Son günlər ABŞ-ın siyasi həyatında baş verən ən mühüm hadisələrdən biri Hillari Klintonun 2016-cı ildə prezident seçkilərinə qatilacağını elan etməsi oldu. Rəy sorğulari göstərir ki, ABŞ-ın keçmiş birinci xanımı, senatoru və dövləti katibi olmuş Hillari Klinton Demokrat partiyasının əsas favoritidir. 2008-ci il prezident seçkilərində Hillari Klintonun kampaniyasında könüllü kimi çalışmış ictimai fəal Bəxtiyar Hacıyev Amerikanın Səsinə müsahibədə xanım Klintonla görüşlərdən təəssüratları ilə bölüşüb və Azərbaycanda demokratiyanın durumu və siyasi məhbuslar problemindən danışıb.
Bəxtiyar Hacıyev Hillari Klintonun 2008-ci il prezident kampaniyasına könüllü kimi qatılmasının səbəblərindən danışaraq bildirib ki, bu, onun o zaman ABŞ-ın birinci xanımı olan Hillari Klintonun irəli sürdüyü təşəbbüsləri təqdir etməsi və Amerikada seçki kampaniyasının gedişi ilə yaxından tanış olmaq istəyi ilə bağlı olub: “Harvard universitetinin tələbələri ilə müxtəlif ştatlarda olduq, qapı-qapı gəzib seçicilərlə görüşlər keçirdik, kampaniyanın mesajlarının necə formalaşdırılması, hansı qruplarla necə işləmək lazımdır, ianələrin necə toplanması ilə bağlı həmin kampaniya mənə praktiki bilgilər verdi.”
2008-ci ildə siyasi kampaniya zamanı Hillari Klintonla ümumi görüşlərdə iştirak etsə də, Bəxtiyar Hacıyevin xanım Klintonla şəxsi görüşü 2012-ci ildə onun həbsdən azad edilməsindən sonra Bakıda baş verib. “Xanım Klinton Azərbaycan rəsmilərilə hər görüşündə mənim azad olmağımla bağlı məsələ qaldırırdı. Onun Bakıya səfəri zamanı b görüşü həm gözləyirdim, həm də gözləmirdim. Gözləyirdim ona görə ki, düşünürdüm ki, əgər hər dəfə bu məsələni qaldırıbsa, vətəndaş cəmiyyəti nümayəndələrilə görüşdə mən də olaram. Amma eyni zamanda, mətbuatdan bilirdim ki, səfər bir neçə saat çəkəcək və düşünmürdüm ki, bir neçə saatlıq səfər çərçivəsində o mənimlə təkbətək görüşmək istəyər. Amma səfərin son saatında mənə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat gəldi ki, mən səfirliyə dəvət olunuram və xanım Klintonun mənimlə görüşmək istədiyimi dedilər.”
Bəxtiyar Hacıyev görüşdə onun həbs müddəti, ABŞ administrasiyasının Azərbaycanda gedən siyasi proseslərə yanaşması kimi məsələlərdən danışdıqlarını bildirib.
Bəxtiyar Hacıyev ABŞ-ın hazırda Azərbaycanda insan hüquqları məsələsinə kifayət qədər diqqət göstərmədiyini hesab etdiyini deyib. “2008-2009-cu ildə Azərbaycanda insan hüquqlarınının vəziyyətini Dövlət Departamentində müzakirə edəndə bəzi insanlar deyirdilər ki, Azərbaycan hakimiyyətinə təzyiq etmək əks nəticə verə bilər və alternativ yollar tapmaq lazımdır. Mən fikirləşirəm ki, indiki səssizliyin arxasında bəlkə də bu yanaşma var. Onlar düşünürlər ki, Azərbaycan hakimiyyətinə artıq təzyiqlər vəziyyəti daha da pisləşdirə bilər və Azərbaycan hakimiyyətini Qərbdən daha da uzaqlaşdıra bilər. Amma eyni zamanda, ona da inanıram ki, bağlı qapılar arxasında olsa da hər dəfə bu məsələ qaldırılır. Çünki insan hüquqları məsələsi Qərbin dəyər kimi təqdim etdiyi və sahib çıxmalı olduğu bir anlayışdır.”
Bəxtiyar Hacıyev bildirib ki, siyasi məhbusların azad edilməsi Qərbdən və Azərbaycandakı vətəndaş cəmiyyətindən daha çox Azərbaycan hakimiyyətinin özünə lazımdır. O, Azərbaycanda siyasi məhbuslar məsələsinin ən tez zamanda həll olmalı olduğunu qeyd edib. “Mən hər dəfə imkan düşdükcə bu məsələni qaldırmaq istəyirəm ki, yaxşı olardı ki, Avropa oyunlarına qədər, hətta yaxın bir ay ərzində siyasi məhbuslar məsələsi həll olsun. Çünki əks halda dediyim kimi, Avropa oyunları ərəfəsində müxtəlif ölkələrdə Azərbaycandakı insan hüquqlarının vəziyyəti ilə bağlı kampaniyalar başlayacaq və bu da birinci növbədə hakimiyyətin özünə zərbə vurur.”
“Birlik üçün oxu” layihəsini təsis edən Bəxtiyar Hacıyev Azərbaycanda gənclər üçün yeni layihənin üzərində işlədiyini deyib: “Xaricdə təhsil almış tələbələrin potensialından istifadə edərək bir beyin mərkəzinin qurulması layihəsi üzərində işləyirəm və artıq bu istiqamətdə son bir neçə ayda işlərə başlamışıq və ümid edirəm ki, yaxın bir neçə ay ərzində konkret işlər görməyə başlayacayıq və cəmiyyətə təqdim edəcəyik.”
Bəxtiyar Hacıyev bu gün Hillari Klintonla görüşmək imkanı olsa, post-sovet məkanında dondurulmuş münaqişələrin həlli məsələsini müzakirə etmək istədiyini deyib. “İlk növbədə, bu münaqişələrin həllində Amerikanın daha aktiv rol oynaması həm regionda təhlükəsizlik baxımından, həm də insanlarda Amerikaya münasibətin dəyişməsi baxımından olduqca mühümdür”-deyə Bəxtiyar Hacıyev bildirib.