Accessibility links

24 beynəlxalq təşkilat Mehman Hüseynovun həbsini pisləyən birgə bəyanat yayıb


Beynəlxalq Koalisiya
Beynəlxalq Koalisiya

24 beynəlxalq təşkilat Azərbaycan hakimiyyətini ölkədə söz və ifadə azadlığının pozulması üzrə atılmış son addımlara görə kəskin tənqid edib.

Onların 3 mart tarixli birgə bəyanatında deyilir ki, Mehman Hüseynovun barəsində hökm hakimiyyətin söz azadlığına hörmət etmək istəmədiyini və tənqidi səslərə qarşı repressiyaları davam etdirəcəyini göstərir.

“Bu günki hökm və Mehman Hüseynovun həbsə məhkum olunması qəzəbləndiricidir - bu, Azərbaycanda hakim İlham Əliyev rejiminin tənqidçilərinin hədəf olduğunun daha bir nümunəsidir.

Bu, həmçinin göstərir ki, ötən il bir sıra tanınmış siyasi məhbusların azad edilməsindən sonra heç nə dəyişməyib.

Siyasi motivli həbslər əvvəlki kimi adi haldır və Mehman Hüseynov bu gün həbsdə olan 13 jurnalst, bloger və KİV işçisindən biridir.

Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq onların hamısı dərhal və qeyd-şərtsiz azad edilməlidir”, “Sərhədsiz Reportyorlar”ın Britaniya bürosunun rəhbəri Rebekka Vinsent bildirib.

“Mehman Hüseynovun başına gələn hadisə hakimiyyətin hüquq müdafiəçilərini, jurnalistləri və fəalları cəzalandırmaq üçün istifadə etdiyi təhqiredici və özbaşına metodların nümunəsidir.

Mehman Hüseynov dərhal və qeyd-şərtsiz azad edilməli, işgəncəyə və amansız rəftara görə təzminat almalı, bunda təqsirli olanlar isə mövqeyindən asılı olmayaraq, məsuliyyətə cəlb edilməlidir.

Beynəlxalq ictimaiyyət Azərbaycanda hüquq müdafəçilərinə, jurnalistlərə və vəkillərə qarşı repressiyaların davam etdiyini və gücləndirildiyini nəzərə alaraq hərəkət etməlidir. Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyət İnsan Hüquqları Şurasının ən güclü diqqətinə və addımlarına layiqdir”, İnsan Hüquqları Evi Fondunun vəkillər qrupunun rəhbəri Flroian İrminger bildirib.

“Biz ədalətli mühakiməni ələ salmaqdan başqa bir şey olmayan bu biabırçı hökmdən çox məyus olduq”, KİV-ə Beynəlxalq Dəstək (İMS) təşkilatından Gülnarə Axundova bildirib.

“Maraqlıdır ki, Mehmah Hüseynov 2017-ci il fevralın 21-də birinci ledi Mehriban Əliyevanın vitse-prezident seçilməsini tənqid etmişdi. Mehriban Əliyeva ölkənin vitse-prezidenti təyin edilənə qədər hökumət avtoritar hakimiyyətin möhkəmləndirilməsi və mübahisəli təyinatla bağlı istənilən fərqli düşüncənin qarşısını almaq məqsədilə fəalların, jurnalistlərin və blogerlərin növbəti həbs və təqib dalğası həyata keçirib”, FİDH-dən Saşa Kulayeva qeyd edib.

"Xüsusən, hakimiyyət bir neçə müxalifət nümayəndəsini, o cümlədən 10 AXCP üzvünü, REAL hərəkatının bir üzvünü və D18 hərəkatının bir üzvünü yalan ittihamla həbs edib.

Saxlanılanlara qarşı işgəncə, amansız və alçaldıcı rəftar haqqında səhih məlumatlar var. Məsələn, 30 günlük həbs olunmuş Rahim Şaliyev bu barədə vəkilinə bildirib.

Fevralın 17-də kend.info saytının redaktoru, İsmayıllı rayonunda korrupsiya faktlarını və insan hüquqlarının pozulmasını tənqid edən Elçin İsmayıllı həbs edilib.

Fevralın 22-də Türkiyənin FOX TV kanalı Mehriban Əliyevanın təyinatını tənqid etdikdən sonra hakimiyyət yayımı dayandırıb.

Yeganə müxalifət qəzeti olan “Azadlıq” qəzeti təzyiqlərə məruz qalır. Fevralda qəzetin ondan çox əməkdaşı maliyyə direktoru Faiq Əmirova qarşı cinayət işi çərçivəsində prokurorluğa dindirilməyə çağırılıb.

Bundan öncə qəzetin şərhçisi Seymur Həzi uydurma ittihamla həbs edilib.

Son günlər hakimiyyət İnternet və online-content üzərində nəzarətin gücləndirilməsinin vacibliyi barədə bəyanatlar verir.

Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov müstəqil KİV-i və jurnalistlərin hüquqlarını müdafiə etməli olduğu halda blogerlərin və fəalların İnternetdəki fəaliyyətinə nəzarət etmək məqsədilə onların məcburi qeydiyyatı barədə təklifləri parlamentə təqdim edib.

Hakimiyyət xaricdə hökuməti tənqid edənlərin təqib olunması siyasətini davam etdirir.

Belə ki, “Meydan”TV-nin rəhbəri Emin Milli Avropa parlamentində Azərbaycanda insan hüquqları ilə çıxışından sonra Azərbaycan hakimiyyətinin hədələrinə məruz qalıb.

Azərbaycan hakimiyyəti həm ölkədə, həm də xaricdə söz azadlığı və insan haqlarını pozur”, Article 19-dan Keti Morris bildirib.

“Avropa hökumətləri hökuməti tənqid edənlərin və onların ailə üzvlərinin həbsinə, təqiblərə və işgəncələrə məruz qalmasına laqeyd olmamalıdır və Bakını cavab verməyə çağırmalıdır”, o əlavə edib.

Hakimiyyət Hollandiyada yaşayan bloger Orduxan Teymurxanın qohumlarını təqib edir.

“Biz aşağıda imza edən təşkilatlar Azərbaycan hökumətini tənqidçilərin təqib edilməsinə və saxlanmasına son qoyulmasına çağırır.

İşgəncələr barədə məlumatlar araşdırılmalı, siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azad edilməlidir.

Hakimiyyəti tənqid edənlərə qarşı təqib və təzyiq kampaniyasına dərhal son qoyulmalıdır.

Biz həmçinin beynəlxalq birliyi Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə, Azərbaycandan insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərini yerinə yetirməyi tələb etməyə çağırırıq!", bəyanatda deyilir.

Sənədi Article 19, Jurnalistləri Müdafiə Komitəsi(CPJ), “Sərhədsiz Reportyorlar”, İnsan Hüquqları Evi Fondu, Beynəlxalq Pen Klub, İşgəncələr Əleyhinə Təşkilat və iyirmiyə yaxın digər təşkilat imzalayıb.

XS
SM
MD
LG