirdi. Yaxşı, əgər siz Azərbaycanı bu qədər sevirsinizsə, nə üçün o vaxt bizə kömək etməmisiniz?!”, Əliyev beynəlxalq təşkilatlara müraciət edib.

“Ona görə kimsə deyəndə ki, biz Azərbaycanın yaxşılığını istəyirik, inanmayın, gənclər də inanmasınlar”, o davam edib və kimi nəzərdə tutduğunu açıqlamayıb.

Xarici qüvvələrin ünvanına tənqidlərini davam etdirən dövlət başçısı Qərb ölkələrinə yönəlib.

“Demokratiya beşikləri müsəlman miqrantları qəfəsdə saxlayırlar, “Stop İslam” deyirlər. Deyirlər ki, biz miqrantları qəbul edə bilərik, - mən Avropa ölkələrini nəzərdə tuturam, - ancaq müsəlman miqrantları yox.”

O, Azərbaycanda hüquq və demokratiyanın pozulması barədə Qərbin tənqidlərini inkar edib.

“Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə. Çünki xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir. Əhalinin mütləq əksəriyyəti bizə alternativ görmür və kim ola bilər bu alternativ?”, Əliyev bildirib.

Sonra o, bəzi “operativ məlumatları” bölüşməyi qərara alıb və deyib ki, xarici dairələr açıq şəkildə deyirlər ki, “Azərbaycanda ənənəvi müxalifət yoxdur, ayrı-ayrı satqın dəstələr var. Ona görə onlara pul təminatı da azalıb.

Hazırda xarici dairələr gəncləri hədəf seçiblər və onları yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı qaldırmaq istəyirlər.”

Bu mənada Əliyev pedaqoqları gəncləri düzgün öyrətməyə çağırıb.

O, yenidən Qərbi 2003 və 2005-ci illərdə rəngli inqilabların təşkili planlarına görə ittiham edib.

“Azərbaycan artıq o inqilabların sırasında növbəti yer kimi göstərilirdi. Belə maykalar buraxılmışdı, üzərində yazılmışdı: “Gürcüstan, Ukrayna, Qırğızıstan, Azərbaycan”. Yəni, dördüncü biz olmalı idik və bizdən sonra da başqaları olmalı idi. İndi bütün dünya görür ki, bu inqilablar o ölkələrə ancaq bədbəxtlik gətirib,” Əliyev deyib.

O, Erməistanla “qucaqlaşan” müsəlman ölkələrini də tənqid edib.

“Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Bu axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar?” prezident qeyd edib.

Sonda o yenə də Qərbi tənqid edib və “ənənəvi dəyərlər”in qorunmasına çağırıb. “Baxın, bəzi ölkələrdə nələr baş verir. Adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin, bizə inteqrasiya edin. Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik”, Əliyev vurğulayıb.

Hikmət Hacızadə
Hikmət Hacızadə

Hikmət Hacızadə: Avrointeqrasiya parlamentdə qəbul olunmuş qanundur, siyasətdir, yoldur

Politoloq, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə Amerikanın Səsinə müsahibəsində prezident İlham Əliyevin son çıxışlarını `pislədiyini` deyib.

Hikmət Hacızadə: Avrointeqrasiya parlamentdə qəbul olunmuş qanundur, siyasətdir, yoldur
please wait

No media source currently available

0:00 0:01:14 0:00

“Əliyevin çıxışını və oradakı tezisləri qətiyyətlə pisləyirəm. Onun avrointeqarsiyanı inkar etməsini qeyri-qanuni və antikonstitusion hesab etmək olar. Avrointeqrasiya bizim hüquqi, konstitusion sənədlərimizdə təsdiq olunub, “Milli Təhlükəsizlik Doktirinası”nda yazılıb. Əliyev indi deyir ki, avrointeqrasiya olmaz. Nədən bu belə qərar qəbul edib? Avrointeqrasiya parlamentdə qəbul olunmuş qanundur, siyasətdir, yoldur. O sənədi və siyasi yolu yalnız parlament dəyişə bilər. Ona görə də mən o çıxışı qəbul etmirəm, pisləyirəm.”

Avrointeqrasiya parlamentdə qəbul olunmuş qanundur, siyasətdir, yoldur. O sənədi və siyasi yolu yalnız parlament dəyişə bilər.
Hikmət Hacızadə, keçmiş səfir


Hacızadə həmçinin güman edir ki, Əliyevin son çıxışları Rusiyaya görədir.

