Accessibility links

Myanmaya qayıtmalı olan Rohinca müsəlmanlarının heç biri yola düşəcəkləri məntəqəyə getməyib


Banqladeşdən Myanmaya qayıtmalı olan Rohinca müsəlmanlarının heç biri yola düşəcəkləri məntəqəyə getməyib.

Onlar iki ölkə arasında əldə edilən repatriasiya razılığına əsasən vətənlərinə qayıtmalı idi.

Razılığın şərtlərinə görə qaçqınlar repatriasiyaya məcbur edilə bilməz

Repatriasiyanın ilk günü 150-yə yaxın rohincalı Koks Bazar düşərgəsindən yola düşməli idi. Bu bölgəyə 2017-ci ilin avqust ayından bəri 700 min qaçqın sığınıb.

Bəzi qaçqınların geri qaytarılmamaları üçün gizləndiyinə inanılır.

Bu arada uşaqlar da daxil edilməklə, təxminən minə yaxın qaçqın repatriasiya səylərinə etiraz olaraq nümayiş keçirib.

Banqladeşin qaçqınlar üzrə komissioneri Əbul Kəlam müxbirlərə bildirib ki, razılığın şərtlərinə görə qaçqınlar repatriasiyaya məcbur edilə bilməz.

İnsan haqları qrupları Myanma və Banqladeşi rohincalıları geri qaytarmaq planından ələ çəkməyə çağırıb.

BMT onların Myanma ordusu tərəfindən qətl və düşmənçilik obyekti olduğunu bildirir.

Rohinca müsəlmanları ölkəni Myanma ordusunun onların yaşadığı kəndlərə qarşı əvvəlcədən planlaşdırılmış hücumlardan sonra tərk etməyə məcbur olub.

Myanma isə 2017-ci ilin avqust ayında Rakxin əyalətindəki əməliyyatların Rohuncanın silahlı “Arakan Rohinca Qurtuluş Qrupu”na qarşı qanuni olaraq həyata keçirildiyini deyir.

XS
SM
MD
LG