Belarus hökuməti prezident seçkilərinin nəticələrinə qarşı etirazlar zamanı həbs edilən 1000-ə yaxın insanı sərbəst buraxıb. Hökumət bu addımı təhlükəsizlik qüvvələrinin dinc nümayişçilərə qarşı qəddar münasibətinə görə hiddətlənən xalqın qəzəbini azaltmaq məqsədilə artıb.
Gecə yarısı çox sayda məhbusun Minsk həbsxanalarından birindən çıxdığını görənlər olub. Belarus paytaxtının cənub-şərqindəki Jodino şəhərində də könüllülər azı 119 məhbusun sərbəst buraxıldığını görüb. Gəzə bilməyənləri aparmaq üçün isə təcili yardım maşınları gəlib.
Sərbəst buraxılanların çoxu polisin onlara qarşı zorakılıqdan istifadə etdiyini, vəhşicəsinə döydüyünü deyib. Azad edilənlərdən bəzilərinin bəhənlərində döyülmədən qalan izləri görmək olub, bəziləri isə ailə üzvlərini qucaqlayaraq, ağlayıb.
Tutulanlar Belarusun hüquq-mühafizə orqanının yüksək vəzifəli rəsmisinin dövlət televiziyasında polisin qeyri-qanuni güc tətbiq etməsinə görə üzr istəməsindən bir neçə saat sonra sərbəst buraxılıblar. "Mən yaxınlıqda olan və geri çəkilməyə imkanları olmayan insanlara qarşı zorakılıqlara görə məsuliyyəti öz üzərimə götürürəm" - deyə, cümə axşamı daxili işlər naziri Yuri Karayev bildirib.
Bu, Avropa Birliyi xarici işlər nazirlərinin Belarusda baş verənlərə görə mümkün sanksiyaları müzakirə etmək üçün görüşəcəyi gün baş verib. Lukaşenkonun əsas rəqibi, qonşu Litvada sığınacaq alan Svetlana Tsixanovskaya yayımladığı yeni videoda səsvermənin nəticələrinə etiraz edən bəyanatını yayıb və hökumətin etirazçılarla dialoqa başlamasını tələb edib.
Seçkilərin nəticələrinə və avtoritar prezident Aleksandr Lukaşenkonun 26 illik hakimiyyətinə son qoyulması tələbi ilə 5 gündür davam edən kütləvi etiraz aksiyalar zamanı 7 minə yaxın insan həbs edilib, yüzlərlə insan yaralanıb.