Accessibility links

Behnam Ben Taleblu: İslam Respublikası bu etirazları həmişəlik yatıra bilməz


Behnam Ben Taleblu: İslam Respublikası bu etirazları həmişəlik yatıra bilməz
please wait

No media source currently available

0:00 0:09:26 0:00

Behnam Ben Taleblu: İslam Respublikası bu etirazları həmişəlik yatıra bilməz

Vaşinqtonda qərargahlanan Demokratiyaların Müdafiəsi Fondundan Behnam Ben Taleblu İranda baş qaldıran etirazların aqibətini və beynəlxalq ictimaiyyətin İran rejiminin etirazçılara qarşı təqiblərinin qarşını almaq üçün görə biləcəyi tədbirləri şərh edib.

Amerikanın Səsi: İranda artıq iki aydan çoxdur ki, nümayişlər davam edir və onlar hökumətin ölümlə nəticələnən təqiblərinə səbəb olub. Etirazlara Məhsa Əmininin sentyabr ayında ölkənin əxlaq polisi tərəfindən saxlanılandan sonra ölməsi səbəb olub. Bəzi analitiklər deyir ki, hazırkı etirazların ölkədə müxtəlif sosial-iqtisadi kəsimlər arasında yayilmasına baxmayaraq, hərəkatın heç bir rəsmi idarəçiliyi və ya strukturu olmadığı üçün onların İanda hər hansı əsaslı dəyişikləyə gətirib çıxarmaq ehtimalı azdır və onlar hökumətin repressiyası nəticəsində yatırılacaq. Sizin buna münasibətiniz nədir?

Behnam Ben Taleblu: Burada bir neçə vacib fakt var. Bunlardan biri odur ki, burada İslam Respublikası kimi həm islamçı, həm avtoritar olan rejim, həm də İran əhalisi kimi dünyəvi və millətçi olan və bir növ təmsilçi hökumət axtaran bir cəmiyyət var. Və bu ikisinin qarışığı mümkün deyil. Buna görə də bu etirazların, Allah eləməsin, sabah dayanmasından və ya illər sonra hansısa uğurlu rejim dəyişikliyi ilə bitməsindən asılı olmayaraq, bu onu göstərir ki, indiki küçə etirazlarının quruluşundan asılı olmayaraq, gələcəkdə daha çox qeyri-sabitlik olacaq, xüsusilə tətillər də baş versə. Çünki İranda 1979-cu ildə əvvəlki hökuməti devirməkdə mühüm rol oynayan da məhz küçə etirazları ilə tətillərin birləşməsi oldu.

Bununla yanaşı, strukturun olmaması həm müsbət, həm də mənfi bir haldır. Müsbətdir ona görə ki, İslam Respublikası bu etirazları həmişəlik yatıra bilməz. Digər tərəfdən isə mənfidir, çünki küçələrdə əldə olunan bəzi irəliləyişlər, misal üçün, bəzi bölgələrdən təhlükəsizlik qüvvələrinin çıxarılması, və ya İranın bəzi vilayətlərində iki ay yarım boyunca davamlı olaraq etirazların keçirilməsi, bütün bunlar qısa müddətdə siyasi uğurla nəticələnməyə bilər və bu, onları siyasi uğur qazanmaq üçün daha uzun müddət küçələrdə qalmağa məcbur edəcək. Yəni bu həm müsbət həm də mənfi bir haldır. Ancaq indi edə biləcəyimiz yeganə şey İran xalqının gücü və qətiyyəti qarşısında papağımızı çıxartmaqdır, çünki onlar orada həyatlarını riskə atırlar. Və etirazlar İranın hər 31 vilayətində baş verir. Yəni müxtəlif etnik və məzhəbdən olan insanlar hadisələri eyni şəkildə görürlər və bu da əlbəttə ki, xüsusilə xaricdən izlədiyimizdə çox güclü əzəmətli bir şeydir.

Amerikanın Səsi: Bəzi tədqiqatçılar və analitiklər deyirlər ki, İranda əvvəllər böyük etirazlar çox nadir hallarda, bəlkə də on ildə bir dəfə baş verirdi, lakin son bir neçə ildə bu etirazlar daha tez-tez baş verir və onlar etiraz dalğası nəticəsinə böyük ciddi dəyişikliklər olmadığı və hökumət bu etirazı yatıra bildiyi təqdirdə, nümayişlərin daha tez-tez baş verəcəyini və bunun ölkə rəhbərliyi üçün böyük problem olacağını təxmin edirlər. Siz bununla razılaşırsınızmı?

