Accessibility links

“Dəmirbank”ın lisenziyası ləğv edilib


Dəmirbank bankı
Dəmirbank bankı

Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən "DəmirBank" Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın 23-dən ləğv edilib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında deyilir.

Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalın minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə və "Banklar haqqında" qanundan irəli gələn tələblərə əsasən qəbul edib.

"DəmirBank" ASC Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri fond tərəfindən ödəniləcək. Palatanın qərarına əsasən, banka müvəqqəti inzibatçı təyin edilib. "DəmirBank" ASC barəsində iflas proseduruna başlanması ilə əlaqədar palata məhkəməyə müraciət edib.

Xatırladaq ki, 2015-ci ildən başlayaraq, “Dəmirbank” da daxil olmaqla Azərbaycanda 11 bankın lisenziyası ləğv edilib.

İqtisadçı ekspert Rövşən Ağayev bankla bağlı şərhində yazıb ki, lisenziyası alınan "Dəmirbank" 2017-ci il 3-cü rübün yekunlarına əsasən aktivlərinin həcminə görə 31 bank arasında 15-ci, kredit portfelinə görə 12-ci, depozit portfelinə görə 20-ci yerdə qərarlaşıb.

“9 ayın yekunlarına görə, bankın fəalliyyətində 20 milyon manatdan artıq zərər yaranıb, balans kapitalı minimum normativdən təxminən 2 dəfə az olub. Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün 53 milyon manata yaxın ehtiyat yaradılıb ki, bu bankın hazırkı aktivlərinin 10%-dən bir az çoxdur.
Bu bankın fəaliyyətinə göz atanda maraqlı faktlar diqqət çəkdim. Təqdim etdiyi məlumatlardan aydın olur ki, "Dəmirbank" ölkənin ən uzunömürlü banklarından biridir - yaranma tarixi 6 oktyabr 1989-cu il, lisenziya alma tarixi 23 noyabr 1992-ci il göstərilir. Rəqəmlərdən görsənir ki, devalvasiyaya qədər bank xeyli güclənibmiş. 2010-2015-ci illərdə bankın aktivlərinin həcmi 73% artaraq 589 milyona çatsa da, son 2 ildə 30%-ə yaxın azalmaqla 429 milyon manata enib”.

Ekspert yazır ki, böyük neft pulları dövründə - bankın aktivlərinin qısa müddətdə az qala 2 dəfə genişləndiyi dövrdə bank əsasən istehlak kreditləşməsinə üstünlük verib.

“2015-ci ilin yekunlarına görə bankın 428 milyon manatlıq kredit portfelinin 63.3%-ni (270 milyon manat) istehlak kreditləri təşkil edib.
Azərbaycan bankları ölkədə rəqabətli bank sektorunun, bank sektorunu ayaqda saxlayan rəqabətli və inkişafda olan real sektorun, bir də risk menecmentinin yoxluğunun qurbanlarıdırlar. Ayaqda olan, inkişaf görüntüsü yaradan 1-2 bank isə məhz dövlət resurslarının, bu bankların arxasında duran iqtisadi qrupların iqtisadiyyatda resurlar üzərində sahib olduqları hökmran gücün sayəsində ayaqdadırlar”.

XS
SM
MD
LG