“Ola bilsin ki, bu çıxışları Rusiyaya görə edir. Yəni, o belə söz deyir ki, Rusiyanın xoşuna gəlsin və Rusiya Şuşanı bizə qaytarsın. Hesab edirəm ki, bu, böyük səhvdir. Belə çıxışlarla, orden-medal paylamaqla Şuşa qayıtmayacaq. Rusiya ordusunu Azərbaycana qaytarmaq istyəyir. Bu da böyük xəyanət kimi qəbul olunacaq,” o qeyd edib.

İsa Qəmbər
İsa Qəmbər

İsa Qəmbər: İlham Əliyev çox məntiqsiz, qəzəbli və gərgin vəziyyətdə danışır

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, parlamentin keçmiş sədri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində İlham Əliyevin son çıxışlarını `gərgin` adlandırıb.

İsa Qəmbər: İlham Əliyev çox məntiqsiz, qəzəbli və gərgin vəziyyətdə danışır
please wait

No media source currently available

0:00 0:01:41 0:00

“Bu suala onun özü cavab versə idi, daha yaşı olardı. Bu adam son zamanlar çox məntiqsiz, çox qəzəbli, çox gərgin vəziyyətdə danışır. Mənim fikrimi soruşursunuzsa iki ehtimal irəli sürə bilərəm. Birincisi hakimiyyətin ailədaxili ötürülməsi mərhələsinə daxil olunub. Bu mərhələdə özlərinə təhlükə hesab etdikləri, xalqın səsini, rəyini qazana biləcək qüvvələri bütün vasitələrlə sıradan çıxaramağa çalışırlar. Son vaxtlar Müsavat Partiyasına da, AXCP-Müsavat hakimiyyətinə də hücumlar bununla bağlıdır. Bu birinci səbəbdir,” o qeyd edib.

Hakimiyyətin ailədaxili ötürülməsi mərhələsinə daxil olunub. Bu mərhələdə özlərinə təhlükə hesab etdikləri, xalqın səsini, rəyini qazana biləcək qüvvələri bütün vasitələrlə sıradan çıxaramağa çalışırlar.
İsa Qəmbər, Milli Məclisin keçmiş sədri

İkinci səbəbə gəldikdə, İsa Qəmbər deyib ki, beynəlxalq birliyin təzyiqləri artıb.

“Görünür beynəlxalq birlik, hətta beynəlxalq birliyin tərkibində bu rejimə, Əliyev rejiminə loyal yanaşan qüvvələr, mərkəzlər, şəxslər də adamlara başa salmağa çalışırlar ki, bu şəkildə olmaz. Korrupsiyaya son qoyulmalıdır, sözdə yox, əməldə gerçək islahatlar aparılmalıdır. Azərbaycanın çağdaş dünya ilə, Avropa ilə uyğunlaşması prosesi getməlidir. Bütün bu çağırışlara, təkliflərə hakimiyyət İlham Əliyevin dili ilə bu cür qəzəbli, məntiqsiz cavablar verir. Təbii ki, bunun heç bir xeyri yoxdur. Bu cür təbliğat nə ölkə daxilində bu hakimiyyətə, bu rejimə hörmət gətirmir, nə də beynəlxalq miqyasda beynəlxaq birlik, beynəlxalq mərkəzlər, təşkilatlar üçün inadırıcı xarakter daşımır,” o qeyd edib.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı: Bu çıxışı dinləmək hakimiyyətin mahiyyətini anlamaq üçün kifayətdir

Müsavat Partiyasının başqanı Arif Hacıyev bildirib ki, İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyində onun qurucusu Rəsulzadənin, Müsavat hökumətinin adını çəkməyib.

“Çıxışını atasının tərifinə, onun sovet dövründə aldığı qırmızı bayraqlara həsr edir. Hamı satqındır, fəraridir, hamı qaçıb. AXC-Müsavat hakimiyyəti də, Xalq Cümhuriyyəti hakimiyyəti də idarə edə bilmirmiş, hətta bütün əvvəlki kommunist liderlər də yararsız, fərari olub. Bircə Əliyevlər qəhrəmandır, səriştəlidir. Çıxışda yubiley mövzusunda bir kəlmə də yoxdur. Ancaq yalan, təkəbbür, nifrət. Bircə bu çıxışı dinləmək indiki hakimiyyətin mahiyyətini anlamaq, hansı dünya görüşü sahibləri olduqlarını başa düşmək üçün kifayətdir.”

