Accessibility links

ABŞ dövlət katibinin müavini Türkiyəyə səfər edir


ABŞ dövlət katibinin müavini Türkiyəyə səfər edir
ABŞ dövlət katibinin müavini Türkiyəyə səfər edir

Villiam Börns Ankaraya gedərək, Türkiyənin İranla bağlı fikrini dəyişməyə cəhd edir

Birləşmiş Ştatlar dövlət katibinin müavini Villiam Börns beynəlxalq ictimaiyyətin İranın mübahisəli nüvə proqramına qarşı sanksiyaları barədə müzakirələr aparmaq məqsədi ilə Türkiyəyə səfər edir. Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Birləşmiş Ştatların İrana qarşı irəli sürdüyü yeni sanksiyalar təklifinin əleyhinə olsa da, Villiam Börns Ankaraya gedərək, bu fikri dəyişməyə cəhd edir. Türkiyə BMT-nin İrana qarşı mövqeyini dətəkləsə də Birləşmiş Ştatlar və Avropa Birliyinin sanksiyalarına qoşulmaqdan boyun qaçırır.

Türkiyənin Milliyət qəzetinin müxbiri Semih İdiz Birləşmiş Ştatlar dövlət katibinin müavini Villiam Börnsün son zamanlar Amerikanın Türkiyəyə səfər edən ən yüksək səviyyəli rəsmisi olduğunu deyir. “Türkiyə açıq şəkildə İrana qarşı sanksiyaların əleyhinə olduduğunu nümayiş etdirdi. İndi Vaşinqton Türkiyəyə yüksək səviyyədə lobbiçilik edir və təzyiq göstərir. Lakin bu, tərəflər arasında dillemmanı həll etmir.”

Türkiyə Birləşmiş Ştatların İranın enerji sektoruna qarşı sanksiyalar həyata keçirdiyi təqdirdə iranlıların iqtisadi böhranla üzləşəcəklərini deyir. Lakin Türkiyə-İran münasibətləri üzrə təhlilçi Mehrdad İmadi Türk şirkətlərinin mənfəətlərinin Ankaranın qərarından asılı olduğunu deyir. “Son 16 ayda Birləşmiş Ərəb Əmirlikləri ilə azalmış ticarət həcminin bir hissəsi Türkiyəyə yönəlib, çünki əmirliklər ABŞ və Avropa İttifaqından ciddi təzyiqlərlə üzləşirlər."

Türkiyə bankları da öz mənfəətlərini güdür. Onlar hər ay milyardlarla dolları Tehrana göndərirlər. Türkiyə hökumətinin nəzarətindəki Halkbank əsasən də Hindistandan olmaqla, İranın neft ixracını maliyyələşdirir. Bankın Birləşmiş Ştatlarda qərargahı olmadığı üçün, Vaşinqtonun sanksiyalarına məhəl qoymadıqda bu bank cəzalandırılmır.

İqtisadi və ticari məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, Türkiyə və Birləşmiş Ştatlar siyasəti regionda özünü göstərir. Keçən il Ankara İrana qarşı raketdən müdafiə sistemləri yerləşdirilməsi məsələsində NATO ilə razılıq əldə etdi. Bu isə Ankaranın İrana zidd mövqe tutaraq, Qərb müttəfiqləri ilə birgə olduğuna bir işarə idi.

Lakin siyasi təhlilçi İdiz hesab edir ki, nə Birləşmiş Ştatların, nə də Türkiyənin İrana qarşı sanksiyalar üzündən birbiri ilə münasibətləri gərginləşdirməkdə maraqları yoxdur. “Region üçün belə bir həssas məqamda düşünmürəm ki, ABŞ Türkiyə ilə konfrontasiyaya getmək istəsin. ABŞ qüvvələri bu yaxınlarda İraqı tərk etdi, İranla münasibətlər gərginləşir, üstəgəl Suriyada vəziyyət gün-gündən pisləşir. Onlar bir-birlərinə lazımdırlar.”

Ankara İranın nüvə proqramı ilə bağlı diplomatik razılıq əldə edilməsini istəyir. Keçən həftə İrana səfəri zamanı Türkiyənin xarici işlər naziri Davutoğlu ölkəsinin bu məsələnin beynəlxalq səviyyədə müzakirəsi üçün toplantıya ev sahibliyi etməyə hazır olduğunu demişdi.

XS
SM
MD
LG