Accessibility links

Bayden meşə yanğınları ilə əlaqədar qubernatorlarla virtual görüş keçirib


ABŞ Prezidenti Co Bayden cümə günü federal hökumətin davam edən meşə yanğınlarına qarşı necə kömək edə biləcəyini müzakirə etmək üçün ABŞ-ın 7 qərb ştatının qubernatorları ilə virtual görüş keçirib.

Bayden vitse-prezident Kamala Harris ilə birlikdə Kaliforniya, Aydaho, Minnesota, Montana, Oreqon, Vaşinqton və Vayominq ştatlarının qubernatorları ilə video-konfrans vasitəsilə danışıb.

Görüş Baydenin düz bir ay əvvəl təşkil etdiyi bənzər bir görüşdən sonra baş tutub və prezident qeyd edib ki, o vaxtdan bəri ABŞ-ın qərbində yanan böyük, mühafizəsiz meşə yanğınlarının sayı iki dəfə artaraq 66-ya çatıb. Bu yanğınlar 3.4 milyon hektardan çox ərazini məhv edib.

Yalnız Oreqonda Bayden "Bootleq yanğını"nın 160-dan çox ev də daxil olmaqla, 400-dən çox tikilini məhv etdiyini qeyd edib.

Prezident qubernatorlardan federal hökumətin yanğınlarla mübarizə və yanğının qarşısının alınması da daxil olmaqla, problemi həll etmək üçün dərhal nə edilə biləcəyini soruşub.

Montana ştatının Respublikaçı qubernatoru Qreq Qanfort ştatında bu günə qədər 220 min hektar ərazini yandıran 1600 yanğının olduğunu bildirib. Qubernator işçi qüvvəsi və avadanlıqlar kimi açıq qaynaqlar ilə yanaşı, ABŞ Meşə Xidməti və Torpaq İdarəetmə Bürosu kimi federal qurumlar arasında yanğınların başladığı anda mübarizə aparmaq üçün daha yaxşı əməkdaşlıq etməsini istəyib.

Kaliforniyalı Qavin Nyusom federal agentliklərin bəzən yanğınların nəzarətdən çıxmasına səbəb olan "gözlə və bax" münasibəti göstərdiyini bildirərək, xüsusilə meşələrin 57%-nin federal idarəçilikdə olduğu Kaliforniyada bu yanaşmanın dəyişdirilməsini istəyib.

Nyusom Vaşinqton ştatının qubernatoru Cey İnsli ilə birlikdə Baydeni iqlim dəyişikliyinə qarşı daha aqressiv addımlar atmağa çağırıb. Prezident isə iqlim dəyişikliyinin yanğın şəraitini yaratmağa kömək etdiyini və bu faktorun gözardı edilməyəcəyini vurğulayıb.

Bölgənin bir çox hissəsində son aylar rekord istilik və quraqlıq müşahidə olunur.

XS
SM
MD
LG