Əminəm ki, çox da uzaqda olmayan bir gün həqiqət parlayacaq. BDU-nun adı onun qurucusuna, Azərbaycan dövləti onun əsl sahibinə, Azərbaycan xalqına qaytarılacaq.
Arif Hacılı, Müsavat Partiyasının başqanı


Arif Hacılı Facebook səhifəsində yazıb ki,Bakı Dövlət Universitetinin (BDU) 100 illiyində onun və Azərbaycan dövlətinin qurucusu M.Ə.Rəsulzadəni məmnuniyyətlə anaraq, bütün Azərbaycan xalqını təbrik edir.

“Əminəm ki, çox da uzaqda olmayan bir gün həqiqət parlayacaq. BDU-nun adı onun qurucusuna, Azərbaycan dövləti onun əsl sahibinə, Azərbaycan xalqına qaytarılacaq.

Rəsulzadə, Müsavat hökuməti 100 il əvvəl qadınlara səsvermə hüququ verib. 100 il sonra İlham Əliyev deyir ki, kişi ilə qadının bərabər olduğu cəmiyyət bizə lazım deyil. Əslində Müsavatla YAP-ın dünya görüşü arasında əksər məsələlərdə olan fərq təqribən bu qədərdir,” Arif Hacılı qeyd edib.

Əli Kərimli 2005-ci ildə mitinqdə çıxış edərkən
Əli Kərimli 2005-ci ildə mitinqdə çıxış edərkən

Əli Kərimli: Demokratiyanı 100 minlər tələb etməlidir. O gün də gələcək!

Azərbaycan Xalq Cəbəhsi Partiyasının (AXCP) sədri Əli Kərimli 2005-ci il parlament seçkiləri zamanı Əliyevin dediyinin əksinə olaraq müxalifətin qalib gəldiyini bildirib.

“O kütləvi qəhrəmanlıq günündən 14 il keçdi. 26 noyabr 2005-ci ildə 30 minə qədər nümayişçi parlament seçkilərindəki saxtakarlığa etiraz edərək Qələbə meydanında oturaq mitinq qərarı verdi. Həmin ilki parlament seçkilərində birləşmiş müxalifətin “Azadlıq” bloku faktiki qalib gəlmişdi. Ancaq rejim nəticələri saxtalaşdırdı. Yalnız 8 dairədə “Azadlıq” blokunun namizədlərinin qələbəsi tanınmışdı. Mənim də qələbəm tanınmışdı. MSK-nın qalib elan etdiyi şəxslərdən biri də mən idim. Ancaq biz əvvəlcədən xalqımıza vəd etdiyimiz kimi seçkinin saxtalaşdırılması ilə barışmadıq. Bəyan etdik ki, mandatlarımızdan imtina edəcəyik. Mən oturaq mitinq qərarını elan edib, Lalə Şövkət xanımla birlikdə meydana - xalqın arasına getdim. Nümayişçilərə qarşı çox sərt güc tətbiq olundu. Mən də, Lalə xanım da orada olan minlərlə insan kimi döyüldük. 100-lərlə insan xəsarət aldı. Mitinq zorakılıq və qəddarlıqla dağıdıldı. Daxili qoşunlar da öz itləri və tikanlı məftillərilə orada idi.”

Azərbaycanda da Gürcüstanda, Ukraynada olduğu kimi, demokratiya arzulayan və bu arzusunun gerçəkləşməsi üçün hər cür fədakarlığa hazır olan xalq da, həmin xalqla birlikdə ən qətiyyətli qərarları verə biləcək müxalifət də var.
Əli Kərimli, AXCP sədri

Əli Kərimli Facebook səhifəsində yazıb ki, Azərbaycandan əvvəl Gürcüstanda və Ukraynada seçki saxtakarlığına etiraz edən xalqın oturaq mitinqləri həmin ölkələrdə məxməri inqilablarla nəticələnib.