Behnam Ben Taleblu: Təkrarlıq İslam Respublikasına qarşı küçə etirazlarının inkişaf edən strukturundakı dəyişikliyin əsas vektoru və ya özəyidir. İslam Respublikası 43 ildir mövcuddur və 43 ildir ki, İslam Respublikasına qarşı küçə etirazları olub. Ancaq İranda 2017-ci ilin sonundan bu günə qədər gördüyümüz ümummilli etiraz dalğasını fərqləndirən cəhət onların tez-tez baş verməsi, demoqrafiyası, coğrafiyası, dövlət tərəfindən küçə etirazlarına qarşı şiddətin səviyyəsi və təbii ki şüarların xarakteridir. Bu o deməkdir ki, əhali funtamental olaraq islahatla qane olmur. 1999 və 2009-cu illərdən fərqli olaraq küçə etirazlarının siyasi əhəmiyyətə malik olması üçün artıq onların Tehranda baş verməsinə ehtiyac yoxdur.

Və nəticədə bu etirazlar arasındakı müddət də kəskin şəkildə azalır. 2009 ilə 2017 arasında demək olar ki, on il var idi. 1999-2009-cu illər arasında on il keçmişdi. Ancaq enerji subsidiyalarının kəsilməsi ilə 2019-cu ilin noyabrında başlayan etirazlarla 2020-ci ildə İslam Respublikası mülki təyyarəni vuraraq, yüz yetmiş altı günahsız sərnişini öldürdüyü zaman baş verən etirazlar arasında cəmi bir neçə ay keçmişdi. Yəni dövlətin küçədəki etirazçılara qarşı tətbiq etdiyi zorakılığın səviyyəsindən asılı olmayaraq, bu etirazlar arasındakı müddət azalır və 2022-ci ilin sentyabrda başlayan indiki etirazlar əslində rejimə qarşı ümummilli etirazların ikinci mərhələsidir. İlk mərhələ may ayında ölkənin cənub-qərbində başlamışdı.

Amerikanın Səsi: İranda hazırkı etirazlar iranlı kürd qadın Məhsa Əmininin ölkənin əxlaq polisinin nəzarətində ikən ölümündən sonra başlayıb. Etirazlar İranın kürd bölgəsində başlasa da, tez bir zamanda ölkənin digər bölgələrinə, o cümlədən bəluçlar və azərbaycanlılar kimi digər böyük etnik azlıqların məskunlaşdığı ərazilərə yayıldı. İnsan hüquqları qruplarının bildirdiyinə görə, hökumət repressiyalarını daha çox bu bölgələrə yönəldib və ölümlərin əksəriyyəti etnik azlıqların yaşadığı bölgələrdə qeydə alınıb. Bunun arxasındakı səbəbi necə izah edərdiniz?

Behnam Ben Taleblu: İslam Respublikasındakı küçə etirazlarının hazırkı nümunəsini və daha geniş mənada müasir İran tarixində “mərkəz və periferiya” modelini göz ardı etməmək vacibdir.

İran etnik və dini baxımdan kifayət qədər müxtəlifliyə malik bir ölkə olsa da, bütün əhali sentyabrın 13-dən sentyabrın 16-na kimi baş verənləri, paytaxta səfər edən iyirmi iki yaşlı iranlı kürd qadın Məhsa Əmininin İranın əxlaq polisi və təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq vəhşicəsinə döyüldükdən sonra aldığı xəsarətlərdən həyatını itirdiyini görəndə, bütün müxətlif etnik kimlik və məzhəblərdən insanlar hadisələrə eyni prizmadan baxdı və ona görə də bu, İranın bütün 31 vilayətində, 140-dan şəhər və kənddə, 150-dən çox müxtəlf təhsil müəssisələrində, o cümlədən kollec və universitetlər, hətta məktəblərdə və İrandakı ən ucqar ərazilərdə iki aydan çox davam edən etirazlara səbəb olacaq qədər siyasi əhəmiyyət kəsb etdi.

Bütün bunları və İslam Respublikasına qarşı millətçi etiraz dalğalarının hamısını nəzərə alaraq, rejim sınanmış və effektiv olan üsulları artırdı. Biz bilirik ki, onlar artıq etnik və məzhəb azlıqlarına qarşı ayrı-seçkilik edir. Onlar bir çox hallarda bu ayrı-seçkiliyin bir hissəsini normaya çevirib. Buna görə də biz hökumətin ardıcıl ümummilli etiraz modelini dağıtmaq və onu əslində etnik, məzhəb və separatizmlə əlaqəli bir şey kimi göstərmək cəhdi altında etnik və məzhəb azlıqlarının olduğu yerlərdə ən ağır cavab tədbirləri gördüyünə şahid oluruq. Məhz buna görə də, rejim artıq üç dəfə İraqın şimalını, İraq Kürdüstanını atəşə tutaraq, günahsız mülki vətəndaşları öldürüb, ballistik raketlərdən, müharibə silahlarından istifadə edib. Bunların hamısının məqsədi diqqəti etirazların daha geniş hökumətə qarşı ümummilli bir etiraz modeli olduğundan yayındıraraq, onları yenidən etno-məzhəb problemi kimi qələmə verməyə çalışmaqdır. Amma aydındır ki, bu belə deyil.

Amerikanın Səsi: İran artıq 6 nəfərə ölüm hökmü çıxarıb. Lakin Amnesty International hesab edir ki, hazırda ölüm cəzası ilə nəticələnə biləcək ittihamlarla mühakimə olunan ən azı 21 nəfər var. Hüquq qrupları və ekspertlər bu rəqəmin artacağını gözləyirlər. Beynəlxalq ictimaiyyət İran rejiminin etirazçılara qarşı repressiyalarını gücləndirməsinin qarşısını almaq üçün nə edə bilər?

Behnam Ben Taleblu: İslam Respublikası hökumətini cavabdeh tutmaq üçün təkcə Vaşinqtonun deyil, beynəlxalq ictimaiyyətin də edə biləcəyi daha çox şey var. Bir tərəfdən, onların etməli olduğu şey təkcə vilayət səviyyəsində təqibləri həyata keçirən Bəsicdəki hüquq-mühafizə qüvvələri kimi hərbi və təhlükəsizlik rəsmilərinə deyil, ən lokal səviyyədə, ən lokal təhlükəsizlik qüvvələrinə diqqət yetirmək, onların adlarını çəkmək və rüsvay etməkdir. Bütün bu məlumatlar açıq mənbələrdə var və onların hamısı təkcə İslam Respublikası hökumətini deyil həm də, siyasi və məhkəmə aparatını cəzalandırıb, çəkindirmək məqsədilə növbəti sanksiya dalğası üçün istifadə oluna bilər. Bunlara millət vəkillərinin adları, qubernatorların adları, yerli məmurların adları, bələdiyyələrdə repressiyaya dəstək verən şəxslərin adları və bu hökmləri verən ədliyyə məmurlarının adları daxil olmalıdır. Onların adlarının müəyyən olunduğundan əmin olmaq, onların şəxsən sanksiyaya məruz qalmasını, onlara və ailələrinə qarşı viza qadağalarının tətbiq olunmasını və beynəlxalq hüququn tam şəkildə onlara qarşı istifadə olunduğunu təmin etmək lazımdır.

Düşünürəm ki, İslam Respublikası hökumətinə bu cür qətllərinin cəzasın qalmayacağını göstərmək üçün Qərb dünyası və beynəlxalq ictimaiyyət tərəfindən daha vahid, tutarlı və davamlı mesaj verilməlidir.

Mənim çağırış və qeyd etdiyim bir şey odur ki, Böyük Britaniya, ABŞ, Aİ, Kanada, Avstraliya, Yeni Zelandiya kimi bir çox yurisdiksiyaların bu məsələdə çox yaxşı alətlərinin və hamısında Maqnitski sanksiyalarının olmasına baxmayaraq, təəssüf ki, bu yurisdiksiyalardan heç biri İslam Respublikası hökumətinə qarşı Maqnitski sanksiyalarından istifadə etməyib.

Ən lokal və ya ən yüksək səviyyədəki siyasi, hərbi, təhlükəsizlik və məhkəmə rəsmilərini bütün bunlara görə cavabdeh tutmaq üçün İslam Respublikasına qarşı daha çoxtərəfli və koordinasiyalı təzyiq kampaniyası aparmağın vaxtı çatıb. Çünki mən əminəm ki, hətta ölənlərin sayı belə indi təxmin olunan 420-440-dan qat-qat artıqdır.

XS
SM
MD
LG