Accessibility links

Barış Ornarlı: Seçkilər Ərdoğanın siyasi prioritetləri baxımından həlledici ola bilər


Barış Ornarlı ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:36 0:00
Türkiyədə martın 30-u yerli bələdiyyələrə seçkilər 11 ildir ölkəni idarə edən baş nazir Rəcəp Tayyib Ərdoğan hökuməti üçün test kimi qiymətləndirilir. Seçkinin siyasi və iqtisadi nəticələri Türkiyə üçün nə demək olacaq?

Türkiyə sənaye və iş adamları assosiasiyası TÜSİAD-ın Vaşinqton təmsilçiliyinin direktoru Barış Ornarlı Türkiyə seçkiləri və ölkədə siyasi-iqtisadi durumu Amerikanın Səsinə müsahibədə şərh edib.

Barış Ornarlı ölkədə ciddi bir seçki atmosferinin olduğunu deyib. “İnsanlarla danışanda siyasi vəziyyətlə əlaqədar gərginliyin artdığını hiss edirsiniz. ” O, yerli bələdiyyələrə seçkilərini həm iqtidar, həm də müxalifət partiyalarının nümayəndələrinin xalq öz fikirləri və planlarını çatdırmaq üçün mühüm imkan kimi dəyərləndirib.

Barış Ornarlı iqtidarda olan Ədalət və İnkişaf partiyasının xalq arasında hələ populyar olaraq qaldığını deyib, lakin əlavə edib ki, iqtidar və müxalifət partiyaları arasında səslərin nisbətinə diqqət yetirilməlidir. TÜSİAD-ın Vaşinqton təmsilçisi İstanbul və Ankara kimi şəhərlərdə seçkinin nəticələrinin siyasi vəziyyətə öz təsirini göstərəcəyini bildirib.

Barış Ornarlı ölkədə siyasi ab-havanın gərgin olduğu bir şəraitdə iş adamlarının Türkiyə iqtisadiyyatının durumu ilə bağlı narahatlıqlarını qeyd edib.

Ərəb baharının başladığı zaman Türkiyənin bir model kimi qəbul edildiyi dövrdən fərqli olaraq, hazırda daxili siyasi vəziyyətin gərgin olduğu və insan azadlıqlarının məhdudlaşdırıldığı ölkənin nümunə ola biləcəyi ilə bağlı suallar verilir. Barış Ornarlının fikrincə, Türkiyənin model olub-olmaması sualında əsas məsələ ölkənin demokratik dəyərlər və insan hüquqları prisiplərinə sadiq qalıb-qalmaması ilə əlaqədardır. “Mən hesab edirəm ki, ərəb dünyasında insanlar Türkiyənin o dəyərlərinə model olaraq baxır. Türkiyədə azadlıqların pozulması ilə bağlı hadisələr ölkənin xaricdə imicinə mənfi təsir edib.” Barış Ornalı bunun həm Türkiyənin müttəfiqləri olduğu Qərb ölkələrində, həm də Türkiyənin nüfuzunu artırmaq istədiyi bölgələrdə baş verdiyini qeyd edib.

Yerli bələdiyyə seçkiləri ölkənin gələcək inkişafına hansı təsirini göstərəcək? Bu seçkilərdən sonra Türkiyədə hansı dəyişikliklərin olacağını gözləmək olar? Barış Ornarlının fikrincə, seçkilər Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın siyasi prioritetlərinin müəyyənləşməsi baxımından həlledici əhəmiyyətə malikdir. O, seçkilərin nəticələrinin sonrakı mərhələdə siyasi qərarların verilməsində böyük əhəmiyyət kəsb edəcəyini deyib.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG