Accessibility links

Bensu adlı uşağa 2 ildir şəxsiyyət vəsiqəsi verilmir


Təbrizdə bir ailə uşaqlarının doğumundan 2 il keçməsinə baxmayaraq, ona şəxsiyyət vəsiqəsi ala bilməyib.

Təbrizli Bensu adlı qız uşağının doğumundan 2 il keçsə də Təbriz Qeydiyyat İdarəsi uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina edir.

Bensunun atası Meysəm Nicati öz Twitter hesabında yazıb: "Mənim qızımın iki yaşı var, hələ ona şəxsiyyət vəsiqəsi ala bilməmişəm, çünki adını ana dilimizdə qoymuşam."

HRA xəbər agentliyi bu barədə, İranda hökumət tərəfindən təsdiq edilən adlar kitabçasında qeyd olunan ad siyahısında, siyasi və məzhəbi məhdudiyyətlər və anlayışların tətbiq edildiyini yazıb. İranda insan haqları üzrə fəaliyyət göstərən xəbər agentliyi İran Qeydiyyat İdarəsinin bu siyasətinin insan hüquqları konvensiyalarına zidd olduğunu və hökumətin bu siyasəti nəticəsində vətəndaşların dini, etnik və ya mədəni kimliklərinə görə uşaqlarına ad qoymaqdan məhrum qaldığını yazıb.

İran Azərbaycanında bir çox ailə uşaqlarına istədikləri türkcə adla şəxsiyyət vəsiqəsi almaqda çətinlik çəkirlər. Bəzi ailələr uşaqlarına şəxsiyyət vəsiqəsi almaq üçün uzun müddətli proseduraları keçdikdən sonra nəhayət öz istədikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi almağa nail ola bilirlər.

1989-cü ildə yazılmış Uşaq Hüquqları Konvensiyasının 7 və 8-ci maddələrinə görə uşaqların ad və vətəndaşlıq hüququ təmin edilməlidir. İranda uşaqların şəxsiyyət vəsiqəsi olmadığı təqdirdə onlar bütün sosial və tibbi xidmətlərdən məhrum qalır.

XS
SM
MD
LG