Uzun illərdir ölkəyə liderlik edən Aleksandr Lukaşenkonun hakimiyyətdə qalması üçün seçkilərin saxtalaşdırıldığında israr edən minlərlə demokratiya tərəfdarı Belarusda kütləvi etirazlarını davam etdirir. Həftəsonu nümayişlər Belarus liderinin rejiminə mühüm dəstək almaq üçün Rusiyaya getdiyi zamana təsadüf edib.
Əllərində hərəkatın simvolu olan qırmızı və ağ bayraqlar daşıyan nümayişçilər yenidən Minsk küçələrindədir. Amerikanın Səsinin video-operatoru yüz mindən çox insanın dördüncü həftə sonu şəhərin mərkəzinə doğru dinc yürüş etdiyi zaman orada olub.
Nümayişçilər saxtalaşdırıldığını iddia etdikləri mübahisəli avqust seçkilərindən sonra illərdir ölkəni idarə edən prezident Aleksandr Lukaşenkonun hakimiyyətinə son verilməsini tələb edir. "Biz suverenliyimiz uğrunda və hakimiyyəti vicdansız yollarla ələ keçirmiş qeyri-legitim prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün mübarizə aparırıq" - deyə, etirazçılardan biri bildirir.
Qadınlar 7 mindən çox insanın həbs edildiyi nümayişlərdə polis təqiblərinə müqavimət göstərərək, hərəkatın önündə olub. Onların yeni hədəfi Lukaşenkonun təhlükəsizlik qüvvələrinin iç üzünü göstərməkdir.
Nümayişçilərin həbsi, həbsxanalarda döyülmə və işgəncə kimi dəhşətli hallar haqda dedikləri xalqın qəzəbini getdikcə artırıb. “Dosatlarımdan bir neçəsi həbsxanaya salınıb və orada polis tərəfindən alçaldılıb. Onlar bu faciəni yaşayıb."
Lukaşenkonun gizli polisi hərəkatı yatırmaq üçün müxalifətin aparıcı üzvlərini hədəf aldı. Maksalı naməlum şəxslər müxalifət lideri Mariya Kolesnikova da daxil olmaqla, onların əksəriyyətini ya həbs edib, ya da məcburi sürgünə göndərib.
Lukaşenko etirazların Qərb tərəfindən idarə edildiyini, onu vəzifəsindən uzaqlaşdırmağa cəhd göstərildiyini və NATO qüvvələrinin Rusiya sərhədlərinə yerləşdiriləcəyini iddia edir. Lukaşenko rejimi üçün təhlükəsizlik qarantiyaları almaq üçün Rusiyaya səfəri zamanı prezident Vladimir Putinə bu arqumentlərini təqdim edir.
Minskdəki etirazçılar isə bazar günü keçirilən nümayişin Kremlə fərqli bir mesaj verəcəyinə ümid edir - Lukaşenko artıq millət adından danışa bilməz. Etirazçı: "Rusiya çətin vəziyyətdədir. Çünki Lukaşenkonu dəstəkləyərsə, o zaman Belarus xalqının dəstəyini itirər."
Etirazçılar deyirlər ki, onlar da rusiyalı qonşuları ilə yaxşı münasibətlərin olmasını istəyir. Əslində onlar bunu Lukaşenko erasından sonrakı dövr üçün prioritet olaraq görür.