Prezident Bayden ölkədə benzinin qiymətini aşağı salmaq üçün ABŞ-ın strateji neft ehtiyatının istifadə olunması qərarı ilə əlaqədar cümə axşamı Amerika xalqına müraciət edib. ABŞ lideri Vaşinqton və müttəfiqlərinin Ukraynada əsassız müharibəyə başlayan Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara toxunub.
“Putinin suveren ölkəyə qəddar və barbar müdaxilə həyata keçirmək qərarı minlərlə insanın həyatını itirməsi və saysız-hesabsız dağıntılarla nəticələnib. Biz NATO müttəfiqləri və avropalı tərəfdaşlarla işləyərək, Ukrayna xalqına həm maddi, həm də hərbi yardım etməklə və Rusiyaya qarşı indiyədək başqa heç bir ölkəyə tətbiq edilməmiş ən sərt sanksiyaları tətbiq etməklə cavab veririk” - deyə, Bayden bildirib.
“Bu tədbirlər Rusiya iqtisadiyyatına zərbə vurur, Putini dünyadan təcrid edir, ukraynalılara öz ölkələri uğrunda mübarizə aparmağa kömək edir və onların iztirablarını yüngülləşdirir. Amma əvvəlcədən dediyim kimi, Putinin müharibəsi amerikalılar və onların müttəfiqləri üçün də təsirsiz keçməyib”, Bayden bildirib.
Ağ Ev altı ay ərzində bazara gündə bir milyon barel neft çıxarmaq niyyətindədir.
ABŞ-ın ABŞ-ın strateji neft ehtiyatından neftin bazara belə böyük həcmdə çıxarılmasının indiyə qədər presedenti olmayıb.
“Dünya heç vaxt belə sürətlə - gündə 1 milyon - və bu qədər uzun müddət ərzində neft ehtiyatlarının buraxılmasını görməyib”, prezident Bayden vurğulayıb.
Bu rekord neft satışı ilin sonuna qədər ölkə daxilində neft hasilatının artacağı gözlənildiyi vaxtadək ABŞ bazarının bütün ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.
Martın 8-də prezident Bayden Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar olaraq Rusiya nefti, neft məhsulları, qaz və kömür idxalına tam qadağa qoyulduğunu elan edib. ABŞ prezidenti bu qərarı “Rusiya iqtisadiyyatının əsas arteriyasına zərbə” adlandırıb.
ABŞ-ın strateji neft ehtiyatının “açılması” haqda xəbərlərin verilməsi ilə neftin qiyməti 3 faiz enərək, bir barel üçün 104 dollar olub. Bir il əvvəl bir barelin qiyməti 60 dollar idi.
Strateji neft ehtiyatı fondu 1973-cü ildə neft böhranından sonra təbii fəlakət və ya milli təhlükəsizliklə əlaqədar vəziyyətdə neftin təmin edilməsi üçün yaradılmışdır.
ABŞ-ın təxminən 600 milyon barel həcmində strateji neft ehtiyatı Texas və Luiziana ştatlarının sahillərində təbii yeraltı anbarlarda (duz qübbələrində) saxlanılır.