"Mən, yoxsul bir ailədən gəlmişəm". Bu sözlər onlarla əsərin müəllifi, kitabları qərb dillərində nəşr olunmuş Kanada Pen Klubunun keçmiş sədri, azərbaycanlı yazıçı Dr. Rza Bərahəniyə məxsusdur. Rza Bərahəninin ailəsi yoxsul olsa da, uşaqların yaxşı məktəbdə təhsil almasına çalışıb. Müəllifin dediyinə görə, onun böyük qardaşı İranda elmi psixologiyanın banisidir. Rza "O kişi ki, arvadını itirmişdi" nağıl kitabını oxuyandan sonra onda yazma qabiliyyətinin olduğunu aşkar edir və bundan sonra yazmağa başlayır. Bir çox iranlı ziyalı kimi ölkəsini tərk etmək məcburiyyətində qalan yazıçı azərbaycan, türk, fars, ingilis, fransız və ərəb dillərini bilir.
Rza Bərahəninin kitabları farscaya əlavə olaraq ingilis və fransız dillərinə tərcümə edilərək bu dillərdə də nəşr olunub. Kanadanın Pən Klubunun nümayəndələri əsərləri ilə beynəlxalq miqyasda tanınmış, başqa qələm dostlarının rəğbətini qazanmış azərbaycanlı yazıçıya təşkilatın sədrliyinə namizəd olmasını təklif etdikdə o bu təklifi qəbul edərək Pən Klubun sədri seçilib və bu vəzifədə olduğu zaman təşkilatda bir neçə mütərəqqi dəyişikliyi həyata keçirib.
Rza Bərahəni şah dövründə solçu fikirlərinə görə həbs olunub. O, İranda İslam İnqilabından sonra da həbs olunub və edam olunmaqdan son anda xilas ola bilib. Ədəbi fəaliyyətlərini davam etdirən yazıçı artıq İranda qala bilməyəcəyini başa düşərək, ölkəni tərk edir. Dr. Bərahəni hazırda Kanadanın Toronto şəhərində yaşayır və York Universitetində müasir ədəbiyyat və ədəbi tənqiddən dərs deyir.
Bərahəni azərbaycan və türk dilində yazmasa da, Cəfər Pişəvərinin Azərbaycan Demokrat Firqəsinin hakimiyyəti dövrü bir il türk dilində oxuduğuna görə bu dili ədəbi dil kimi yaxşı bilir. Dr. Bərahəninin romanları, şerləri və digər əsərlərində həmişə Azərbaycan mövzusuna geniş yer verilir. Bu əsərlərdə azərbaycanlı obrazı və Azərbaycanın təbiəti canlandırılır. "4-cü sinfə başlayanda gördüm ki, ilk dəfə olaraq evdə danışdığım dillə məktəbdə oxuduğum dil arasında heç bir fərq yoxdur. Buna görə həmin bir il ərzində, öz-özümə yad olmaq kimi hiss keçirmədim. Lakin sonra Tehran ordusu gəldi və yenidən məktəbdə dil fars dili oldu."- deyə o xatırlayır. O zaman tələbələr təhsillərinə davam etmək üçün ikinci dil kimi ancaq ingilis dilini seçə bilirdilər. Rza Bərahəni universitetdə ingilis dili və ədəbiyyatı sahəsində təhsil alır. Ondan universitetdə də ikinci dil seçmək tələb olunur və o, fransız dilini seçir. İndi 75 yaşlı yazıçı deyir ki, görünür o zamanda ikinci, ya da üçüncü dildən məqsəd türk dili deyilmiş. Rza Bərahəni anadilində təhsil imkanından məhrum olmaq hesabına başqa dilləri öyrəndiyini xatırlayaraq deyir ki, “Beləliklə, mən bir neçə dil bilən bir adam oldum."
O, əsərləri haqda danışarkən deyir: "Mən əvvəldən 3 janrda yazmağa başlamışam və buna davam edirəm. Həm şer, həm roman, həm də ədəbi tənqid janrlarında yazıram." Bərahəni əlavə erdir ki, şer və romanları başqa dillərə tərcümə olunduğuna görə o daha çox bu janrlarla tanınır.
Bərahəni iranlılar arasında bir azərbaycanlı və radikal siyasətçi kimi tanınınmışdır: "Mən 40-50 il milli demokratik haqlar üzərində çalışmışam. Dil azadlığı mənim məqsədlərimdən biri olub. Senzura ilə mübarizələrə qoşulmuşam. Yoxsul ailədən gəldiyimə görə siniflər məsələsi həmişə mənim fikrimi məşğul edib və mən 40-45 il əvvəldən indiyə kimi qadınların kişilərlə bərabər haqlara sahib olmalarını müdafiə etmişəm"
Dr. Rza Bərahənin əsərlərinə yüksək ədəbi qiymət verilib. Bir neçə il bundan əvvəl o, ədəbiyyat sahəsində NOBEL mükafatına namizəd göstərilsə də sonradan namizədlər siyahısından çıxarılıb ki, bunun onun bəzi iranlı müxaliflərinin fəaliyyəti nəticəsində baş verdiyi deyilir.
Dr. Rza Bərahəninin kitablarının böyük hissəsi İranda çap olunub. Onun əsərlərinin bir hissəsi (3500 səhifə) fransız dilində nəşr edilib. Bundan əlavə, yazıçının əsərləri əsasında 7-8 pyes yazılıb və tamaşaya qoyulub. Şah dövrü onun bir neçə kitabı ABŞ-ın Nyu York şəhərində çap olunub.
Dr. Rza Bərahəni "Kanada İran Azərbaycanlılarının Dil və Ədəbiyyat Cəmiyyəti”nin təsisçilərindəndir və bir neçə il cəmiyyətin sədri vəzifəsini yerinə yetirib.