Accessibility links

Azərbaycan XİN: “Ermənistana qarşı lazımı reaksiyanın verilməməsi gözlənilməz fəsadlar doğura bilər”


Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi Ermənistanın Azərbaycanın nəzarətində olan ərazilərində keçirdiyi hərbi təlimi, Ermənistan prezidentinin Azərbaycan ərazilərinə qanunsuz səfəri və orada səsləndirdiyi bəyanatları ilə əlaqədar ATƏT üzv dövlətlərinə, ATƏT-in Daimi Şurasının sədrinə, ATƏT-in katibliyinə və müvafiq təsisatlarına məktub ünvanlayıb.

Martın 25-də Azərbaycanın ermənilərin nəzarətində olan ərazilərindəki hərbi hissələrdən birində çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan deyib ki, əgər Bakı Qarabağa qarşı hərbi güc tətbiq edərsə Rusiyanın verdiyi “İsgəndər” raketləri ilə Azərbaycanın mühüm infrastrukturlarına zərbələr endiriləcək.

Sarkisyanın sözlərinə görə, Bakıda bunu yaxşı başa düşürlər, odur ki, özlərini sakit aparırlar.

Azərbaycanın ATƏT üzv dövlətlərinə, ATƏT-in Daimi Şurasının sədrinə, ATƏT-in katibliyinə və müvafiq təsisatlarına ünvanladığı məktubda deyilir ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-ın sənəd və qərarlarını pozaraq, Azərbaycanın işğal edilmiş ərazilərində tabor səviyyəsində genişmiqyaslı hərbi təlimlər keçirib.

“Ermənistan prezidenti 25 mart 2017-ci ildə hərbi təlimlərin son mərhələsində şəxsən iştirak edib. Bu münasibətlə o, işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş, “döyüş vəzifələrini yerini yetirərkən fərqlənən hərbi qulluqçuları təltif etmiş” və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təhdid məzmunlu təxribatçı bəyanatlar vermişdir.

Ermənistan prezidenti Ermənistan silahlı qüvvələrini xristianlığın keşikçiləri adlandıraraq, münaqişəyə dini çalar verməyə cəhd etmişdir. Bununla belə, o, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında iştirakını və bu xüsusda özünün fərdi məsuliyyətini qəbul etmişdir. O bəyan etmişdir ki, 2016-cı il aprel döyüşləri gedişində “cavab hücumuna keçmək əmri vermişdir”, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən yayılmış məktubda qeyd edilir.

Sənəddə deyilir ki, Ermənistan prezidentinin bəyanatı atəşkəs üçün baza sənədi olan Bişkek Protokolunun Ermənistan tərəfindən pozulmasının aydın göstəricisidir.

“Bunun müqabilində Ermənistan işğal olunmuş ərazilərdə hərbi mövqelərini möhkəmləndirir və genişləndirir, hərbi avadanlıq və vasitələri işğal edilmiş ərazilərə ötürür, bununla da hərbi əməliyyatların dayandırılmasından işğala əsaslanan status kvo-sunu möhkəmləndirmək üçün istifadə edir”.

Məktubda bildirilir ki, Ermənistan prezidentinin bəyanatı kifayət qədər aydındır və izaha ehtiyacı yoxdur: “Bu gün Ermənistan Ali Baş Komandanı gözünü belə qırpmadan lazım olacağı təqdirdə, İskəndər raketləri ilə zərbə endirmək əmri verəcək. Qonşu dövlət bunu çox yaxşı bilir” (Serj Sarkisyan)”, məktubda Ermənistan prezidentinin çıxışından sitat gətirilir.

Sənəddə həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ernınistan tərəfindən yerinə yetirilmədiyi xatırladılır.

“Əvəzində, Ermənistan atəşkəsdən öz silahlı qüvvələrinin təkmilləşdirilməsi və təlimlərin keçirilməsi üçün istifadə edərək, silahlı qüvvələrini yeni işğallar üçün hazır vəziyyətə gətirir. Bu, erməni tankları tərəfindən azərbaycanlı əhalinin qovulduğu dağıdılmış evlərin hədəf alınaraq atəşə tutulması zamanı da nümayiş etdirilmişdir. Bu, həmçinin Ermənistan rəhbərliyi tərəfindən Azərbaycan və onun mülki əhalisinə qarşı aparılmış insanlığa qarşı silsilə cinayətlər və genosid fəaliyyətlərinə əyani sübütdür”.

Azərbaycan bəyan edir ki, Ermənistan və onun yüksək rütbəli rəsmilərinin “təxribatçı və təcavüzkar ritorikası” ölkənin beynəlxalq hüquq və Ermənistan və Azərbaycan münaqişəsinin həlli üzrə siyasi proseslər çərçivəsində verdiyi öhdəliklərin əleyhinədir.

“Bu, Ermənistan tərəfindən Azərbaycana qarşı gücdən qanunsuz istifadənin davamının göstəricisidir. Ona görə də Helsinki Yekun Aktında da əks olunduğu kimi dövlətlərarası münasibətlərin baza prinsiplərinin kobud şəkildə pozulmasının qarşısının alınması üçün ATƏT yekdil mövqe nümayiş etdirməlidir”.

Azərbaycan ATƏT, xüsusilə ATƏT-ın Minsk Qrupu və həmsədrlərini, həmçinin Avstriyanın ATƏT Sədrliyini BMT Təhlükəsizlik Şurasının müvafiq müddəalarını və atəşkəs rejiminin kobud şəkildə pozulmasını ictimai şəkildə pisləyərək, Ermənistandan Azərbaycana qarşı təcavüzə son qoymasını, qoşunlarını çıxarmasını və münaqişənin həlli istiqamətində davamlı həllə nail olunması üçün substantiv danışıqlara cəlb olunmaqda xoş niyyət göstərməsini tələb etməyə çağırır.

“Ermənistan tərəfindən bu səpkidə olan və təkrarlanan təxribatlara qarşı lazımı reaksiyanın verilməməsi sülh prosesinə ciddi zərbə olaraq gözlənilməz fəsadlar doğura bilər ki, bunun da məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, sənəddə qeyd edilir.

XS
SM
MD
LG