Accessibility links

Mehman Hüseynovun həbsdən azad edilməsi tələb edilir - bəyanatlar


Mehman Hüseynov
Mehman Hüseynov

Bloger Mehman Hüseynovun həbsi beynəlxalq və yerli təşkilatların reaksiyalarına səbədb olub. Bəyanatlarda blogerin həbsi pislənir və azadlığa buraxılması tələb edilir.

Nils Mujnieks ( Foto by : Parvana Bayramova)
Nils Mujnieks ( Foto by : Parvana Bayramova)

Avropa Şurası insan hüquqları üzrə komissar Nils Mujnieks Tvitterdəki mikrobloqunda bloger Mehman Hüseynovun barəsində hökmü pisləyib.

O, hakimiyyəti tənqid edənlərə qarşı repressiyalaya son qoymağa və blogeri azad etməyə çağırıb.

“Sərhədsiz Reportyorlar” təşkilatı da analoji reaksiya verərək M.Hüseynovun dərhal azadlığa buraxılmasını tələb edib.

Beynəlxalq hüquq-müdafiə təşkilatları koalisiyası Mehman Hüseynovun işi üzrə ümumi bəyanat hazırlayırlar. Bu barədə onlar sosial şəbəkələrdə məlumat yayıb.

Müsavat Partiyasının bəyanatında deyilir ki, M.Hüseynovun sosial şəbəkələrdə müəllifi olaraq yaydığı videosüjetlərlə məşhurdur, yüz minlərlə izləyicisi var.

“M.Hüseynovun çəkdiyi videosüjetlərdə hakimiyyətin yüksək vəzifəli məmurlarının korrupsiya əməlləri təkzibedilməz şəkildə sübut edilir. Sözsüz ki, onun bu cür fəaliyyəti korrupsiyaçı və mürtəce hakimiyyəti həmişə narahat edib və ona qarşı təzyiqlərə səbəb olub”.

Müsavat Partiyasının başqanı Arif Hacılı
Müsavat Partiyasının başqanı Arif Hacılı

Bəyanatda vurğulanır ki, günahkarlar cəzalanmalı ikən, blogeri cəzalandırmaq qərarı verilib.

“Suraxanı Rayon Məhkəməsinin qərarı qanunsuz, siyasi sifarişdir. M.Hüseynovun dərhal azad olunmasını tələb edirik. Bu həbs söz və mətbuat azadlığı haqqında beynəlxalq normalara və milli qanunvericiliyə tamamilə ziddir”, Müsavat Partiyası belə hesab edir.

Media Hüququ İnstitutunun bəyanatında deyilir ki, Daxili İşlər Nazirliyinin rəhbərliyinin təşəbbüsü ilə Cinayət Məcəlləsinin 147-ci maddəsiyləböhtan ittihamı əsasında verilmiş hökm sifarişlidir.

MHİ hesab edir ki, həbs bilavasitə M.Hüseynovun “Sancaq” blogunda yaydığı, hakimiyyətin yuxarı eşalonunda olanların korrupsiya əməlləri, yanlış siyasətləri barədə geniş auditoriya qazanmış tənqidi videomaterialları və şərhləri ilə bağlıdır.

Media Hüququ İnstitutu
Media Hüququ İnstitutu

“Bu qanunsuz hökm bir daha hökumətin yüksək səviyyədə “Azərbaycanda heç kim ifadə azadlığına görə həbs cəzasına məhkum edilmir. Cinayət Məcəlləsinin böhtan və təhqirə görə ağır cəzalar nəzərdə tutan 147 və 148-ci maddələriniin tətbiqinə moratorium qoyulub”, məzmununda bəyanatlarının həqiqəti əks etdirmədiyini bir daha sübut edir”, MHİ qeyd edir.

Bəyanatda deyilir ki, bu həbs həm də onu göstərir ki, hökumət fundamental insan haqlarını pozarkən bunu başqa bəhanələrlə pərdələmək ehtiyacı duymur və açıq-saçıq davranmaq yolunu tutub.

Media Hüququ İnstitutu hökumətdəki Azərbaycanın gələcəyini firavan görmək istəyən dairələri M.Hüseynovu bu qanunsuz həbsdən dərhal azad etməyə, hər kəsin ifadə azadlığını təmin edən qanunların gerçəkdən təmin olunması üçün normal şərait yaratmağa çağırır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli facebook səhifəsində yazır ki, Mehman Hüseynov bu ölkənin ən populyar videobloqçusudur. Xüsusilə gənclər arasında çox populyardır.

Əli Kərimli
Əli Kərimli

“Onun həbsinin bir məqsədi də gənclər arasında ruh düşkünlüyü, qorxu yaratmaqdır. Daha əvvəl Elmar Hüseynov öldürüləndə də, Elmardan sonrakı dövrün ən cəsarətli jurnalistləri Qənimət Zahid, Xədicə İsmayıl, Seymur Həzi və digərləri həbs ediləndə də hədəf cəmiyyəti bütövlükdə susdurmaq idi. Lakin alınmadı. Nə qeyd etdiyim həbslər, nə də ölkənin sonuncu müstəqil nəşri olan“Azadlıq” qəzetinin çapına qadağa qoyulması azad sözü susdura bildi. Hansımızı həbs edirlər etsinlər, indiki internet dövründə milləti susdurmaq mümkün olmayacaq. Əminliklə deyirəm ki, ölkədə yüzlərlə gənc Mehman Hüseynovun yolunu davam etdirəcək. Korrupsionerlər hər adddımda ifşa olunacaq”, Əli Kərimli yazır.

XS
SM
MD
LG