ABŞ-ın vitse-prezidenti Co Bayden Rusiya məhkəməsinin ukraynalı pilot və Radanın deputatı Nadya Savçenko haqda çıxardığı qərarı qınayıb. Ağ Ev məhkəmənin qərarını ədalətsiz adlandırıb.
Bayden qeyd edib ki, Minsk razılaşmalarına əsasən Rusiya Savçenkonu azad etməlidir.
Ağ Evin verdiyi açıqlamaya görə, ABŞ-ın vitse-prezidenti Savçenko ilə bağlı məsələni Ukrayna prezidenti Petro Poroşenko ilə telefon söhbəti zamanı müzakirə edib.
Rusiya məhkəməsi çərşənbə axşamı günü Savçenkonu mübahisəli qətl hadisəsi ilə əlaqədar 22 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə prosesi Qərb ölkələrinin kəskin tənqidlərinə səbəb olub.
34 yaşlı leytenant Savçenko məhkəmə tərəfindən Rusiyanın iki jurnalistinin ölümü ilə nəticələnən artilleriya atəşinin koordinasiya edilməsində günahkar tanınıb.
Savçenko 2014-cü ilin iyun ayında Ukraynanın Luqansk şəhərində saxlanılıb. O, günahsız olduğunu və Rusiya tərəfdarı separatçıların onu Ukrayna ərazisində oğurlayıb, sərhəddən keçirərək Rusiyaya təhvil verdiyini bildirib.
Məhkəmənin hökmu açıqlamasından bir qədər sonra Ukrayna prezidenti Petro Poroşenko qərarı qəbul etmədiyini deyib.
Poroşenko Savçenkonun Ukraynaya qaytarılmasını tələb etməyə davam edəcəyini bildirərək, onun Ukrayna ərazisində saxlanmış iki Rusiya hərbçisi ilə dəyişdirilməsini təklif edib.
Bayden Poroşenko ilə telefon söhbəti zamanı həmçinin Ukraynanın islahatlar prosesinə sadiq qalacaq sabit hökumət və parlament koalisiyası yaratmasının vacibliyini vurğulayıb.
Ağ Evin bildirdiyinə görə, “liderlər Ukraynannın şərqində separatçıların nəzarətində olan ərazilərdə yaşayan insanların iztirablarına son qoymaq üçün Misnk razılaşmasının bütün aspektlərinin tam reallaşdırılması və Ukraynanın suverenlyi və ərazi bütövlüyünün bərpasının vacibliyi məsələsində razılığa gəlib.”