Accessibility links

Bəxtiyar Hacıyev: "Çalışacaqlar ki, Hillari Klintonla yenidən görüş təşkil edilsin"


AMERİKANA: Vaşinqton-Güzdək-Vaşinqton
please wait

No media source currently available

0:00 0:07:42 0:00

Vaşinqtonda səfərdə olan Bəxtiyar Hacıyev Amerikanın Səsinin qonağı olub

Amerikana proqramının qonağı Vaşinqtonda səfərdə olan gənc fəal Bəxtiyar Hacıyevdir. Bəxtiyar Hacıyev 2007-2009-cu illərdə Harvard Universitetinin İctimai Siyasət ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra Parlament Seçkilərində iştirak üçün Azərbaycana gedən Bəxtiyar 2 il müddətinə azadlıq məhrum edilib. 1 il 3 ay həbsxanada qalan gənc fəal məhkəmə qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb. Vaşinqton onun üçün yad şəhər deyil. Bəxtiyar Hacıyev universiteti bitirdikdən sonra bir il burada yaşayıb.

Emil Quliyev: Vaşinqton sizin üçün nə deməkdir? Hansı xatirələriniz var burada?

Bəxtiyar Hacıyev: Vaşinqtondan təxminən 3 il əvvəl çıxıb, birbaşa Parlament Seçkilərində iştiraka hazırlıq üçün Azərbaycana getmişdim. İndi – 3 il sonra Vaşinqtona qayıdanda məndə elə bir təəssürat, elə bir hisslər var ki, sanki dünən Vaşinqtondan çıxmışam və son 3 il ərzində Azərbaycanda yaşadıqlarımın heç biri yaşanmayıb. Xüsusi olaraq da 15 aylıq həbs həyatı mənə qorxulu yuxu kimi gəlir. Vaşinqtonda həddən artıq yaxşı xatirələrim var, bir müddət burada işləmişəm, çoxlu dostlarımız olub. 3 il sonra, onların bir çoxu ilə, xüsusilə də tələbə yoldaşlarımla görüşəndə həmin o günləri xatırlayırıq.

Emil Quliyev: Son 3 il ərzində Harvard Universitetinin dərs otaqlarından Qızıldaş həbsxanasının kameralarınadək keşməkeşli bir yol keçmisiniz? Bu yolu necə ifadə edərdiniz? Amerikada uzun müddət yaşadıqdan sonra Azərbaycana qayıtmaq çətinliklər yaratmadı?

Bəxtiyar Hacıyev: Son 6 ilin 3 ilini Amerikada, 3 ilini Azərbaycanda yaşamışam. Artıq yəqin ki, bərabər olaraq müqayisə edə bilərəm. İki il Amerikada təhsil alandan sonra 2009-cu ilin yayında Bakıya qayıdandan sonra bir çox azərbaycanlı tələbələrin yaşadığı mədəni şoku yaşamışdım. Çünki özümü oradakı fərqli mühitə hazırlamamışdım. Amma 2010-cu ildə Azərbaycana qayıdanda mən Parlament Seçkilərinə getdiyimi çox yaxşı başa düşürdüm və bilirdim ki, orada məni çətinliklər də gözləyir. Özümü bir çox çətinliklərə hazırladığıma görə o qədər də şok yaşamadım. 3 il Azərbaycanda həbsxanada yaşayandan sonra yenidən Amerikaya qayıdanda bu sual ətrafında fikirləşdim:
Necə olur ki, dünyanın bir tərəfində insanlar xoşbəxt yaşayırlar, amma təyyarəyə oturub 8-9 saat uçursunuz dünyanın başqa bir nöqtəsinə, insanlar orada əziyyət çəkirlər, həyatlarını çox çətinliklə yaşayırlar. Dünyanın bir tərəfində insanlar polis görəndə güvən hiss edir, amma dünyanın başqa bir tərəfinə gedirsən, polis görəndə insan düşünür ki, o, məni polis şöbəsinə aparıb həbs edə bilər.
Bəxtiyar Hacıyev
Necə olur ki, dünyanın bir tərəfində insanlar xoşbəxt yaşayırlar, əylənirlər, işləyirlər, gülümsəyirlər, səmimi qəlbdən sevinirlər, amma təyyarəyə oturursunuz, 8-9 saat uçursunuz dünyanın başqa bir nöqtəsinə, insanlar orada əziyyət çəkirlər, həyatlarını çox çətinliklə yaşayırlar? Dünyanın bir tərəfində insanlar polis görəndə güvən hiss edir, amma dünyanın başqa bir tərəfinə gedirsən, polis görəndə insan düşünür ki, o, məni polis şöbəsinə aparıb həbs edə bilər. Polisi bir təhlükə kimi görürsən.Yəni bu tipli müqayisələr gedir. Amma mən inanıram ki, dünyanın bütün insanları bərabər yaranır, bütün insanların xoşbəxt, azad yaşamaq hüquqları var. Hansı ölkədə doğulmağından və yaşamağından asılı olmayaraq bu hüquq hər bir insana verilməlidir. Düşünürəm ki, Azərbaycan vətəndanları da azad, ədalətli və bərabər hüquqların verildiyi ölkədə yaşamağa layiqdirlər.

