"Bank Standard"ın 82 əmanətçisi bankın müflisləşməsində təqsirli şəxslərə qarşı kollektiv iddia irəli sürüb. Bu barədə bankın Kreditorlar Komitəsinin rəhbəri Əkrəm Həsənov Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, ümumilikdə Bakı İnzibati-İqtisad Məhkəməsi və Nəsimi rayon Məhkəməsinə altı kollektiv şikayət təqdim edilib.
Məhkəməyə verilənlər sırasında Maliyyə Bazarlarına Nəzarət Palatası, KPMG (Beynəlxalq Audit Şirkəti), Mərkəzi Bankın sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının direktorlar şurasının sədri Rüfət Aslanlı və digərləri var.
Məhkəmə iddiasında təqsirkarlardan vurulan zərərin əvəzi kimi 47,5 mln dollardan çox məbləğin ödənilməsi tələb olunur.
Ə.Həsənov xatırladıb ki, bu, təxminən 81 mln manat təşkil edir. Ümumiyyətlə, əmanətçilərin bankda 157 mln manatı qalıb.
"Yaxın gələcəkdə digər kreditorlar da bu iddiaya qoşulacaq", o bildirib.
Ə.Həsənovun sözlərinə görə, iddiada əsas sübut kimi Ali Məhkəmə tərəfindən təsdiq olunmuş Ləğv Planına istinad olunur.
"Belə ki, Ləğv Planında "Bank Standard"da uzun illər boyu baş vermiş kobud qanun pozuntuları ətraflı təsbit edilib. Yekunda da qeyd olunub ki, 1,2 mlrd manat borcu olan bankın cəmi 196 mln manatlıq əmlakı var (yəni zərər 1 mlrd manatdan çoxdur), buna görə də əmanətçilərə 1 qəpik də qaytarılmayacaq", o yazıb.
Hər bir cavabdehin təqsiri ilə bağlı Ə.Həsənov qeyd edib ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov və baş direktoru Rəşad Orucov "Bank Standard"dakı qanun pozuntularına ən azı göz yumub, bankı yeri gəldi-gəlmədi kreditləşdiriblər.
Bankın auditoru olmuş "KPMG" bankın auditini qeyri-obyektiv həyata keçirib və onun maliyyə vəziyyəti barədə ictimaiyyətdə yanlış təəssürat yaradıb. Məsələn, 2012-2013-cü illər üzrə təxmini 15 mln manat zərərin olduğunu vurğulayıb. Halbuki artıq o zaman zərər xeyli çox olub.
Bankın İdarə Heyətinin keçmiş sədrləri Səlim Kriman və Abbas Nəsibovun qanunsuz əməlləri Ləğv Planında birbaşa qeyd olunub. Krimanı hüquq-mühafizə orqanları da axtarır. Nəsibov isə son illərdə bankda auditin həyata keçirilməsinə imkan verməyib. Devalvasiya ilə əlaqədar banka dəymiş 197 mln manat zərərə görə də Nəsibovun təqsiri araşdırılmalıdır.
İddiaçılar Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı və baş icraçı direktoru İbrahim Alışovu, habelə bankın sağlamlaşdırılması dövründə İdarə Heyətinin sədri olmuş Xalid Əhədovu bankın 2016-cı ilin may-sentyabr aylarında həyata keçirilmiş sağlamlaşdırma proseduruna görə ittiham edir.
Ə.Həsənov qeyd edir ki, Azərbaycan məhkəmələri iddiaları təmin etmədiyi təqdirdə əmanətçilər Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmək niyyətindədirlər.
Xatırladaq ki, bankın lisenziyası 2016-cı ilin oktyabrında ləğv olunub.