BBC Ukrayna Prezidenti Petro Poroşenkoya ötən il dərc olunmuş “qeyri-korrekt” məlumata görə kompensasiya ödəməyə razılaşdığını bildirib.
“Yaradılan stresə görə Poroşenkodan üzr istəyirik, ona kompensasiya, məhkəmə xərclərini ödəməyə razılaşmışıq, açıq məhkəmədə birgə bəyanatla iştirak etmişik”, BBC martın 28-də vebsaytında bildirib.
Ancaq ödəniləcək kompensasiyanın məbləği açıqlanmayıb.
Ötən ilin mayında BBC-nin vebsaytında dərc olunmuş məqalədə iddia olunurdu ki, ABŞ və Ukrayna prezidentləri arasında görüşü uzatmaq üçün Donald Trampın keçmiş vəkili Maykl Kohenə 400 min dollar verilib.
Söhbət 2017-ci ilin iyunundan Ağ Evdə keçirilən görüşdən gedirdi.
Poroşenko bu məlumata görə BBC-ni məhkəməyə vermişdi. O, martın 31-də prezident seçkisinə namizəddir.