Accessibility links

Bayden və Merkel transatlantik əlaqələr və əməkdaşlığı vurğulayıb


Bayden və Merkel transatlantik əlaqələr və əməkdaşlığı vurğulayıb
please wait

No media source currently available

0:00 0:03:21 0:00

ABŞ prezidenti Co Bayden Ağ Evdə Almaniya kansleri Angela Merkeli qəbul edib. İki lider daha güclü bir transatlantik əlaqələri və bir sıra məsələlərdə əməkdaşlığı vurğulayıblar. Lakin Şimal Axını-2 Rusiya təbii qaz boru kəməri ilə bağlı iki ölkə arasında fikir ayrılığı qalmaqdadır.

Bu, 16 il Almaniya kansleri olan Angela Merkelin bir neçə aydan sonra vəzifəsindən getməsindən öncə vida səfəri idi.

ABŞ prezidenti Co Bayden Merkel haqda yüksək fikir söylədi.

“Siz Transatlantik ittifaqın, Atlantik tərəfdaşlığın sarsılmaz çempionu olmusunuz. Sizin kansler olduğunuz dövrdə Almaniya ilə ABŞ arasında dostluq və əməkdaşlıq daha da güclənib.”

Bayden və Merkel ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılması, COVID-19, iqlim dəyişikliyi, kiber hücumlar və kiber təhdid proqramları də daxil olmaqla, digər birgə prioritet məsələləri müzakirə ediblər.

Lakin Rusiya ilə Almaniya arasında 11 milyard dollar dəyərində Şimal Axını-2 qaz kəməri ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Vaşinqton layihənin Rusiya qazından asılılığı artıracağına və Moskvanın Şərqi Avropada həssas ölkələr, xüsusilə də Ukraynaya təzyiq göstərməsinə imkan verəcəyinə inanır.

Merkel Rusiya təcavüzünə qarşı vahid cəbhədən çıxış etməyə söz verdi.

“Bu layihənin nə ilə nəticələnə biləcəyi ilə bağlı fərqli qiymətləndirmələriz var. Lakin mən çox açıq şəkildə deyirəm ki, bizim fikrimiz Ukraynanın təbii qaz üçün tranzit bir ölkə olaraq qalmasından, Ukraynanın dünyanın hər bir ölkəsi kimi ərazi suverenliyi hüququ olduğundan ibarətdir və bu, belə qalır,” Merkel bildirib.

Baydenin bu yaxınlarda Şimal Axını-2-də iştirak edən Almaniya şirkətlərinə qarşı sanksiyaları aradan qaldırması Demokratlar və Konqresdəki Respublikaçılar tərəfindən qəzəblə qarşılanıb.

“Mən prezident olduğum vaxt bu, 90 faiz tamamlanmışdı və sanksiyaların tətbiq edilməsi mənasız görünürdü. Kanslerlə Rusiyanın Ukraynanı hər hansı bir şəkildə şantaj etməyə çalışıb-çalışmadığından asılı olaraq necə hərəkət edilməsini öyrənmək üçün işləmək daha məntiqli idi,” Bayden bildirib.

Çinə gəldikdə, Merkel və Bayden Pekin tərəfindən insan haqları pozuntularına qarşı çıxmağa söz verib, lakin iqtisadi əlaqələr məsələsində razılığa gəlməyiblər. Merkel dövründə Almaniyanın Çinlə ticarət əlaqələri dərinləşib.

Bu fikir ayırlıqlarına baxmayaraq, Merkelin keçmiş prezident Donald Tramp ilə gərgin münasibətlərindən sonra hazırda ikitərəfli münasibətlər daha hərarətli görünür.

Tramp 2017-ci ildə NATO-ya maliyyə ayrılması, çoxtərəflilik və ticarət kimi məsələlərlə bağlı fikir ayrılıqlarına görə Merkelin əlini sıxmaqdan imtina etmişdi.

“ABŞ və Almaniya arasında yeni bir uyğunlaşma var. Bu gələcək üçün vacib olacaq, çünki Britaniya Avropa İttifaqından çıxdıqdan sonra Almaniya indi Avropanın mərkəzi gücüdür. Avropanın mərkəzi gücü ilə işləmək ABŞ-ın maraqları üçün əhəmiyyətli olacaq,” Vilson Mərkəzinin təhlilçisi Dan Hamilton bildirib.

Merkelin səfəri ərəfəsində Nyu-Yorkda Pfizer şirkətinin qərargahı qarşısında etirazçılar koronavirus peyvəndləri ilə bağlı intellektual mülkiyyət hüquqlarının aradan qaldırılmasını tələb ediblər. Bayden bu fikri dəstəkləyir, lakin Merkel bunun elmi tədqiqatlara zərər verə biləcəyini bildirir.

XS
SM
MD
LG