İsrail qüvvələri Livanın cənubunda İranın dəstəklədiyi Hizbullah militantlarına qarşı quru hücumunu gücləndirərkən ABŞ prezidenti Co Baydenin oktyabrın 9-da İsrailin baş naziri Benyamin Netanyahu ilə danışacağı gözlənilir.
Reuters və Axios-un adının çəkilməməsi şərti ilə məsələ ilə bağlı məlumatlı şəxslərə istinadən yaydığı xəbərlərdə deyilir ki, danışıqlarda Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsinin qisasını almaq üçün keçən həftə Tehranın İsrailə qeyri-effektiv raket hücumuna cavab olaraq İsrailin İrana mümkün zərbə planlarına da toxunulacaq.
Danışıqlar Bayden və Netanyahu arasında avqustdan bəri məlum olan ilk təmas olacaq.
Livanın cənubuna nəzarət edən qrup və siyasi partiya olan Hizbullah ABŞ tərəfindən terror təşkilatı kimi tanınır, Avropa İttifaqı isə bu qüvvənin Livan parlamentində yer alan partiyasını deyil, silahlı qanadını qara siyahıya salıb.
Oktyabrın 9-da Hizbullah bəyanat yayaraq bildirib ki, onun döyüşçüləri Livanla sərhəddə yerləşən Labbuna kəndi yaxınlığında İsrail əsgərlərinə qarşı artilleriya və raketlərdən istifadə ediblər.
Ayrı bir bəyanatda qrup, Livanın cənub-şərqində "sərhəd Blida şəhərinə sızmağa cəhd edən" İsrail qüvvələri ilə döyüşə girdiyini bildirib.
İsrail ordusu oktyabrın 9-da səhər saatlarında Hayfanın cənubundakı sahil şəhəri olan Sezariyya və onun ətrafında hava hücumu siqnalları səslənərkən Livandan atılan iki mərmini vurduğunu bildirib.
Son döyüşlər, İsrailin də Nəsrullahın varisinin çox güman ki, “aradan çıxarıldığını” iddia etməsindən sonra bölgədə daha böyük bir qarşıdurma qorxusu artdığı vaxta təsadüf edir.
İsrailin müdafiə naziri Yoav Qallant oktyabrın 8-də bildirib ki, Hizbullah “başçısı olmayan bir təşkilatdır”.
"Nəsrullah aradan qaldırıldı. Çox güman ki, onun əvəzedicisi də aradan qaldırılıb", Qallant ordunun şimal komandanlıq mərkəzindəki zabitlərə ətraflı məlumat vermədən deyib.
"Qərar verəcək, hərəkət edəcək heç kim yoxdur", o bildirib.
Daha sonra Netanyahu bu şərhləri təkrarlayaraq, “Biz Hizbullahın imkanlarını aşağı salmışıq” deyib.
“Biz minlərlə terrorçunu məhv etdik, o cümlədən Nəsrullahın özü və Nəsrullahın əvəzi və onun yerinə gələnləri”, Netanyahu bildirib.
Hizbullahın yüksək səviyyəli rəsmisi və Nəsrullahın əmisi oğlu olan Haşem Səfiəddinin qruplaşmanın ən yüksək vəzifəsinə təyin ediləcəyi gözlənilirdi, lakin oktyabrın 2-də İsrailin Hizbullah rəhbərliyinin ehtimal edilən toplantısına hücumundan sonra onun harada olduğu və vəziyyəti barədə məlumat yoxdur.
Hizbullah Səfiəddinnin taleyi ilə bağlı heç bir şərh verməyib. Lakin anonim şəxslər müxtəlif kütləvi informasiya vasitələrinə baş vermiş hücumdan sonra qruplaşmanın onunla əlaqəni itirdiyini bildiriblər.
Səfiəddin ABŞ tərəfindən qlobal terrorçu elan edilib.
Bu arada ABŞ-ın vitse-prezidenti Kamala Harris CBS telekanalının “60 Minutes” proqramına müsahibəsində deyib ki, o, İranı ABŞ-ın ən böyük düşməni hesab edir.
"İranın əli amerikalıların qanına batıb. Bununla bərabər, bizim İsrailə qarşı bu hücumda gördüklərimiz - 200 ballistik raket. Mənim ən yüksək prioritetlərimdən biri İranın heç vaxt nüvə gücünə sahib olma qabiliyyətinə çatmamasını təmin etmək üçün edəcəklərimizdir", o bildirib.
Forum