Amerika Birləşmiş Ştatları və Avropa ölkələrinin hökumətləri bazar günü avtoritar Prezident Aleksandr Lukaşenkonu tənqid edən müxalif blogeri həbs etmək üçün FR-4978 reysli təyyarəni bomba təhdidi ilə təcili Minskə enməyə məcbur etməsindən sonra Belarusu dövlət terroru aktında günahlandırıb.
Onlar Lukaşenko hökumətini Polşada sürgündə olan 26 yaşlı bloger Roman Protaseviçi dərhal sərbəst buraxmağa çağırıb.
Nüfuzlu Telegram kanalları Nexta və Nexta Live-ın keçmiş redaktoru Protaseviç Lukaşenkonun Yunanıstandan Litvaya uçan Ryanair şirkətinə məxsus təyyarənin Belarus hava məkanında ikən Mig-29 döyüş təyyarəsinin onu müşayiət etməsini əmr verməsindən və təyyarənin Minsk hava limanına endirilməsindən sonra həbs edilib.
Belarus polisi onu nəzarət altına almazdan əvvəl Protaseviçin sərnişinlərdən birinə titrəyən səslə "Məni burada edam cəzası gözləyir" dediyi bildirilir.
Nexta kanalları keçən il seçki saxtakarlığı ilə əlaqədar Lukaşenko əleyhinə etirazların təşkilində əsas vasitəçi rolunu oyanamasından sonra Minsk hökuməti Prataseviçi terrorizmdə və iğtişaşlar törətməkdə günahlandırıb.
Ölkədə bir çoxlarının onu geniş yayılmış korrupsiyada ittiham etməsinə
baxmayaraq, Lukaşenko keçən ilin avqust seçkilərində səslərin 80% -ni əldə etdiyini iddia edərək altıncı müddətə seçilib.
ABŞ Dövlət katibi Antoni Blinken bazar günü ABŞ-ın “Avropa İttifaqına üzv iki ölkə arasındakı uçuşun istiqamətinin məcburi şəkildə dəyişdirilməsini və sonradan Minskdə jurnalist Roman Protaseviçin həbsini qətiyyətlə pisləyir” deyib. “Biz onun dərhal sərbəst buraxılmasını tələb edirik” - deyə, o bildirib.
"Lukaşenka rejimi tərəfindən edilən bu dəhşətli hərəkət ABŞ vətəndaşları da daxil olmaqla, 120-dən çox sərnişinin həyatını təhlükəyə atıb" - deyə, Blinken əlavə edib.
Polşanın Baş naziri Mateuş Moraveski İrlandiyanın sərnişin təyyarəsinin “qaçırıldığını” deyib və Lukaşenkonu “qınanmağa layiq dövlət terrorizmi aktı”nda ittiham edib.
Moraveski bazar ertəsi Avropa Şurasının iclasında Belarusiyaya qarşı yeni sanksiyalar tələb edəcəyini bildirib.
“Məsələni müttəfiqlərimizlə əlaqələndiririk. Lukaşenkonun bu ağlasığmaz hərəkətinin ciddi nəticələri olacaq” - deyə, Britaniyanın xarici işlər naziri Dominik Raab bildirib.
Litva Prezidenti Gitanas Nauseda “Misilsiz bir hadisə! Bu mənfur hərəkətin arxasında rejim durur. Təcili olaraq Roman Protaseviçin azad edilməsini tələb edirəm!” yazıb.
Oktyabr ayında Minsk məhkəməsi NEXTA Live kanalını və onun loqosunu ekstremist olaraq tanıyıb və İnformasiya Nazirliyinə bu Telegram kanalının adı və loqosundan istifadə edən informasiya mənbələrinə çıxışı, habelə onların Belarus internetində paylaşılmasını qadağan etməyə göstəriş verib.
Belarusda noyabr seçkisində geniş miqyaslı saxtakarlıq hallarının olduğuna dair iddialardan və 1994-cü ildən bəri hakimiyyətdə olan Lukaşenkonun böyük səs fərqi ilə qalib gəldiyini elan etməsindən bəri etirazlar keçirilib. O zamandan bəri Lukaşenkonun apardığı təqib kampaniyası nəticəsində 30 000 insan saxlanılıb, yüzlərlə insan döyülüb və işgəncə görüb, jurnalistlər hədəf alınıb.