“Azərbaycanda isə insanları kütləvi şəkildə döydülər. Həmin gün 10 minlərlə insanın birlikdə verdiyi o qərar qələbə ilə nəticələnməsə də, Azərbaycan xalqının demokratiya uğrunda ən kütləvi qəhrəmanlığı, fədakarlığı kimi tarixə düşdü. Məlum oldu ki, Azərbaycanda da Gürcüstanda, Ukraynada olduğu kimi demokratiya arzulayan və bu arzusunun gerçəkləşməsi üçün hər cür fədakarlığa hazır olan xalq da, həmin xalqla birlikdə ən qətiyyətli qərarları verə biləcək müxalifət də var. Ancaq Azərbaycandakı rejim Gürcüstan və Ukraynadakı hakimiyyətlərin deyil, Orta Asiya və Yaxın Şərqdəki rejimlərin bənzəridir. Belə bir qəddar rejimdən demokratiya almaq üçün isə çox, lap çox olmalıyıq. Azərbaycandakı sülalə hakimiyyəti hələ o vaxt xalqımıza açıq mesaj verib ki, minlərin, hətta 10 minlərin tələbilə demokratiyaya keçidə razılaşmayacaq. Hakimiyyətin xalqla hesablaşması, demokratiyaya keçidin reallaşması üçün rejimdən demokratiyanı 100 minlər tələb etməlidir. O gün də gələcək!” AXCP sədri yazıb.

Pənah Hüseyn
Pənah Hüseyn

Pənah Hüseyn: İlham Əliyevin çıxışının arxasında dövləti Rusiyanın quberniyası etmək niyyəti durur

Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn prezisdent Əliyevin çıxışına münasibət bildirərkən “məsələ ciddidir” - deyə, bildirib.

İlham Əliyev sözünün mustafasının Moskva olduğunu hələ açıq deyə bilmir.
Oınah Hüseyn, keçmiş baş nazir

“İlham Əliyev Valdaydan başlayıb, Aşqabad, Qoşulmama Hərəkatı, dünya mollalar sammiti, Sumqayıt, nəhayət BDU-da danışıb, amma sözünün mustafasının Moskva olduğunu hələ açıq deyə bilmir. "Ünlü" "siyasətçilər" də, bunu yaxşı bilir və dinmirlər, dinə bilmirlər, dinə də bilməzlər. Cəsarətləri çatsaydı, birgə böyük bir tədbir düzənləyib, xalqa həyacan işarəsi verərdilər. Ayrı-ayrılıqda verilən bütün cavablar, uzun-uzadı, mahiyyətdən kənar yazılar yazmaq, mənasız və məzmunsuz canlı yayımlar, imitasiya xarakteri daşımaqla yanaşı, bu xəyanətə ortaqlıq etməkdir. İlham Əliyevin, Xalq Cəbhəsini, Müsavatı, Elçi Bəyi, Rəsulzadəni təhqir etməsinin də arxasında, milli-mənəvi dəyərləri satmaq, millətə xəyanət, ölkəyə əsarət gətirmək, dövləti açıqca Rusiyanın quberniyası etmək niyyəti durur. Bunu görməyənlər kordur” o, Facebook səhifəsində yazıb.

İlqar Məmmədov
İlqar Məmmədov

İlqar Məmmədov: Bu dəfə qurban veriləcək oliqarx azadlığını da itirəcək

ReAL Partiyasının sədri İlqar Məmmədov Maltada jurnalistin qətli ilə bağlı Azərbaycanda da həbsin ola biləcəyini ehtimal edir.

Bəlkə də İlham Əliyev Malta söhbətində həqiqətin açılacağını görüb Avropanın gözünə bütün bu "islahat" külünü üfürür.
İlqar Məmmədov, ReAL Partiyasının sədri


“1998-ci ildə Susurluk qalmaqalı zamanı İlham Əliyevin adı və mövqeyi qorunsun deyə, oliqarxlardan xarici işlər naziri Həsən Həsənov `qurban` verildi. Bütün günahları yıxdılar onun boynuna. İndi Maltada jurnalistin öldürülməsi qalmaqalı həqiqətən Bakıya qədər uzansa, oliqarxlardan kim qurban veriləcək - Kəmaləddin Heydərov, yoxsa Rövnəq Abdullayev? Bu dəfə qurban veriləcək oliqarx sadəcə vəzifəsini deyil, azadlığını da itirəcək.

Daha geniş baxanda, bəlkə də İlham Əliyev Malta söhbətində həqiqətin açılacağını görüb, Avropanın gözünə bütün bu "islahat" külünü üfürür ki, Avropa ona oliqarxlardan kimisə qurban vermək fürsətini tanısın,” ReAL lideri Facebook səhifəsində yazıb.

XS
SM
MD
LG