Birmada minlərlə adam küçələrə düzülərək əllərində bayraqlar və şüarlarla parlament seçkiləri kampaniyasına qatılan müxalifət lideri Aunq San Suu Kyini qarşılayıblar.
66 yaşlı Nobel sülh mükafatı laureatı Yanqundan üzü cənuba Kavhmu qəsəbəsinə doğru hərəkt edib.
Bir kənddə çıxışı zamanı o, öz tərəfdarlarına bildirib ki, gediləsi yol asan olmyacaq, amma onlar əvvəl-axır sülh və sabitliyə nail olacaqlar.
Aunq San Suu Kyi hakimiyyətə olan hərbi xuntaya qarşı çıxdığına görə illərlə ev dustağı olduqdan sonra parlament seçkilərində iştirak etməyə qərar verib. O, kabinet tərəfindən təyin edilmiş 48 deputatın parlamentdə boşaltdıqları yerlərdən biri uğrunda mübarizə aparır. Bu boşalmalar hakimiyyətin hərbi generallardan mülki idarəçilərə təhvil verilməsi prosesinin tərkib hissəsi kimi həyata keçirilib.
Xanım Suu Kyinin rəhbərlik etdiyti Demokratiya Uğrunda Milli Liqa qələbə çalacağı təqdirdə belə 440 yerlik parlamentdə çoxluğa sahib olmayacaq. Həmin qurumda çoxluq hələ də hərbçilərin təyin etdikləri şəxslərin əlində qalır.