Kuba prezidenti Raul Kastro ABŞ prezidenti Barak Obamanın Amerika Sammiti üçün getdiyi Panamada görüşdüyü yeganə Latın Amerikası lideri olmayıb.
Cənab Obama Venesuela prezidenti Nikola Maduro ilə görüşüb. Cənab Maduro insan haqları pozuntularına görə 7 Venesuela rəsmisinə tətbiq edilən sanksiyaları ləğv etmək istəyir.
Nikola Maduro tez-tez ABŞ-ı ölkəsinin daxili işlərinə qarışmaqda və onun hökumətini devirməyə cəhddə ittiham edir.
Venesuela prezidenti cənab Obama ilə görüşünü səmimi və ciddi adlandırıb. O görüşdən sonra bildirib ki, indi hörmətə əsaslanan keçmiş əlaqələri bərpa etmək yollarını axtarmaq üçün mümkün şərait var və bu çox mühümdür.
Cənab Maduronun Latın Amerikasındakı bəzi həmkarları da sanksiyaların tənqidçisi olub. Sammitdə prezident Obama ilə görüşən Braziliya prezidenti Dilma Russef deyib ki, təktərəfli ölçülər və təcrid siyasəti həmişə əks-məhsuldar və qeyri-effektiv olub. Prezident Russeflə Barak Obamanın iyun ayında Vaşinqton da görüşü də planlaşdırılır. Onun sözlərinə görə, Cənubi Amerikanın regional bloku olan UNASUR Venesuelaya qarşı siyasi təzyiqlərin azaldılmasının tərəfdarıdır.
Cənab Obama bundan başqa Kolumbiya prezidenti Huan Manuel Santosla görüşüb. Cənab Santos deyib ki, hazırda iki ölkə arsında münasibətlər ən yaxşı səviyyəsindədir.
Meksika prezidenti Enrike Pena Nieto da digər həmkarları kimi ABŞ prezidentinin Kuba ilə münasibətləri yaxşılaşdırmağa çalışmasını alqışlayıb.