Accessibility links

Belarus hava hücumundan müdafiə sistemi ilə ərazisinə düşən Ukrayna raketini vurduğunu bildirib


Belarusun BelTA dövlət agentliyinin xəbər verdiyinə görə, dekabrın 29-da səhər saat 10-11 radələrində "Ukraynaya məxsus S-300 kompleksi raketi Belarus ərazisinə düşüb". Daha sonra Belarus Müdafiə Nazirliyi ölkə ərazisinə düşən raketin hava hücumundan müdafiə sistemi ilə vurulduğunu bildirib.

Nazirliyin bəyanatında "Hava hücumundan müdafiə qüvvələri hədəfi bu gün səhər saat 10 radələrində vurub. Raketin qəlpələri Brest vilayətinin İvanovo rayonunun Qorbaxa kəndi yaxınlığındakı kənd təsərrüfatı sahəsində aşkar edilib" deyilib.

Belarus Müdafiə Nazirliyi iddia edir ki, qalıqlar Ukrayna ərazisindən atılan S-300 raketinə aiddir.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.

BelTA agentliyinin yazdığına görə, Lukaşenko "insidentlə bağlı dərhal məlumatlandırılıb" və Belarusun hüquq-mühafizə orqanları baş verənlərin iki əsas versiyasını nəzərdən keçirir:

"Belarus ərazisinə düşən raket, bu yaxınlarda Polşada baş verən insident kimi, yanlış istiqamətə uçub", "Raket Belarusun hava hücumundan müdafiə sisteminin işləməsi nəticəsində vurulub".

Daha əvvəl "Беларусь за МКАДом" Teleqram kanalında raketin parçalarının Brest vilayətinin İvanovo rayonuna düşdüyünü iddia edən mesajlar yayılmışdı. Onlardan biri raketin Qərbi Ukrayna ilə sərhəddən təxminən 20 km aralıda yerləşən Qorbaxa kəndi yaxınlığında vurulduğunu bildirmişdi.

Nə Rusiya, nə də Ukrayna hələ ki, Belarusdakı raket qəzası ilə bağlı məlumat verməyib.

Raket noyabrın 15-də Polşanın Pşevoduv kəndi ərazisinə düşüb. Hadisə nəticəsində Polşanın iki vətəndaşı həlak olub. Həmin gün Ukrayna Rusiya ordusu tərəfindən genişmiqyaslı hücuma məruz qalmışdı.

Polşa Xarici İşlər Nazirliyi Pşevoduv kəndinə Rusiya istehsalı olan raketin düşdüyünü rəsmən təsdiqləyib.

Rusiya Müdafiə Nazirliyi mətbuatda Rusiya raketinin Polşaya düşməsi ilə bağlı yayılan xəbərləri "vəziyyəti gərginləşdirmək üçün qəsdən edilmiş təxribat" adlandırıb.

İnsidentlə bağlı təhqiqat hələ başa çatmayıb. Lakin Polşa prezidenti Anjey Duda raketin ölkə ərazisinə məqsədli şəkildə düşdüyünü göstərən heç bir əlamərin olmadığını və hadisənin "qəza" olduğunu deyib.

XS
SM
MD
LG