Emil Quliyev: 3 il əvvəl məlum idi ki, siz Amerikaya Harvard Universitetin də təhsil almaq üçün gəlirsiniz. Bəs 3 ildən sonra buraya səfərinizin məqsədi nədir?

Bəxtiyar Hacıyev: İndi də bəzi universitetlərdə görüşlərimiz planlaşdırılmışdı. Bir çox azərbaycanlı gəncin xaricdə təhsil almasına kömək etmək məqsədi ilə işləyirik. Ancaq mən Vaşinqtona gələndən sonra həbsdə olduğum müddətdə məni müdafiə etmiş bir çox insan və qurum bundan xəbər tutub, özləri görüş üçün müraciət etdi. Vaşinqtona səfər müddətində görüşlərin bir hissəsi universitetlərlə görüşə, digər bir hissəsi isə həbsdə olduğum müddətdə mənə dəstək vermiş qurumlar və insanlarla görüşə həsr olunub.

Emil Quliyev: Məlumdur ki, həbsdən azad olunmağınız o zamanki dövlət katibi Hillari Klintonun Bakıya səfərindən bir gün öncə baş vermişdi. Siz bu səfəriniz çərçivəsində xanım Klintonla təmas qurmusunuz? Onunla görüş keçirməyi planlaşdırırsınızmı?

Bu gün Kaliforniya senatoru Barbara Bokserin ofisində onunla görüşəndə, bir nəfər həmin məsələni qaldırdı. Dedilər maksimum dərəcədə çalışacaqlar ki, Hillari Klintonla yenidən görüş olsun.
Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev: İlk növbədə demək istərdim ki, həbsdə olduğum müddətdə mənə dəstək vermiş Vaşinqtonda işləyən tələbə yoldaşlarımla, bir çox senator və onların ofislərində çalışan məsləhətçilər, dövlət qurumlarında çalışan bir çox insanla görüşmüşəm. Bu gün Kaliforniya senatoru Barbara Bokserin ofisində onunla görüşəndə, bir nəfər həmin məsələni qaldırdı. Dedilər maksimum dərəcədə çalışacaqlar ki, Hillari Klintonla yenidən görüş olsun. Sadəcə olaraq bu dəfəki səfərim çox qısa müddətə nəzərdə tutulduğuna görə və bunu əvvəlcədən planlaşdırmadığımıza görə hələ ki əmin deyiləm. Amma istənilən halda gələcəkdə mən belə görüşün yenidən baş tuta biləcəyini düşünürəm. Ən azından belə insanlara yenidən təşəkkür etmək borcu hiss edirəm.

Emil Quliyev: Nə zamansa Amerikaya daimi yaşamağa və ya burada çalışmağa gəlməyi planlaşdırırsınızmı?

Bəxtiyar Hacıyev: Belə bir imkan hər zaman var. Amma mən özümdə mənəvi bir missiya hiss edirəm ki, necə Amerika dövləti vətəndaşlarının xoşbəxtliyi, təhlükəsizliyi üçün çalışır, eləcə də Azərbaycanda insanlar Amerikadakı insanların həyat səviyyəsində yaşamalıdırlar. Əgər belə bir şey olsa, mən də böyük məmnuniyyətlə istər Amerikada, istərsə də dünyanın başqa bir ölkəsində yaşayaram. Hələ ki belə bir fikrim yoxdur. Qısa müddət sonra Azərbaycana qayıtmağı planlaşdırıram.
Təbii ki, Amerikada da bir çox işləri görmək olar. Amma mən fikirləşirəm ki, Azərbaycanda insanların arasında olmaq və insanlarla işləmək lazımdır. Xüsusilə də çox geniş maarifləndirmə işlərinə ehtiyac var ki, insanlar bunun nəyə görə onlara lazım olduğunu başa düşsünlər. Çünki bir çox insanın Azərbaycandan kənara gedib başqa ölkələrdə insanların necə yaşadığını görməyə imkanı olmur. Əminəm ki, bunu görəndən sonra onlar da həmin cəmiyyətin qurulmasında aktiv iştirak edərlər.

Emil Quliyev: Şəxsi səfər olsa da, Dövlət Departamentində və Konqresdə görüşlər keçirdiyinizi bildirdiniz. Konkret hansı görüşləriniz olub?

Bəxtiyar Hacıyev: Mən görüşlərin detallarına getmək istəmirəm. Amma hamı əmin ola bilər ki, istənilən halda müzakirə olunan məsələlər və keçirilən görüşlər sırf Azərbaycanın maraqları naminə olub. Burada Dağlıq Qarabağ məsələsindən tutmuş demokratik islahatlara qədər bir çox məsələlər yer alıb. Amma təbii ki, detallara getmək doğru olmazdı.
XS
SM
MD
LG