Accessibility links

Hafiz Həsənov: Bələdiyyə seçkiləri seçki qanunvericiliyində islahatlar üçün yaxşı imkandır


Hafiz Həsənov
Hafiz Həsənov

Hüquq və İnkişaf birliyinin rəhbəri bu il keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı demokratik şərtlərin təmin edilməsini vacib sayır

2014-cü ilin dekabrında Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri seçki qanunvericiliyində islahatlar üçün yaxşı imkandır. Bu fikri “Hüquq və İnkişaf” ictimai birliyinin rəhbəri Hafiz Həsənov Amerikanın Səsinə bildirib.

Onun fikrincə, hazırki qanunvericilik bələdiyyə seçkilərinin keçirilməsi üçün demokratik şərtləri təmin etmir.

Ekspert qeyd edib ki, Azərbaycanda bütün seçkilərin və referendumların keçirilməsi “Seçki Məcəlləsi” ilə tənzimlənir. Bu sənədin ümumi hissəsi universal xarakter daşıyır.

“Bununla əlaqədar olaraq, seçki islahatları 2015-ci ildə keçiriləcək parlament seçkiləri nöqteyi-nəzərdən də zəruridir”.
“Seçki Məcəlləsi”ndə islahatlar üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) 2013-cü il 9 oktyabr prezident seçkilərinin yekunları ilə bağlı verdiyi tövsiyələr əsas ola bilər.

Bu tövsiyələr, eləcə də ATƏT DTİHB-nin əvvəlki təklifləri bütün səviyyələrdə seçki komissiyalarının formalaşdırılması prinsipinin dəyişdirilməsini nəzərdə tutur.

Bu zərurəti 2010-cu il parlament seçkilərində 21 seçki dairəsində vətəndaşların seçki hüquqlarının pozulduğunu etiraf etmiş Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları da diktə edir. Buna görə dairə seçki komissiyaları və nöqsanları aradan qaldırmayan Mərkəzi Seçki Komissiayası (MSK) məsuliyyət daşıyıb. Bütün bunlar hazırkı seçki komissiyaları formatının qeyri-səmərəli olduğunu göstərir”, Həsənov belə hesab edir.

ATƏT DTİHB həmçinin seçki komissiyalarını aparıcı siyasi qüvvələrin iştirakı ilə tarazlaşdırılmış əsaslarla formalaşdırmağı tövsiyə edir. Bu prinsip qəbul edilərsə, seçki komissiyalarının formalaşdırılmasının müxtəlif variantları tətbiq edilə bilər. Xüsusən, komissiyaların parlamentdə təmsil edilmiş, habelə Milli Məclisə əvvəlki seçkilərdə müəyyən sayda səs qazanmış siyasi qüvvələrin iştirakı ilə formalaşdırılması tövsiyə olunur.

Başqa bir variant seçki komissiyalarının siyasi qüvvələr arasında konsensus əsasında müstəqil ekspertlərdən formalaşdırılması ola bilər. Bu prinsipi müxalifət partiyaları da dəstəkləyir və Avropa Şurası Venesiya Komissiyası da bunu tövsiyə edib.

Digər zəruri düzəliş şikayətlərə baxılması qaydalarının dəyişdirilməsidir. Onlara seçki komissiyaları nəzdindəki ekspert qruplarının deyil, müstəqil qrupların baxması təklif edilir.

Şikayətlərə məhkəmələrdə baxılması qaydalarında da dəyişikliklər tələb olunur. Pozuntularla bağlı aktların surətlərinə hüquqi dəlil kimi baxılmalıdır. Məsələ ondadır ki, çox vaxt MSK aktların orijinallarını ərizəçilərə qaytarmır və onlar surətləri təqdim etmək məcburiyyətindədirlər.

Həsənov həmçinin seçki kampaniyası müddətinin 60 gündən 90 günə qədər artırılmasını da zəruri hesab edir.

Ekspert bələdiyyə seçkiləri ilə bağlı dəyişikliklər də təklif edir. O, siyasi partiyalardan bələdiyyə şuralarına namizədlərin qeydiyyatı prosedurunu sadələşdirməyi mühüm hesab edir.
Həsənov bələdiyyə sistemində də islahatların tərəfdarıdır. Hazırda bələdiyyələr real səlahiyyətlərdən məhrumdur və hakimiyyət icra qurumlarına məxsusdur.

Həsənov hesab edir ki, bələdiyyə seçkilərinə qədər “Seçki Məcəlləsi”ndə islahatlar üçün kifayət qədər vaxt var. Hakimiyyətin, siyasi partiyaların, ekspertlər birliyinin və beynəlxalq təşkilatların əməkdaşlığı ilə “Seçki Məcəlləsi”nə zəruri dəyişiklikləri və əlavələri işləyib hazırlamaq və qəbul etmək olar, Həsənov belə hesab edir.
XS
SM
MD
LG