Bu gün, iyulun 28-də Biləsuvar rayonunda (Bakıdan 179 kilometr cənub) bir qrup yerli sakin suvarma suyu problemi ilə bağlı rayon icra hakimiyyətinin binasının yerləşdiyi küçəni bağlamağa cəhd edib.
Küçəni bağlamağa cəhd edən Yuxarı Cürəli və Təzəkənd kənd sakinləri polis əməkdaşları tərəfindən xəbərdarlıq edilib. Xəbərdarlığa riayət etməyən sakinlər polis şöbəsinə aparılıb.
Bununla yanaşı, digər etirazçılar rayon icra hakimiyyətinin başçısı və adiyyatı qurumların rəhbərləri tərəfindən qəbul edilib.
Biləsuvar rayon Polis Şöbəsindən bildiriblər ki, polis şöbəsinə gətirilən on nəfərlə söhbət aparıldıqan sonra hamısı sərbəst buraxılıb.
Yerli sakinlər suvarma suyunun qıtlığının yaranmasında əsas səbəb kimi son dövrlərədək qışlaq otaqları kimi istifadə edilən 50 min hektaradək ərazinin əkin sahəsi kimi istifadə edilməsini göstərir.
“Həmin sahələr yüksək vəzifəli məmurlar tərəfindən ələ keçirilərək əkin sahəsi kimi istifadə olunur. Belə ki, Araz çayından Biləsuvara gələn suvarma suyu bu sahələrin suvarılmasına sərf olunur. Bu səbəbdən də yerli sakinlər su qıtlığından əziyyət çəkir,” bir yerli sakin Amerikanın Səsinə deyib.
Rayonun İsmətli kənd sakini İxtiyar Ağayev də yaşadığı kənddəki əkin yerlərinin suvarma suyu olmadığından qızmar günəş altında məhv olduğunu bildirir.
Ağayev də suvarma sularının daha çox himayəli fermerlərin istifadə etdiyini deyir.
Bununla yanaşı, Biləsuvar rayon Suvarma Sistemləri İdarəsi və yerli icra hakimiyyətindən sakinlərin etirazı ilə bağlı şərh almaq mümkün olmayıb.