Accessibility links

Bayden Yaxın Şərqdə gərginliyin artdığı bir vaxt təhlükəsizliklə bağlı danışıqlar aparır


İsrail liderləri ölkənin İran və ya onun regiondakı tərəfdarları tərəfindən hücuma məruz qalacağı təqdirdə "ağır bir qiymət" ödəyəcəkləri barədə xəbərdarlıq etdiyi bir vaxt ABŞ prezidenti Co Bayden bazar ertəsi milli təhlükəsizlik komandası ilə Yaxın Şərqdəki gərginliyi müzakirə etməyə və İordaniya kralı II Abdulla ilə görüşməyə hazırlaşır.

ABŞ-İordaniya danışıqları İordaniyanın xarici işlər naziri Ayman Səfadinin İrana səfər edərək, gərginliyə son qoymağa, regionda "sülh, təhlükəsizlik və sabitlik" içərisində yaşamağa çağırmasından bir gün sonraya təsadüf edir.

ABŞ-ın müdafiə naziri Lloyd Austin bazar günü israilli həmkarı Yoav Qallantla danışaraq, "İrandan və onun Livandakı "Hizbullah" və Yəməndəki husilər kimi tanınan etibarlı tərəfdaşlarından gələn təhdidlərinə qarşı ABŞ-ın İsrailin təhlükəsizliyinə və özünümüdafiə hüququna dəmir dəstəyini" bir daha təkrarlayıb.

Pentaqonun bəyanatında "Onlar nazirliyin ABŞ qüvvələrinin müdafiəsini gücləndirmək, İsrailin müdafiəsini dəstəkləmək, regionda artan gərginliyin qarşısını almaq və ya azaltmaq üçün atdığı addımları müzakirə edib" deyilib.

Pentaqonun cümə günü bildirdiyinə görə, Birləşmiş Ştatlar bölgəyə təyyarədaşıyan və əlavə hava hücumundan müdafıə sistemləri yerləşdirir.

Ağ Evin Milli Təhlükəsizlik Şurası müşavirinin müavini Conatan Fayner CBS tele-kanalına müsahibəsində "Məqsədimiz gərginliyi azaltmaqdır. Məqsədimiz çəkindirməkdir. Məqsədimiz İsraili müdafiə etməkdir" deyib.

"Biz hər ehtimala hazırlaşırıq. Biz regional müharibənin heç kimin marağında olduğunu düşünmürük" - deyə, Fayner əlavə edib.

Vəziyyət keçən həftə İsrailin Beyruta hava hücumu zamanı "Hizbullah" komandiri Fuad Şükürünün öldürülməsi və bir neçə saat sonra Tehranda İranın İsraili günahlandırdığı HƏMAS-ın siyasi lideri İsmayıl Həniyəyə qarşı sui-qəsddən sonra daha da gərginləşib.

ABŞ, Fransa, Kanada, İordaniya və Britaniya öz vətəndaşlarına Livanı tərk etməli olduqlarını bəyan edib. Fransa vəziyyətin "çox qeyri-sabit" olduğu barədə xəbərdarlıq edib. Bir neçə avia-şirkət bölgəyə xidmətini ya tamamilə dayandırıb, ya da məhdudlaşdırıb.

Haniyə keçən həftə Tehranda İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən qısa müddət sonra qaldığı qonaq evində öldürüldükdən sonra İranın ali dini lideri Ayətullah Əli Xameneyi açıqlamasında "Biz qisas almağı özümüzə borc bilirik" deyib.

New York Times-ın İranın üç rəsmisinə istinadla verdiyi xəbərə görə, o, Haniyənin öldürülməsinə cavab olaraq, İsrailə birbaşa zərbə endirilməsi əmrini verib.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi Fox News Sunday-ə "ali dini lider cavab verəcəyini deyirsə, biz bunu ciddi qəbul etməliyik. Hazır olduğumuza əmin olmalıyıq" deyib.

İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü İranın və onun tərəfdaşlarının İsraili “terror” mühasirəsinə almağa çalışdıqlarını bildirib.

ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərqdə gərginliyin aradan qaldırılmasının təcili müzakirə edilməsi üçün bazar günü G7-nin (Böyük Yeddilər) xarici işlər nazirləri ilə danışıb.

Forum

XS
SM
MD
LG