Accessibility links

İran və Azərbaycan birgə bank yaradır


Bank
Bank

İran və Azərbaycan birgə bankın yaradılması, həmçinin bankın Bakı və Tehranda filiallarının açılması ilə bağlı məsələləri müzakirə edir. Bunu Trend agentliyinə eksklüziv müsahibəsində İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib.

Nazir bildirib ki, İranın bir neçə özəl bankı Azərbaycanın bank bazarına daxil olmaqda maraqlıdır.

M.Vaezi qeyd edib ki, hazırda iki ölkənin banklararası əməkdaşlığı istənilən səviyyədə deyil: “Azərbaycanda “Bank Melli İran”ın filialı fəaliyyət göstərir, amma o, aktiv deyil. Bu məsələlərlə bağlı artıq ilkin danışıqlar aparılıb. Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmovun İrana səfəri zamanı bu məsələlərin həll olunacağı gözlənilir”.

M.Vaezi səfərin dəqiq tarixi barədə məlumat verməyib.

O həmçinin Azərbaycan banklarında həcmi 200 milyon dollar olan İran vəsaitinin bloklaşdırılması mövzusuna da toxunub: “Azərbaycan və İranın bank sektorunun nümayəndələri bu kapitaldan istifadə etmək məsələsini müzakirə edir. Bu vəsaitin bir hissəsinin neft sektoruna yönləndirilməsi planlaşdırılır. Bu məsələ Bakıya son səfərim zamanı müzakirə edilib. Vəsaitin qalan hissəsi “Bank Melli Iran”ın kapitalının artırılmasına yönəldilib”.

Nazir bildirib ki, bank sahəsində əməkdaşlığın genişləndirilməsi İran və Azərbaycan arasında ticarət əlaqələrinin gələcək inkişafı üçün lazımdır: “Hazırda ölkələrimiz arasında əmtəə dövriyyəsi 500 milyon dollar təşkil edir. Hesab edirəm ki, bir-birinə bu qədər yaxın olan iki ölkə və xalq üçün bu, çox yaxşı göstəricidir. Azərbaycan və İran bu göstəricini 4 dəfə - 2 milyard dollara kimi - artırmağı qarşısına məqsəd qoyub”.

XS
SM
MD
LG