Belarus polisi paytaxt Minskdə Belarusiya höküməti və Aleksandr Lukaşenkoya istefa verməsi və ya yeni seçki keçirməsi üçün təzyiq göstərmək məqsədilə həftəsonu yürüş keçirən yüzlərlə qadından doqquzunu həbs edib.
Oktyabrın 24-də nümayişçilərin bəziləri müxalifəti təmsil edən qırmızı və ağ bayraqlara bürünüb, digərləri isə əllərində qırmızı və ağ rəngdə çətirlərlə bir neçə saat boyu yağışın altında Minskin mərkəzi küçələrində yürüş ediblər.
Belarusda avqustun 9-da keçirilən seçkidən bəri etirazlar keçirilib. Həmin seçkidə 1994-cü ildən bəri hakimiyyətdə olan Lukaşenko qalib elan edilmişdi.
Müxalifət qrupları və bir çox belaruslu seçki nəticələrinin saxtalaşdırıldığını və legitim qalibin Svetlana Tixanovskayanın olduğunu deyir. O, seçkidən qısa müddət sonra özü və ailəsinə qarşı təhdidlərin ardından Belarusdan Litvaya qaçıb.
Birləşmiş Ştatlar və Avropa İttifaqı Lukaşenkonun qələbəsini tanımağı rəd edib. Aİ oktybarın 12-də Lukaşenkonu həm də sanksiya siyahısına əlavə edib.
Minskdə keçirilən yürüş Danimarkanın baş naziri Mette Frederiksenin Tixanovskaya ilə görüşəndən bir gün sonra, oktyabrın 24-də ölkəsinin Belarus müxalifətinin hərəkatına dəstəyini bir daha vurğuladığı bir vaxta təsadüf edib.
Frederiksen Facebook-da yazıb ki, demokratik haqlar “bizim azad seçkidə iştirak etməyimizi və düşündüyümüzi dilə gətirməyimizi təmin edir.”
“Son həftələrdə Belarusda baş verən xalq qiyamı bu yolda hələ çox işlərin görülməli olduğuna dair bir xatırlatmadır,” o əlavə edib.
Frederiksen Danimarkanın Aİ-nin Lukaşenkoya qarşı sanksiyaları dəstəklədiyini də qeyd edib.