Accessibility links

Belarus rəsmiləri: "Mariya Kolesnikova Ukraynaya keçmək istəyərkən sərhəddə həbs edilib"


Belarus sərhəd keçid rəsmilərinin bildirdiyinə görə, Belarus müxalifətinin liderlərindən biri olan Mariya Kolesnikova çərşənbə axşamı qonşu Ukraynaya keçməyə çalışarkən həbs edilib.

Rəsmilər Kolesnikovanın artıq Ukraynaya keçən müxalifətin digər iki üzvü,Anton Rodnenkov və İvan Kravtsovla birlikdə səyahət etdiyini bildirib.

Qrupun sərhədə necə getdikləri aydın deyildi.

Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşenko Facebook səhifəsində çərşənbə axşamı baş verənləri könüllü deyil, məcburi qovulma adlandırıb.

Bazar ertəsi Belarus müxalifətinin lideri Mariya Kolesnikovanın Minskdə naməlum şəxslər tərəfindən aparıldığı xəbərindən sonra Almaniya və Britaniyadan Belarus prezidenti Alexander Lukaşenkonya onun yerinin öyrənilməsini tələb edən zənglər gəlib.

Kolesnikova Belarusda avqustun 9-da Lukaşenkoya qalib gəlmək üçün müxalifətin Koordinasiya Şurasında bir araya gələn üç qadından biridir. Lukaşenko seçkilərin qalibi elan edilsə də, müxalifət partiyaları, eləcə də ABŞ və Avropa Birliyi seçkilərin ciddi şəkildə saxtalaşdırıldığını bildirir.

Belarusun müxalifət lideri Sviatlana Tixanovskaya təhlükəsizliyinə görə seçkilərdən sonra uşaqları ilə birlikdə Litvaya, Kolesnikovanın müttəfiqi Olqa Kovalkova isə rəsmilərin təzyiqi altında ölkədən çıxarmaq məcburiyyətində qaldığını deyərək, Polşaya gedib.

Almaniyanın xarici işlər naziri Heiko Maas twitter səhifəsində Avropa Birliyinin “sanksiyalar paketi üzərində işləyir, Lukaşenko mövqeyini dəyişməzsə, ona cavab verəcəyik" yazıb.

Reuters xəbər agentliyi Avropa Birliyinin üç diplomatına istinadən bazar ertəsi bildirib ki, Belarusun 31 yüksək vəzifəli məmuruna qarşı sanksiyalar tətbiq edilməsi planlaşdırılır.

"Avropa Birliyi Belarus rəsmilərindən avqustun 9-da keçirilən saxta prezident seçkilərindən əvvəl və sonra siyasi zəmində həbs edilənlərin dərhal sərbəst buraxılmasının təmin etmələrini gözləyirik" - deyə, qurumun diplomatik rəhbəri Cosep Borrell bildirib.

Bundan əlavə Avropa Birliyi Belarusu həftə sonu saxta seçkilərə etiraz olaraq keçirilən nümayiş zamanı həbs etdiyi 600-dən çox insanı sərbəst buraxmağa çağırıb.

"Avropa Birliyi zorakılıq, təzyiq və seçki nəticələrinin saxtalaşdırılmasında əli olan şəxslərə qarşı sanksiyalar tətbiq edəcək" - deyə, Borrell əlavə edib.

Həftə sonu nümayişlərdə iştirak edən on minlərlə insan əllərində müxalifətin qırmızı və ağ rəngli bayraqlarını dalğalandıraraq, “get” və “sən siçovulsan” şüarları səsləndirib.

XS
SM
MD
LG