Accessibility links

Minsk AzadlıqRadiosunun Belarus xidmətinə ekstremist təşkilat adı verib


Avtoritar Aleksandr Lukaşenkonun prezident seçkilərində qalib gəldiyi iddiasına qarşı etirazların artması ilə nəticələnən müstəqil media və vətəndaş cəmiyyətilərinə qarşı təqiblərin davam etdiyi bir vaxt, Belarus Daxili İşlər Nazirliyi AzadlıqRadiosu-nun “Radio Svaboda“ kimi tanınan Belarus xidmətini ekstremist təşkilatları reyestrinə əlavə edib.

Nazirliyin dekabrın 23-də yaydığı bəyanatda deyilir ki, internet resursları vasitəsilə “Radio Svaboda” ilə əlaqə quran bir qrup vətəndaş ekstremist qrup olaraq müəyyən edilib.

Bu isə o deməkdir ki, “Radio Svaboda”ya onlayn abunə olan belarusları 6 ilə qədər həbs cəzası gözləyir.

Bu addım Minsk məhkəməsinin “Radio Svaboda“nın rəsmi Telegram kanalını və bəzi sosial media hesablarını ekstremist elan etməsindən təxminən üç həftə sonra atılıb.

2020-ci ilin avqustunda keçirilən prezident seçkilərində Lukaşenkonun ardıcıl olaraq altıncı dəfə prezident seçilməsindən və ölkəni etirazların bürüməsindən bəri Belarus hökuməti yüzlərlə Telegram kanalını, bloqlarını və hesablarını “ekstremist” elan edib.

Etirazlara cavab olaraq hökumət demokratiya tərəfdarı hərəkatı sərt şəkildə sıxışdırıb, minlərlə insanı həbs edib və ən yüksək səviyyəli müxalifət üzvlərinin əksəriyyətinin ölkədən qaçmasına gətirib çıxarıb. İşgəncə və pis rəftar, eləcə də bir neçə nəfərin ölümü ilə bağlı xəbərlər də mövcuddur.

Belarusda etirazlardan sonra informasiyaya qarşı genişmiqyaslı repressiyaların bir hissəsi olaraq, onlarla xəbər saytı və müstəqil media bağlanıb.

AzadlıqRadiosunun Belarus xidmətinin veb-səhifəsi ölkə daxilində 2020-ci il avqustun 21-də bloklanıb, xarici mediada çalışan yerli jurnalistlərin akkreditasiyası isə 2020-ci ilin oktyabrında ləğv edilib.

1994-cü ildən bəri ölkəni idarə edən Lukashenko seçkilərdə hər hansı saxtakarlığı inkar, müxalifətlə siyasi keçid və yeni seçkilərlə bağlı danışıqlardan imtina edir.

Qərb Lukaşenkonu Belarusun legitim lideri kimi tanımaqdan imtina edib və buna cavab olaraq hökumətə və repressiyalara yardım etməkdə və ondan faydalanmaqda ittiham olunan digər rəsmilərə qarşı bir neçə sanksiya tətbiq edib.

XS
SM
MD
LG