ABŞ Prezidenti Co Bayden Tehranın uran zənginləşdirilməsini İranın nüvə silahları inkişaf etdirməsinin qarşısını almaq məqsədi ilə 2015-ci ildə imzalanan beynəlxalq müqavilədə qəbul edildiyi səviyyəyə endirmədiyinə qədər İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaları ləğv etməyəcəyini bildirib.
Bayden bildirib ki, o, Birləşmiş Ştatların İranla keçmiş prezident Donald Trampın ABŞ-ı çıxardığı nüvə razılaşmasına yenidən qoşulmasını istəyir.
Lakin bazar günü CBS News proqramında yayımlanan müsahibədə Bayden İranı yenidən danışıqlara qaytarmaq üçün ABŞ-ın ilk olaraq sanksiyaları ləğv edib-etməyəcəyi haqda suala "xeyr" cavabını verib.
O, CBS-in aparıcısı Norah O'Donnell ilə razılışaraq, Tehranın əvvəlcə uranın razılaşmada icazə verildiyi səviyyədən daha yüksək səviyyədə zənginləşdirilməsini dayandırmalı olduğunu deyib.
Razılaşmada İranın uranı 3.67 faiz konsentrasiya səviyyəsinə qədər zənginləşdirməsinə imkan verilirdi. Lakin Tehran 2019-cu ilin ortalarından uran zənginləşdirilməsini 4,5 faizə, daha sonra keçən ay 20 faizə qədər artırıb. Bu, razılaşmanın imzalanmasından əvvəl əldə edilən səviyyədir.
Ekspertlər Tehranın istehsala davam etmək qərarına gəldiyi təqdirdə ən azı iki nüvə silahı üçün az səviyyədə zənginləşdirilmiş kifayət qədər uran ehtiyatına malik olduğunu bildirir. Lakin İran rəsmiləri uzun müddətdir nüvə proqramının dinc məqsəd daşıdığını iddia edirlər. Bu iddialar Qərb hökumətləri tərəfindən şübhə ilə qarşılanıb.
İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyi dövlət televiziyası ilə bazar günü bildirib ki, Vaşinqton İranın öz öhdəliklərinə qayıtmasını istəyirsə, ABŞ bütün sanksiyaları aradan qaldırmalıdır.
Bu, Xameneyinin yanvarın 20-də Baydenin inaqurasiya mərasimindən sonra televiziyada göstərilən ilk çıxışı idi.
Lakin İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Xameneyinin bu açıqlamalarından sonra CNN tele kanalına verdiyi müsahibədə nüvə razılaşmasını bərpa etmədən əvvəl İranın Vaşinqton tərəfindən tətbiq edilən sanksiyalar qarşılığında ABŞ-dan təzminat alması üçün heç bir şərt olmadığını deyib.